Novruzu xalq özü yaşadır - Mütəxəssis şərhi

Elimizə-obamıza Novruz gəlib… Gəlişi ilə sanki təbiət nəfəs alıb, yenidən həyat tapıb. Hər tərəfdə çiçəklər boy göstərir. Havada tərtəmiz bahar qoxusu dolanır. Bu bilirsinizmi nəyə bənzəyir? Sanki böyük bir rəssam öz fırçası ilə yer üzünü yenidən boyayır…
Ağaclar min bir rənglə bəzənmiş çiçəkləri ilə həyatın yenidən başladığını müjdələyir. O çiçəklərin ətrində isə sevinc gizlənib… Quşların cəh-cəhi təbiətin oyanışını bəyan edir, hər səsdə yazın sevinci hiss etdirir.
Novruz həyatın yenilənməsi, ümidlərin təzələnməsi, ürəklərdə barışın və sevginin çiçəklənməsi deməkdir.
Buludların arasından baş göstərən Günəş isə bir növ bu yenilənməni təsdiqləyir, “gəl yeni bir üfüqə doğru addımla" deyir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev ilk olaraq bildirib ki,
İlin təzələnməsini təsdiqləyən astronomik hadisənin - Günəşin zenitdə olması, yerin cənub və şimal yarımkürələrini eyni səviyyədə işıqlandırması, gecə-gündüz bərabərliyinin yaranması Novruzun təntənə dövrü sayılır:
“Təqvim Novruzdan (21-22 mart) başlanır. Günəşin gecə-gündüz bərabərliyindən ilin ən uzun gün vəziyyətinə qədər (22 iyuna) olan dövr yaz adlandırılır. Azərbaycanda mövsüm mərasimləri ilin fəsillərinə, ay və günlərinə verilən adla, məna, məzmunla bağlıdır.
Novruza iki səviyyədə baxmaq lazımdır: Elmi və məişət, yəni kütləvi bayram səviyyələrində. Bunlar bir-birindən ayrı, aralı deyil. Amma geniş kütlələri əhatə edən, rəngarəng adət və mərasim variantları üzə çıxan bu xalq bayramı elmi baxımdan tədqiq olunur.
Novruz bayramı haqqında ən qədim real və etnoqrafik məlumatlar bir sıra mənbələrdə əksini tapır.
Çin mənbələrində yüz illər öncə Hunların 21 martda bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlirik. Uyğur türklərinin də hətta müasir adətlərlə eyniyyət təşkil edən yaz mərasimləri mövcud olub. Qobustan qayaüstü rəsmlərində isə daha qədim çağlara aid ilin dəyişməsi ritualının təsviri əks olunub. Türklərin “Ərgenekon” dastanında əski yurda dönüş yazın ilk günü ilə bağlanır və üç min əvvəl bünövrəsi qoyulmuş adət - kürədə qızdırılan dəmiri döymə törəni bu gün də ən yüksək dairələrdə icra olunur.
Qədim pəhləvi kitablаrdаkı əfsanələrə əsaslanan Əbülqasım Firdovsi özünün “Şahnamə” poemasında Novruz bаyrаmını əfsanəvi Cəmşid şahın adı ilə bağlayıb. Əbu Reyhan Büruninin “Qədim хаlqlаrdаn qalan ənənələr”, Ömər Хəyyamın “Novruznamə”, Mahmud Kaşğarinin “Divani Lüğətit-Türk” əsərində Novruzla bağlı məlumatlar əksini tapıb”.
Onun sözlərinə görə, Günəş təqviminə əsaslanan 12 heyvanlı türk təqvimindən məlumdur ki, Novruz bayramı çox qədimlərdən qeyd olunur:
“Qədim türk təqviminə əsasən, Günəşin zahiri illik hərəkəti hər on iki ildən bir təkrar eyni nöqtəyə düşür. Bu vaxt ildəyişmə baş verir. İldəyişmə isə mütləq bir heyvanın üstündə olur. Təqvimdə bu heyvanların sayı on ikidir və onların sırası belədir: siçan, öküz, pələng, dovşan, balıq, ilan, at, qoyun, meymun, donuz (qaban), toyuq, qaban.
