Moskva Trampla danışıqlarda təşəbbüsü tam ələ alıb

Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında aparılan danışıqlarda Moskvanın təşəbbüsü tam ələ aldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə The Spectator nəşrinin siyasi şərhçisi, Rusiya üzrə ekspert Mark Qaleotti yazıb.
Onun sözlərinə görə, Putin Trampın münasibətlərini korlamadan ona faktiki olaraq “yox” deməyi bacarıb. Bununla yanaşı, hazırda atəşkəs məsələsinin daxili siyasət baxımından Trampa daha çox lazım olması Putinə əlavə rıçaqlar qazandırır. Kremlin əsas hədəflərindən biri isə Qərbin güzəşt limitlərini yoxlamaqdır.
Ekspert bildirir ki, Putinin danışıqlar komandasına daxil olan şəxslər Qərbi yaxşı tanıyan və onunla işləmək təcrübəsi olan fiqurlardır.
Bunlardan biri, Rusiya İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev əvvəllər Wall Street-də çalışıb, ABŞ-ın maliyyə elitası ilə yaxın əlaqələr qurub. O, McKinsey Group və Goldman Sachs kimi nüfuzlu maliyyə qurumlarında fəaliyyət göstərib, Harvard və Stanford universitetlərində təhsil alıb.
Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) müavini Sergey Ryabkov strateji silahlarla bağlı danışıqlarda Putinin nümayəndəsi kimi çıxış edir. O, əvvəllər ABŞ-la strateji silahlar üzrə dialoqlarda iştirak edib. Digər XİN müavini Mixail Qaluzin isə Ukrayna böhranı ilə bağlı proseslərdə əsas fiqurlardan biridir.
Putinin bu cür peşəkar komanda formalaşdırması danışıqlarda Moskvanın üstün mövqedə olmasını təmin edir. Qaleottinin fikrincə, Rusiya rəhbərliyi təkcə Ukrayna məsələsində deyil, İran, Şimali Koreya və Çin kimi qlobal mövzularda da Tramp administrasiyası ilə danışıqlarda təsir imkanlarını artırmağa çalışır.
Eyni zamanda, son danışıqlarda iştirak edən senator Qriqori Karasin də Moskvanın mövqeyinin güclənməsinə töhfə verən əsas şəxslərdən biri hesab olunur. O, 2000-2005-ci illərdə Rusiyanın Britaniyadakı səfiri, 2005-2015-ci illərdə isə Rusiya XİN müavini olub. Hazırda isə Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin əsas simalarındandır. Karasin ingilis, fransız və alman dillərində sərbəst danışaraq beynəlxalq diplomatiyada Rusiyanın maraqlarını qoruyur.
Qaleotti qeyd edir ki, Putin danışıqları KQB metodları ilə idarə edir və bu, Moskvaya üstünlük qazandırır. Danışıqlarda Moskvanın əsas məqsədi isə heç nə itirmədən Qərbin mümkün güzəştlərini müəyyənləşdirmək və prosesə nəzarət etməkdir.
21:27 28.03.2025
Oxunuş sayı: 1261