Prezident bu məsələlərə diqqətlə və böyük həssaslıqla yanaşır - AÇIQLAMA

Martın 18-də Preizdent İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunda bir sıra mühüm tədbirlərdə iştirak ediblər. Bu səfər, həm keçmişin yaralarını saran, həm də gələcəyin təməlini quran bir neçə vacib tədbirlə yadda qalıb.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Sərsəng su anbarından başlayaraq Umudlu kəndinə uzanan yeni avtomobil yolunun rəsmi açılışında iştirak ediblər. Bu avtomobil yolu bölgənin infrastrukturunun gücləndirilməsi, kənd təsərrüfatının inkişafına dəstək və əhalinin gediş-gəlişini asanlaşdırmaq baxımından mühüm əhəmiyyətə malikdir.
Daha sonra Prezident və birinci xanım Suqovuşan kəndində inşa edilmiş yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etdilər. Onlar yeni mənzillərə köçən sakinlərlə görüşərək, mənzillərin açarlarını təqdim etdilər. Bu kompleks məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlmiş önəmli addımdır. Həmçinin, sakinlər üçün bu sadəcə bir yaşayış yeri deyil, həm də illərin həsrətinə son qoyulmasıdır.
Həsənriz kəndində isə Novruz bayramı tonqalının alovlandırılması mərasimi olub. Bu tədbir həm Novruz bayramı ənənələrinin qorunması, həm də sakinlərlə birlikdə bayramın coşqusunun yaşanması baxımından xüsusi önəm daşıyır. Prezident və birinci xanımın bu mərasimdə iştirakı bölgə sakinləri ilə həmrəyliyinin bir göstəricisidir. Bütün həyata keçirilən tədbirlər prezidentin həm əzmkar lider, həm də xalqın gələcəyinə dərin qayğı göstərən bir rəhbər olduğunu nümayiş etdirir.
Crossmedia.az mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədova müraciət edib.
Deputat ilk olaraq bildirib ki, Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə növbəti dəfə Qarabağa səfər edib və bir sıra açılışlarda iştirak edib: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdərədə sakinlərlə görüşüb, infrastruktur layihələrinin açılışına qatılıblar. Eyni zamanda, yeni inşa olunmuş məscidin açılışında Prezident iştirak edərək sakinlərlə görüşüb. Biz davamlı olaraq Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlər etdiyini görürük. Onun özü bu proseslərə birbaşa nəzarət edir”.
C.Məmmədovun sözlərinə görə bu, Prezidentin bu məsələlərə nə qədər diqqətlə və böyük həssaslıqla yanaşdığını göstərir.
“Artıq azad olunmuş ərazilərimizdə insanlar doğma yurdlarına qayıdır, əhali məmnundur. Bütün bunları Azərbaycan öz imkanları hesabına, heç bir əlavə dəstək və ya xarici dövlətin köməyi olmadan həyata keçirir. Ən qısa müddətdə bu işlər uğurla tamamlanır və proses davam etdirilir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın, Qarabağın və Şərqi Zəngəzurun tezliklə dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcəyini deməyə əsas verir.
Bu işləri həyata keçirmək asan deyil, lakin Prezident İlham Əliyevin prinsipiallığı və qətiyyəti nəticəsində bu nailiyyətlər əldə olunub. Bu gün torpaqlarımızın azad olunmasını, quruculuq və abadlıq işlərinin həyata keçirildiyini görmək həqiqətən çox qürurvericidir və Azərbaycanın mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilməlidir”, - deyən deputat fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
15:11 19.03.2025
Oxunuş sayı: 1835