Torpaq yuxusundan oyanıb - İlaxır Çərşənbə gəldi

İlaxır Çərşənbə gəldi... Torpaq yuxusundan oyanıb… Hər zərrə nəfəs alaraq baharın incə, səssiz nəğməsi ilə dolur. Sanki torpaq öz qoynunda uzun müddət saxladığı sükutu dağıdaraq həyatın nəfəsini hiss etdirir.
Şəhərin daş küçələri və kəndlərin səssiz cığırları indi insanların şən nəğmələri ilə dolur. Uşaqların gülüşləri küləkdə uçan kövrək yarpaq tək hər küncə sevinc toxumları səpir. Çiçəklər isə səmanın dərin mavilərinə boylanır, təbiət özü göz yaşlarını gizlədərək gülümsəyir…
İlaxır Çərşənbə öz sehrini hər küncə yayır.
Çərşənbə axşamı tonqallar qalanır. Sanki bu qalanan hər bir tonqal şöləsində Günəşin alovu var. O alov ki, qorxuların sonu, arzuların başlanğıcı olur... Tonqalların alovu göyə ucaldıqca bu işıqda keçmişin yükü unudulur… Elə "ağırlığım-uğurluğum odlara" ifadəsi də burdan gəlir.
İlaxır Çərşənbənin sehri ilə insanlar bir-birinə daha yaxınlaşır. Evdən-evə yayılan nəğmələr, qəlbdən-qəlbə sızan sevgi ilə bu bayram sanki təkcə təbiətin deyil, insan qəlbinin də baharını gətirir. Təbiət özü də insanların sevincinə qatılır, hər bir budaqda, hər bir tumurcuqda yazın ilk işartıları görünür…
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev ilk olaraq bildirib ki, Novruz sisteminin ən təntənəli günü İlaxır çərşənbədir:
“İlin sonuncuçərşənbəsi Şimallı-Cənublu Azərbaycanın hər yerində heç bir digəradla yox, yalnız “İlaxır çərşənbə” adıyla deyilib, qeyd olunub.
Səməd Vurğun poemalarının birində yazır:
Axır çərşənbədir... İl tamam olur,
Bu il kənd içində danışır hamı –
At üstə gəlmişdir Novruz bayramı –
Qulunlu at üstə... Bu bir muraddır.
Qocalar deyir ki, bolluq keçəcək,
Torpaq su yerinə şərbət içəcək.
Odur ki, hamının ürəyi şaddır,
Hamının arzusu, ümidi gülür,
Üzündən, gözündən nurlar tökülür.
İlaxır çərşənbə, eləcə də Novruz bayramında maraqlı bir mərasimvardır. İnanca görə, ailənin üzvləri axşam yandırılan tonqalın üstündən hoppanmalı, bununla da köhnə ilin ağrı-acısından xilas olmalıdır. Tonqalın üstündən tullanmaq şərti simvol sayılır, yəni insan həyatınsərtliklərinə dözərək, səbr edərək, ağrı-acısını geridə buraxır, gələcəyə, yaşayıb-yaratmağa ümidlə baxır.
İnanca görə, dünyadan köçmüş babalarının ruhları ildə bir dəfə, İlaxırÇərşənbədə öz nəvə-nəticələrinə baş çəkməyə gəlirlər. Ata-baba ruhlarının gəlişinin vaxtı İlaxır çərşənbəyə düşür”.
Ekspertin sözlərinə görə, insanlar böyük tonqallar qalayırlar ki, ətraf işığa qərq olsun, gecənin zülməti ərisin, ata-baba ruhları yurdlarını asanlıqla tapa bilsinlər: “Əgər ruhlar görsələrki, nəsilləri yaşayan evlərdə ocaqlar sönüb, elə başa düşərlər ki, qoyduqları adət-ənənələr unudulub, övladlarına qalan var-dövlət göyə sovrulub, hər şey məhv olub. Övladlarından küsərək qayıdıb gedərlərvə bir də o tərəflərə gəlməzlər. Görsələr ki, ocaqlardan tüstü gəlmir, xörəklər bişirilmir, nəvə-nəticələri deyib-gülmürlər, ac-yalavacdırlar, küsülüdürlər, onda da inciyər və bir də oralarda görünməzlər. Məhz bu inama görə, İlaxır çərşənbə axşamı tonqallar qalanır, şənliklərkeçirilir, umu-küsü aradan götürülür.
