Alzheimer diaqnozu üçün yeni qan testi hazırlanıb

Tədqiqatçılar Alzheimer xəstəliyini daha erkən və dəqiq müəyyən etməyə imkan verəcək qan testi hazırlayıblar. Yeni test xəstəliyin mərhələsini təyin etməyə və müalicə üçün ən uyğun dərmanları seçməyə kömək edə bilər.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Nature Medicine jurnalında dərc edilən araşdırmaya görə, eMTBR-tau243 adlı tau zülal fraqmentləri qanda aşkarlanaraq Alzheimer xəstələrində beyində tau dolaşıqlarının yığılması ilə əlaqələndirilir. 902 nəfərin iştirak etdiyi tədqiqat nəticəsində bu fraqmentin səviyyəsinin Alzheimer xəstələrində yüksəldiyi müəyyən edilib.
Edinburq Universitetinin neyrodejenerasiya professoru Tara Spiers-Cons yeni markerin mövcud testləri üstələdiyini və dərman sınaqlarında effektivliyin izlənməsi üçün faydalı ola biləcəyini vurğulayıb. Lakin o qeyd edib ki, test hələ geniş istifadəyə yararlı deyil, çünki mürəkkəb laboratoriya şəraitində aparılmalıdır.
Bundan əlavə, ABŞ alimləri tərəfindən aparılan başqa bir araşdırmada Alzheimer xəstələrinin idrak pozğunluğu dərəcəsi ilə əlaqəli yeni zülal nisbəti müəyyən edilib. Tədqiqatçılar YWHAG:NPTX2 nisbətinin Alzheimerin erkən diaqnostikasında və xəstəliyin gedişatının proqnozlaşdırılmasında daha dəqiq göstərici ola biləcəyini bildiriblər.
12:56 01.04.2025
Oxunuş sayı: 727