Ortа Asiya tаriхçi alim Əbubəkr Əlnаrşаhi (899-959-ci illər) “Buхara tаriхi” əsərində Novruz günü Siyavuşun qəbri başında хoruz döyüşləri keçirildiyini və üç min il əvvələ aid nəğmələr oxunduğunu yazır. Kaşğarlı Mahmud “beyrem”, “bedrem”, haqqında sevinc və əyləncə günü kimi yazır. “Divanü Lüğat-it-Türk”də baharın “suların çoxalması, qarların əriyib dağ başlarının görünməyə başlaması, dünyanın nəfəsinin isinməsi, çiçəklərin açması, yer üzünə yamyaşıl bir ipək qumaşın sərilməsi, heyvanların çoxalması” kimi dəyərləndirir. Kaşgarlı Mahmudun “Divanü Lüğat-it-Türk” adlı əsərində “Novruz” yerinə “Yeni gün” ifadəsi istifadə olunub. Yusif Balasaqunlunun “Qutadqu-bilik”
əsərində Novruz haqqında məlumat verilir “Gündoğandan əsib gəldi bahar yeli, Dünyanı bəzəyərək cənnət yolunu açdı”-deyilir. “Kutadqu Bilik” də bahar, “yay” və “yaz” qavramları anladılmış, baharın gözəllikləri vurğulanıb. Fəzlullah Rəşidəddinin “Came ət-təvarix” əsərində əksini tapan “Ərkenekon” dastanından bəlli olur ki, iki göytürk kişisi xanımları ilə düşmən basqınından qurtulub dar bir keçiddən keçərək hər tərəfi dağlarla əhatə olunmuş məkanda yaşamağa başlayırlar. Qərinələr, əsrlər keçir, buradakı türklər çoxalır, olduqları yerə sığmırlar. Bir dəmirçi dar keçidin dəmirdən olduğunu bilir, keçiddəki dəmir əridilməklə türklər Ərkenekondan çıxırlar. Maraqlıdır ki, bu gün də Novruz günü Orta Asiya türklərində, xüsusilə, uyğur, Kazan, Ufa türkləri arasında Ərgenekon dastanında da olduğu kimi sürülərdən, balaların doğulmasından, ağacların yaşıllaşması, quzuların doğulmasından, çiçəklərin aşılması, yazın gəlməsindən danışılır. Düzdür, bu bayramın tarixi çox qədimdir. Amma bayramın sistemləşdirilməsi, rəsmiləşdirilməsi İslam dininin geniş yayıldığı dövrdə, müsəlman dövlətində baş verib. Dövlətçiliklə bağlı olduğundan məhz Novruzda, yəni astroloji və təsərrüfat ilinin başlanğıcında vergi dəftərləri yenilənib. Orta əsr dövlətlərində növbəti vergi yığılması, payızda, təsərrüfat ilinin sonunda, məhsul yığımı zamanı olunub. Eləcə də Novruz zamanı dövlətçiliklə bağlı, hərb və sülh məsələləri ilə əlaqədar qərarlar verilib. Novruzda hökmdarlar təntənələr təşkil edərdi, meydan tamaşaları təşkil olunardı”.
B.Əliyev bildirib ki, bunu təsdiqləyən bir çox tarixi mənbələr var:
“Səlçuqlu Sultanı Məlikşahın həyata keçirdiyi “Takvim-i Cəlali” islahatından sonra “Novruz” adlandırılan bayram ilin başlanğı sayılıb. İslam dininin meydana gəlməsi islami təqvim yaratmışdır: 636-cı ildə xəlifə həzrəti Ömərin zamanında 622-ci il müsəlman erasının birinci ili kimi qəbul edilmiş və Hicri-Qəməri təqvim əsasında hesablanıb. Məhərrəm ayının biri Hicri-qəməri təqvimin birinci günü sayılıb.