İlaxır çərşənbə təmtərağı ilə digər çərşənbələrdən fərqlənir. Düzdür, əvvəlki çərşənbələrdə də “çərşənbə xonçası” tutulur, tonqal yandırılırvə s. Amma İlaxır çərşənbənin növrağı xeyli zəngindir.
Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır”.
B.Əliyevin fikrincə, bəzi bölgələrdə İlaxır Çərşənbənin təntənəsi Novruzu belə üstələyir: “Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan diləkdiləyərlər.
Axır çərşənbənin gecə mərasimləri də təntənəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işləri görərlər. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.
Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağıbudanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçünyararlı yerlər əkilib hazırlanar”.
Onun sözlərinə görə, İlaxır Çərşənbə ilə bağlı bir sıra adətlər, ənənələr, sınamalar vardır: “Azərbaycanda bir adət budur ki, həmin çərşənbə axşamında od üstündən üç və ya yeddi dəfə o yan – bu yana atlanar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlalarını özlərindən qovub təzəilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardanqorunacaqlarına inanırlar.
Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.
Axır çərşənbə günü axşam çağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” olarsa, il boyu hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndür”, “viran qalsın” və bu kimi sözlər eşidiləndə pis tərəfə yozulur.
Axır çərşənbə gecəsində bir tərəfinə qırmızı, o biri tərəfinə qara qələm qoyulmuş yumurtanı axar suyun qırağında gizlədərlər. Niyyətin baş tutacaqsa, yumurtanın üstünə qırmızı, baş tutmayacaqsa qara xətt çəkilər.
Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar. Əgər iynələr yaxınlaşarsa, ürəyindəniyyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaqdır.
Axır çərşənbə gecəsində almanı, qabıqlarını qırmamaq şərtilə, bütöv soyub yeyirsən. Güzgünü həmin qabıqlarla bir yerdə başının altına qoyub yatsan qismətinə çıxacaq adamı görərsən.
Axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini manşırlayırsan. Dolçaların ikisini də bir uşağa verib suya göndərirsən. Ürəyində tutduğun qab dolu gələrsə, niyyətinə çatarsan.
Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezlikləərə gedər.
Axır çərşənbə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. Həmin gecə yuxuda susayanda, qismətin olacaq oğlan sənə su verər”.
B.Əliyev bildirib ki, inama görə, bu çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar: “Novruzlu günlərdə, xüsusilə İlaxır çərşənbə günü tamaşalar göstərməkdə qədim vaxtlardan gəlir. “Xanbəzəmə” oyun “Xan-xan”, “Xan oyunu”, “Xan yaratdı”, “Şahbəzəmə”, “Şah-şahı” və s. adlarla məzmun oxşarlığına, icratərzinə görə, müxtəlif variantlarda indi də oynanılır.
Məsmayıl oyunu ildə bir dəfə - İlaxır çərşənbənin axşamı icra olunur. Elin-obanın qız-gəlinləri, cavanları niyyət tutub kəndin ən yaşlıağbirçəyi olan nənənin evinə toplaşırlar. Dünyagörmüş nənə də iri mis qazanı dupduru su ilə doldurub ağzını da ağ süfrə ilə qapayır. Məsmayıla gələn qız-gəlinlər ürəklərindəki arzu və niyyətlərin həyata keçməsi üçün bir daha dua edib gətirdikləri sancağı, muncuğu, sırğanı, üzüyü özlərinin nişanəsi kimi su dolu qazana atarlar. Bu mərasimdə gənc oğlanlar da iştirak edə bilər. Oyun başlayır, ilk bayatını ağbirçək nənə özü deyir. İnanca görə, hər deyilən bayatıdan sonra nənə əlini qazana salıb qarışdırır və içərisindən təxmini üzük, sırğa, sancaq, muncuq çıxarır. Çıxan nişanə kimindirsə bayatının mənası da onun qismətinə yozulur. Bayatılar da əsasən arzuların, ümidlərin doğrulacağını, həyata keçəcəyini, sevgililərin bir-birinə qovuşacağını ifadə edir:
Əzizinəm düzə gəl,
Çəmənə gəl, düzə gəl,
Döyüb qonşu qapısın,
Çaşıb elə bizə gəl.
Dəvə gəlir enişdən,
Topuğunacan gümüşdən
Bizə də bir pay düşə,
Xurcunundakı yemişdən.
