Putin və Trampın telefon danışığı: Dünya mediası nə yazır?




Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, dünyanın aparıcı nəşrləri bu görüşün mümkün nəticələri ilə bağlı müxtəlif fikirlər irəli sürüblər.
İspaniyanın "ABC" qəzeti yazır ki, bu telefon danışığı Ukrayna ilə bağlı mümkün razılaşmanın əsasını qoya bilər. "El País" isə iki liderin söhbətinin gözlənilən nəticələri vermədiyini vurğulayır.
Britaniyanın "The Guardian" nəşri enerji infrastrukturlarına hücumların dayandırılmasının müharibə başlayandan bəri ilk qismən atəşkəs ola biləcəyini qeyd edir. "The New York Times" isə bildirir ki, danışığın nəticələri Trampın gözləntilərinə uyğun olmayıb.
Fransanın "Libération" qəzeti Putin və Trampın ortaq məxrəcə gələ bildiyini yazır. "Les Echos" isə iki saatlıq telefon danışığının gözləntiləri doğrultmadığını və "dağın siçan doğurduğunu" qeyd edir.
Həmçinin , "The Washington Post" rus rəsmilərinin bu görüşü müsbət qarşıladığını bildirir. "Politico" isə danışığın müharibə ilə bağlı həlledici an kimi təqdim edildiyini, lakin əslində daha çox digər məsələlərin müzakirə edildiyini yazır.
Qeyd edək ki, telefon danışığının detalları tam açıqlanmasa da, bu hadisə beynəlxalq siyasi gündəmdə mühüm yer tutub.
Fatimə Məmmədova
11:00 19.03.2025
Oxunuş sayı: 681