Müsəlman dünyasında hicri-qəməri təqvim dəqiq olmadığından, üstəlik, məhərrəm ayının 1-i imamların təziyə gününə təsadüf etdiyindən bir çox çətinliklər ortaya çıxıb.
Hicri-Şəmsi təqvimin bərpası türk hökmdarı Atabəy Məlik Şah Cəlaləddin Səlcuqinin (1072-1092) dövründə baş verib. Mənbələrin gah hicri 468, gah da hicri 475 rəqəmləri ilə qeyd etdiyi bu tarix miladın 1074 və 1083-cü ilinə uyğun gəlir.
Səlcuqlu vəziri Xacə Nizamülmülk 466-cı ildə (Miladi 1074) yeni bir rəsədxana inşa etdirərək astronomiya alimlərini buraya toplamış və hökmdarın göstərişi ilə təqvimdəki dəyişiklik olunmasını istəyib, toplantı nəticəsində Sultan Məlikşahın Cəlalüddövlə ləqəbinə uyğun olaraq, “Cəlali” adı verilən bir təqvim qəbul edilib.
İbn əl-Əsir yazır ki, Məlikşah və Nizamülmülk məşhur astronomları toplayaraq Novruz gününü ilin ilk təqvim günü elan etmişdir. Novruz əvvəllər Hüt bürcünə təsadüf edir. Sultanın bu göstərişi ilə Novruz təqvimin ilk günü kimi qeydə alınıb. Bu elmi tədqiqatda iştirak etmiş astronomlar Ömər ibn Xəyyam, Əbülmüaəffərül-Əsfzari və Maymun ibn Əlnəcibül-Vostadır. Bu elmi müşahidələrə, tədqiqatda xeyli vəsait xərclənib və həmin iş Sultan Məlikşahın vəfatına qədər (1092) davam edib. Həmin təqvim islahat prosesində bir sıra münəccimlər iştirak edib, əvvəllər Hut (Balıq) bürcündə qeyd olunan bayram Qoç bürcündə qeyd edilməyə başlanıb.
Cəlali adıyla məşhur olan bü təqvim Novruz bayramının ruhani əhval-ruhiyyəsinin əksinə olaraq, bir daha rəsmiləşdirilməsinə xidmət etməklə yanaşı, dəqiqliyi ilə də heyrətamizdir. “Takvim-i Cəlali” islahatından sonra səlçuqlularda dövlət işləri yenidən düzənlənmiş, təftiş olunmuş, maliyyə-vergi ili başlanmışdır”.
Cəlali təqviminə görə, ilin uzunluğu 365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə, 48 rəbiədir:
“Bu qədər mükəmməl bir təqvimin hazırlanması türklərin çox dərin astronomik biliklərə malik olduqlarını sübut edir. Səlcuqlularda ilbaşı, günəşin Qoç bürcüna girdigi gün olan Novruz günü olaraq qəbul edilib.
Həm məhərrəm ayının 1-də, həm də yaz gecə-gündüz bərabərliyi, yeni il anında qeyd etmək çətinliklər yaratdığından Cəlali təqvimi əsasında Novruzun keçirilməsi haqqında fərman verilib. Bu fərman səfəvi şahı II Abbasın vəfatından sonra unudulmağa başlasa da, xalq türk adət-ənənəsinə sadiq qalaraq, Novruz bayramını keçirməkdə davam etmişdir.
Novruz Azərbaycan ərazisində mövcud olmuş dövlətlərlə-Səlcuqlular, Atabəylər, Hülakilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövründə daha da sistemləşmiş, dövlətçiliklə sıx bağlı olmuş, 21 mart ilbaşı olaraq qəbul edilib. Ağqoyunlu hökmdarı Həsən padşahın “Qanunnamə”sində 21 mart ilk vergi toplama dövrü sayılırdı.
