Kreml Putin-Tramp müzakirələrinin detallarını açıqladı

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefon danışığında Ukrayna ətrafındakı vəziyyəti geniş müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Putin, Trampın münaqişənin dayandırılması üçün göstərdiyi səylərə görə ona təşəkkür edib. Eyni zamanda, ABŞ-la birlikdə sülh yollarını ətraflı müzakirə etməyə hazır olduğunu bildirib.
“Vladimir Putin atəşkəsin effektiv nəzarət altında olmasının vacibliyini vurğulayıb. O, Ukraynada məcburi səfərbərliyin və Qərbin Ukrayna ordusunu silahlandırmasının dayandırılmasını əsas şərt kimi irəli sürüb. Rusiya lideri həmçinin Kiyev hakimiyyətinin danışıqlara sadiq olmaması ilə bağlı risklərə diqqət çəkib. Vurğulanıb ki, münaqişənin siyasi yolla həlli üçün əsas şərt Ukraynaya xarici hərbi və kəşfiyyat dəstəyinin tam dayandırılmasıdır. Tramp tərəflərin 30 gün
müddətinə bir-birinin enerji obyektlərinə hücum etməməsi təklifini irəli sürüb. Putin bu təşəbbüsü müsbət qarşılayaraq dərhal Rusiya hərbçilərinə müvafiq göstəriş verib.
Putin Trampın Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə dair təşəbbüsünü dəstəkləyib və bu məsələnin detalları üzrə danışıqlara başlanacağı bildirilib. Həmçinin, martın 19-da Rusiya və Ukrayna arasında 175-ə 175 formatında əsir mübadiləsi baş tutacağı bildirilib. Rusiya hospitalında müalicə alan 23 ağır yaralı Ukrayna hərbçisi jest olaraq Kiyev tərəfinə təhvil veriləcək.
Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həlli üçün ikitərəfli ekspert qrupları da formalaşdırılacaq”,- deyə məlumatda bildirilib.
Bildirək ki, danışıqların gələcəkdə də davam etdiriləcəyi və yeni təşəbbüslərin müzakirə olunacağı gözlənilir.
Nəzrin Salmanova
14:20 19.03.2025
Oxunuş sayı: 872