Azərbaycanın investisiya mühiti Türkiyədə tanıdılır


İstanbulda Türkiyəli biznes nümayəndələri üçün Azərbaycanın işgüzar mühitinin tanıdılmasına dair proqram təşkil edilib. Bununla bağlı Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı, Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının dəstəyi ilə İstanbul şəhərində iftar proqramı təşkil edilib.
Tədbirdə Türkiyənin Ticarət Nazirliyi, DEİK, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi, “SOCAR Türkiyə” şirkəti, “PASHA Yatırım Bankı A.Ş.” həmçinin inşaat, turizm, mədənçilik, enerji, tekstil, qida, səhiyyə və digər sektorları təmsil edən qurum və şirkətlərin nümayəndələri iştirak ediblər. Proqram çərçivəsində iştirakçılar, o cümlədən tədbirə qatılan türkiyəli iş adamları ölkəmizdə biznes və investisiya mühiti barədə məlumatlandırılıblar.
Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev iştirakçılara ölkəmizdə investorlar üçün yaradılmış imkanlar, təşviq mexanizmləri və güzəştlər haqqında məlumat verib. Ticarət nümayəndəsi Azərbaycanda iş qurmaq istəyən sahibkarlar üçün müvafiq dəstək tədbirlərinin həyata keçirildiyini bildirib və türkiyəli iş adamlarını ölkəmizə sərmayə qoymağa dəvət edib.
Türkiyə-Azərbaycan İşgüzar Şurasının sədri Selçuk Akat rəhbərlik etdiyi qurumun fəaliyyəti və türkiyəli biznes nümayəndələrinin Azərbaycanda müsbət təcrübələri haqqında danışıb.
Tədbirdə Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi tərəfindən hazırlanmış və ölkəmizdə investisiya və ticarət fürsətləri, təşviq mexanizmləri barədə məlumatları əks etdirən videoçarx, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə sərmayədarlar üçün yaradılmış imkanlar haqqında təqdimat nümayiş etdirilib, əməkdaşlıq potensialı müzakirə olunub, suallar cavablandırılıb.
08:01 20.03.2025
Oxunuş sayı: 1051