Bu bayramın digər bir adı “Sultan Novruz”, yəni sultana məxsus, sultanın iştirakı ilə keçirilən şölən, toy anlamında işlədilmişdir. Maraqlıdır ki, Novruz bayramı ilə bağlı oyun və əyləncələr qədimdən bu bayramda hökmdarın iştirakını təsdiqləyir.
Osmanlı sülaləsini meydana çıxaran Qayı boyuna mənsub olan Qarakeçililərin 21 martda Ərtoğrul Qazinin türbəsi ətrafına toplandıqları, burada Yörük Bayramı adı verdikləri, at yarışları, güləş yarışı ilə daha da maraqlı etdikləri bayramı keçirdikləri məlumdur.
Osmanlıda Novruz günü sarayda özəl törən olurdu. Münəccimbaşı padşaha yeni ilın təqvimini təqdim edir və hədiyyə alırdı. Həkimbaşının qaynadıb hazırladığı “Novruziye məcunu”da xalqa paylanırdı.
Saray ədəbiyyatında “Novruziyyə” adlı bir şeir növü (qəsidə) vardı. “Novruziyyə” adlı qəsidələr hökmdarlarına, dövlət adamlarına təqdim olunmuşdur. Bu qəsidələrdə Novruz motivi geniş şəkildə işlənmişdir”.
Ekspert vurğulayıb ki, orta əsrlərdə ilin təhvil olması münasibətlə toplardan yaylım atəşi açardılar:
“Nağaralar gumbur-gumbur gurlayardı. Şeypur, təbil səsləri yüksələrək, yeni ilin gəldiyi xəbərini yayardılar. Atəşfəşanlıq başlanardı. Elə ona görə də “Novruzun topu atılan” vaxta “il təhvil oldu” dəyərdilər. “Novruzun topu atıldı” – deyə hamı yeni ilin başlanması münasibətilə bir-birini təbrik edərmiş.
XIV əsrdən məlum olan bayramlıq vergisi Novruz və Qurbanlıq zamanı toplanırdı. Dövlət məmurları tərəfindən orta əsrlərdə “novruzi” adlı vergi növünün toplanması da məlumdur. Bu da Novruz bayramı zamanı toplandığından məhz belə adlanırılıb.
XIX əsrin ilk illərindən rus imperiyası tərəfindən işğal edilən Azərbaycanda əhali bir ildə 3 dəfə-məhərrəmin 1-də, yanvarın 1-də və yaz gecə-gündüz bərabərliyi anında yeni il keçirmək məcburiyyətində qalır. Bunlardan birini ruhani aləm, ikincini işğalçı dövlət himayə etdiyi halda, Novruzu xalq özü yaşadıb.
Novruz bayramına görə, ruhani atalardan və dövlət xadimlərindən təbrik gözləyən xalq tarixi-genətik yaddaş kodlarını qoruyub saxlayır. Bir də 1918-1920-ci illərdə cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cumhuriyyəti dövründə Novruz bayramı rəsmiləşdirilib, lakin sovet hakimiyyəti illərində (1929-cu ildə) ləğv edilib, dini bayram sayılıb.
Sovetləşmədən sonra bir müddət Novruz bayramı keçirilirib. Lakin 1920-ci ilərin axırlarından etibarən qadağalar güclənib. “Mübariz Allahsızlar İttifaqının” komsomol drujinikləri Cərşənbə və Novruz bayramı günlərində qapıları pusur, hansı evdən dəmə qoyulmuş plov qoxusu gəlirdisə, xəbərçilik edirdilər. 37-ci ilin repressiyaları Novruza da böyük zərbə vurub. Amma xalq çətinliklə də olsa həmişə Novruz bayramı keçirib, xüsusiylə şəhərdə Novruz şirniyyatı ənənəsi, kənd yerlərində Novruz adətləri yaşadılıb”.
1956-cı ildə XX qurultaydan sonra Sovet cəmiyyətində kommunizm buzunun əriməsi Novruzun da taleyini isidib:
“1961-ci ildə Abdulla Şaiqin xatirələri çapa hazırlananda “Qlavlitin” rəhbəri Azərbaycan KP MK-nin sədri Vəli Axundova məlumat verərək yazırdı ki, xatirələrdə bir sıra ziyanlı məqamlar var və Abdulla Şaiq öz xatirələrində “Novruz bayramını” Azərbaycan xalqının bayramı kimi onu açıq-açığına şişirdir. Qlavlitin sədri kitabdan belə bir parçanı misal gətirirdi: “Hər il martda bütün Azərbaycan xalqı Novruz bayramını özünün əziz bayramı kimi sevinc və ruh yüksəkliyi ilə qarşılayırdı. Xalq bu milli bayramı bütün bayramlardan üstün tuturdu. Bəzən Novruz bayramına farslardan keçmə bayram kimi baxırdılar, bəzən də varlıların və ruhanilərin bayramı kimi baxırdılar. Bu tamamilə yanlış və səhv idi”. Doqquz səhifəlik məktubun sonunda senzor yazırdı ki, Abdulla Şaiqin xatirələrinin nəşrinə indiki halında icazə vermək mümkün deyil, əlyazma yenidən işlənməlidir. 1961-ci ildə əlyazmanı Novruz bayramına görə geri qaytardılar.
1963-cü ilin aprelində Qasım Qasımzadəni “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifəsindən çıxaranda ona qarşı irəli sürülən ittihamlardan biri qəzetdə Novruz bayramı haqqında yazı verməsi olub.
1960-cı illərin ortalarında Orta Asiya respublikalarında da Novruzun keçirilməsinə bir sıra cəhdlər olub. Bütün bunları nəzərə alaraq 1967-ci ildə Azərbaycan KP MK Katibliyi “Bahar bayramı” adı ilə Novruz bayramının keçirilməsi haqqında qərar qəbul etdi və bayram tədbirlərinin hazırlanması Mərkəzi Komitənin ideologiya üzrə katibi Şıxəli Qurbanova tapşırıb.Onun təşkilatçılığı ilə milli koloritləri nəzərə almaqla yaddaqalan bir bayram tədbiri təşkil edildi. Azərbaycan rəhbərliyinin dəvəti ilə Moskvadan və digər yerlərdən bir sıra jurnalistlər bayram tədbirlərini işıqlandırmaq üçün Bakıya dəvət edilib. Bakıda keçirilən Novruz şənlikləri haqqında Moskvada, Mərkəzi mətbuat səhifələrində bir sıra məlumatlar gedib. Hətta, tanınmış Sovet şərqşünası İosif Braqinski “Pravda” qəzetində bu bayram haqqında məqalə ilə çıxış edib. Həmin məqalə Azərbaycan dilinə tərcümə edilərək 1967-ci il mayın 20-də “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib. Bahar bayramı sonralar da qeyd edilib, amma 1967-ci ilin təntənəsi bir də təkrar olunmayıb.
1968-ci ilin Novruz bayramı ərəfəsində tarix elmləri namizədləri Qiyasəddin Qeybullayev və Yusif Rüstəmovun imzası ilə “Ədəbiyyat və incəsənət” qəzetində “Səməni” adlı yazı çıxıb. Martın 23-də isə həmin qəzetin dörd səhifəsi Novruzla bağlı yazılara həsr edilib. Mikayıl Rzaquluzadənin “Bahar, Günəş”, Səttar Bəhlulzadənin “Əlvan rənglər fəsli”, Ramiz Əliyevin “Nur axını”, Musa Yaqubun “Bahar”, Ramiz Məmmədzadənin “Həmişə sən gələsən” şeirləri, Elçinin “Qaravəlli” teatrı haqqında geniş yazısı, İsmayıl Şıxlının “Dəli Kür” romanından Novruz səhnəsi bahar bayramı ilə bağlı ülvi hissləri, el adətlərini özündə əks etdirib.
1969-cu ildə Bahar bayramı ilə bağlı da mətbuatda müzakirə açıldı və həmin müzakirənin gedişində fəlsəfə elmləri doktorları Firudin Köçərli və Məqsəd Səttarovun “Ədəbiyyat və incəsənət” qəzetinin “Alimlərimizin söhbəti” rubrikasında “Bahar bayramı” adlı məqalələri dərc edilib.
1980-ci illərin ikinci yarısında Novruzun üzərindən qadağa rəsmi şəkildə götürüldü. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Novruz bayramı rəsmən dövlət bayramı kimi rəsmiləşdirilib.
Novruz 2009-cu il sentyabrın 30-da UNESCO-da Qeyri-Maddi- Mədəni İrs siyahısına salınıb. BMT Baş Assambleyasının 64-cü sessiyasının 2010-cu il fevral iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir”, - deyən B.Əliyev fikrini yekunlaşdırıb.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan AMEA Folklor İnstitutunun "Qərbi Azərbaycan folkloru" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev ilk olaraq bildirib ki, Novruz-xalqımızın qədimdən bugünə kimi, sevə-sevə yaşatdığı, təmtəraqla qeyd etdiyi, gəlişinə həsrətlə gözlədiyi ən qədim milli bayramımızdır:
“Bu bayram özündə həyatı, yaranış və dirçəlişi, milli birliyi, qardaşlığı, yardımlaşmağı, təbiətin füsunkar gözəlliklərini, xoşbəxtliyə, bolluğa, ruzi-bərəkətə ümidini əks etdirir. Xalqımızın bu bayramı qeyd etməsi, öz tarixi keçmişinə və milli mənəvi dəyərlərinə sahib çıxmağının bariz nümunəsidir. Bu bayram həm də vəfat edənlərin yada salındığı, ağsaqqal-ağbirçəklərin, xəstələrin, kimsəsizlərin ziyarət edildiyi, uşaqların sevindirildiyi, yeni ailə quran gənclərin pay verildiyi, qohumluq əlaqələrinin daha da möhkəmləndiyi ən gözəl adət-ənənələrlə zəngindir”.
Onun sözlərinə görə, Novruz sözü “yeni gün” mənasını daşıyır:
“Gecə və gündüz Novruz bayramı günü, yəni martın 20-sindən 21-inə keçən gecə bərabərləşir. Həmin gündən sonra gündüzlər uzanmağa, gecələr qısalmağa başlayır.
Bütün Türk dünyası üçün çox dəyərli olan Novruz bayramı zaman ötdükcə müəyyən dəyişikliklərə uğramış, bəzi adət-ənənələri unudulub. Lakin bütün bunlara baxmarayaq, Sovet imperiyası zamanı qadağan olunmuş bu bayram xalqın yaddaşında qorunub saxlanılmış, gizli-gizli qeyd edilib. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində qeyd olunmağa başlanıb”.
Ə.Vəliyev bildirib ki, xalqımız Novruz bayramına xüsusi həvəslə hazırlaşır:
“Bayramdan qabaq evlərdə, həyətlərdə təmizlik işləri edilir. Bağ-bağat səliqəyə salınır, təmizlənir, torpaq şumlanır. Ağacların quru budaqları kəsilir, yeni meyvə tingləri əkilir. Əkin üçün hazırlıqlar görülür.
Novruz bayramında xüsusi bayram süfrəsi hazırlanır. Bu süfrədə noğul, nabat, şəkərbura, paxlava, qoğal, növbənöv şirniyyatlar, kişmiş, qoz, badam, püstə, fındıq, meyvə quruları, müxtəlif çərəzlər, meyvə şirələri, rəngbərəng boyanmış yumurtalar olur. Süfrənin ortasında səməni qoyulur. Yeməklərin şahı sayılan bayram aşı(plov) bişirilir. Deyirlər ki, Novruz süfrəsində 7 dənə “s” hərfi ilə başlayan nemətlər olmalıdır. Bu nemətlər adətən su (aydınlıq), sünbül (bolluq), səməni (təbiət, yaşıllıq), səbzə (ümid), sumax (bərəkət), süd (ruzi), sikkə (var-dövlət) və s. olur. Bəzən bu nemətlərdən hansısa biri olmayanda saat (uzun ömür), sarımsaq (sağlamlıq), sirkə (dad və zövq) ilə də əvəz edilir. Yəni, hər bir bölgədə “s” hərfi ilə başlayan hansı qida, nemət, ərzaq daha çoxluq təşkil edirsə, onlar da süfrəyə qoyulur”.
Ekspert qeyd edib ki, Novruz bayramı mərasimlərindən biri də qonaq getməkdir:
“Bayram günü qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı, hədiyyələr apararlar. Qonşular, qohumlar kasıblara, kimsəsizlərə əl tutar, onlara bayram yeməklərindən verərlər. Ağsaqqallar, ağbirçəklər evlərində ziyarət edilər. Novruz günü kəndlərin mərkəzində ağsaqqalların əlini öpərək, “Bayramınız mübarək, neçə belə bayramlara çıxasınız” deyə gənclər bayramlaşırlar. Bu adətə bəzi kəndlərdə “Əlöpmə” və ya “Görüş” də deyilir. Novruz bayramında keçirilən mərasimlərdən biri də yaslıların yasdan çıxarılmasıdır. Bunun uçün ağsaqqallar bir qırmızı alma və boyanmış yumurta götürərək yas düşən evə gedirlər. Qonşular yaslı adamların həyətində tonqal yandırıb, onları “yasdan çıxarırlar”. Sonra vəfat edənin ruhuna dualar oxunur. Yas düşən evlərdə “İlaxır çərşənbə”dən öncəki çərşənbədə “qara bayram” qeyd edildiyi üçün “vəfat edənin qara bayramı keçib getmişdir, daha yas saxlamayın” deyə ağsaqqallar təskinlik verərlər. Xalq arasında həmin gün ağlamaq, qara rəngli paltar geyinmək, bayramı evdə keçirməmək pis əlamət sayılır. Qohum-əqraba da öz növbəsində yas düşən evlərdə bayramı şən, yaxşı əhval ruhiyyədə keçirilməsi üçün onlara mənəvi dəstək olarlar. Burda məqsəd sınıq qəlbləri ovundurmaq, yasda olan insanların könlünü almaqdır. Novruz bayramı ərəfəsində dənli bitkilərdən (buğda, arpa, qarğıdalı, lobya və s.) cücərdilir. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni yazın gəlməsinin, yaşıllığın, təbiətin canlanmasının, məhsulun, əkinçiliyin rəmzidir. Qədim zamanlarda insanlar səməni cücərtməklə həm növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, həm də səməninin necə cücərməsini izləməklə, toxumun keyfiyyətini sınaqdan keçirmişdir. Səməni üçün nəğmələr də oxunur:
Səməni, saxla məni
İldə göyərdərəm səni,
Səməni, al məni,
Hər yazda sən yada sal məni.
Sən gələndə yaz olur,
Yaz olur, avaz olur...
Novruzun atributlarından biri də rəngbərəng boyanmış yumurtalardır. Yumurta oval, dairəvi formada olduğundan qalaktikanı, dünyanı təmsil edir. Yumurtanın ağ, göy, yaşıl, qırmızı boyanması isə dörd fəslin rəmzi, əmin-amanlq kimi yozulur. Kənd yerlərində yumurtaları çox zaman soğan qabığı ilə də boyayırlar. Novruz bayramı günü uşaqlar “bayram payı” almaq üçün evlərə gedirlər, qapını döyərək, “Bayramınız mübarək, bayram payımızı verin” deyirlər. Verilən payda yumurtanın olması mütləqdir. Yığılan yumurtalar sonradan “döyüşdürülür”. Kimin yumurtası sınırsa, o məğlub sayılır və yumurtanı qalib gələn uşağa verir.
Novruzda bayram süfrəsinə qoymaq və pay vermək üçün şirniyyatlar da bişirirlər. Həmin şirniyyatlar qoğal, şəkərbura, paxlava və s. olur. Qoğal-günəşin, şəkərbura-ayın, paxlava isə-alovun, ulduzların rəmzi sayılır.
Novruz şənliklərinin ən maraqlı oyunu “Kos-kosa”, əsas personajları isə təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi əhval-ruhiyyə gətirir. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Kosa torpağın rəmzidi, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Axı hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Yazın gəlişiylə də Kosa dirilir. Çox qədim mənbələrdən də aydın olur ki, Novruz mərasimlərində, şənliklərində Kos-kosa oyunundan istifadə olunmuşdur. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Sarabskinin ”Köhnə Bakı” əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub”.
Ümumiyyətlə, hal-hazırda Novruz bayramı otuzdan çox xalq tərəfindən qeyd olunsa da, onun ənənələri demək olar ki, ən düzgün variantda Azərbaycanda yaşamaqdadır:
“Buna nümunə kimi bizim Novruz mərasimlərinin başlıca atributlarından olan “Kosa-kosa” tamaşasını göstərmək olar. Bu tamaşa yalnız Azərbaycan Novruzuna mənsubdur. Onun indi göstərilən variantında Kosa ilə Keçəl sanki zarafatlaşırlar. Ancaq tamaşanın qədim formasında onlar bir-biri ilə mübarizə aparırdılar. Tamaşanın Cənubi Azərbaycanda mövcud olan variantlarından birində qara paltar geyinmiş Keçəl qışın, qaranlığın, şər qüvvələrin simvoludur. Keçi dərisindən kürk geyinmiş Kosa isə yayı, istini, bərəkəti və işıqlı qüvvələri təmsil edir. Əlində qara bayraq fırladan Keçəl müxtəlif qorxunc hərəkətlər edərək sanki dünyada öz hökmranlığını göstərmək istəyir. Soyuqdan donan Kosa isə ətrafdakı odun parçalarını bir yerə toplayaraq, tonqal qalamağa çalışır. Keçəl bütün gücüylə ona mane olmağa çalışsa da, Kosa tonqalı alovlandıra bilir. Keçəl də qaçıb yaxınlıqdakı divarın arxasında gizlənir. Kosa gedib onu vurub “öldürür” və əlindəki qara bayrağı da alıb tonqalın üstünə ataraq yandırır. Bununla da yazın, torpağın qışa qalib gəldiyinin işarəsi verilir. Ətrafdakı insanlar da tonqalın başına toplanaraq, isinməyə və şənlənməyə başlayırlar.
Bahar qızı-bayrama edilmiş əlavələrdən biridir. Bu əlavə ilə bayram rəmzləri daha da genişləndirib. Şıxəli Qurbanov ideoloji təbliğat və Qar qıza uyğun olaraq belə bir personaj əlavə edilməsini fikrini irəli sürür. Hesab olunur ki, bu, pis yenilik deyil. Bahar qızı yazın gəlişini ifadə edən bir personajdır və Novruz bayramına rəngarənglik gətirir.
Öz gəlişiylə həyatınıza yalnız və yalnız gözəl günlər, səadət, xoşbəxtlik gətirməsi, süfrənizin ruzi-bərəkətli, qəlbinizin xoş hisslərlə dolması, sağlamlığınızın möhkəm, arzularınızın, niyyətlərinizin çin olması diləyilə Novruz bayramınız mübarək olsun!”,-deyən Ə.Vəliyev fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
17:15 20.03.2025
Oxunuş sayı: 977