Oyun üç dəfə təkrar olunur, qazan üç dəfə dolub-boşalır. Sonda cavanlar həmin suda ucuna pambıq bərkidilmiş iynə qaçırdırlar. İynənin biri sevən oğlanı, o biri də qızı ifadə edir. Bir-birini qovan iynələr qovuşursa, bu da sevənlərin bir-birinə qovuşacağına işarə kimi yozulur. Mərasim sona yetəndə ağbirçək nənə mis qazandakı suyu dirilik, azar-bezardan qurtuluş rəmzi kimi camaatın üzünə çiləyir və“üzünüzə aydınlıq” deyir”.
İlaxır çərşənbənin ən məşhur mərasimi “Vəsfi-hal”dır.
“Vəsfi-hal” mərasimində iştirak edənlər aralığa “dilək tası” adlanan suilə dolu badya qoyaraq ora üzük, sırğa, sancaq, iynə və s. salıb, ağyaylığı badyanın üstünə salaraq oxumuşlar:
Araz axar burular,
Can gülüm, can-can!
Suyu daşda durular,
Can gülüm, can-can!
Ürəkdə arzun olsa,
Sənə də toy qurular,
Can gülüm, can-can!
Can gülüm, can-can!
Axır çərşənbə və Novruzda səhər, gün çıxmamışdan qabaq axar suyun üstündən tullanar, evə təzə su gətirərlər. Sübh o başdan axar suya, bulağa gedər (buna bəzi bölgələrdə “Novbaş” dəyirlər), əl-üzlərini yuyar, bir-birinin üstünə su çiləyər, çillə kəsdirərlər. Bu, mübarək sudur, suyun müqəddəsliyini, qüdrətini tərənnüm edən nəğmələr oxuyar, müxtəlif oyun və əyləncələr icra edərlər.
Ürəklərdə neçə-neçə dilək tutan qız-gəlinlər, cavan oğlanlar, ahıllar niyyət eləyib su üstündən tullanar, “ağırlıqlarını suya tökər”, çillə kəsdirərdilər. Hamı təzə sudan - İlaxır suyundan gətirib evə, qapı-bacaya, həyətə, tövləyə, bərəkət təknəsi təndirə, xırmana, dəyirmanasəpər. Belədə il ruzulu olar, bərəkət artar.
İlaxır çərşənbə mahiyyət baxımından bütün çərşənbələrin ümumiləşdirilmiş - yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və Novruzun qarşılanması məhz ilin axırıncı çərşənbəsinə həvalə olunur.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, şəfa versin. Onların qanları, canları hesabına, qəhrəmanlığı, igidliyi hesabına torpaqlarımızı qaytarmışıq. Dua edək ki, işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri elə bir vüsət alsın ki, otuz ilin işini bir ildə görək. Ağrı-acılara dözək, yaralarımızı sarıyaq. Səfərbər olub bütün çətinliklərin öhdəsindən gələk, vətənimizin güclənməsi üçün daha da əzmkar, mübariz olaq.
İlaxır Çərşənbəniz mübarək olsun!”,- deyə B.Əliyev fikrini yekunlaşdırıb.
Mövzu ilə bağlı AMEA Folklor İnstitutunun "Qərbi Azərbaycan folkloru" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib ki, Novruzun sonuncu çərşənbəsi İlaxır çərşənbə adlanır və bu çərşənbə bayramın ən mühüm günlərindən biridir.
“İlaxır çərşənbə həm təbiətin oyanışını, həm də həyatın təzələnməsini simvolizə edir. Bu çərşənbə ilə birlikdə insanlar əvvəlki ilin bütün pisliklərini, xəstəlikləri və mənfi düşüncələri geridə qoyaraq yeni ili təzə və saf bir başlanğıcla qarşılayırlar.
Xalq arasında axır çərşənbə “İlaxır çərşənbə”, “Yer çərşənbəsi” və ya “Torpaq çərşənbəsi”də adlandırılır. Axır çərşənbə Novruz çərşənbələri arasında ən dəyərlisi, qiymətlisidir. Qədim zamanlardan axır çərşənbə xalq arasında ən əziz günlərdən hesab edilib. İlaxır çərşənbə torpağın oyanması ilə bağlıdır”.
Ə.Vəliyevin sözlərinə görə, torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir: “Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu çərşənbədə torpağa canlanma gəlir, o öz qarını-buzunu əridir, toxumunu cücərdir.
Torpaq çərşənbəsi mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zənginidir, çünki həmin günün mərasimləri həm Suya, həm Oda, həm Yelə, həm də Torpağa inamı əks etdirir. Müxtəlif ayinlər, kütləvi şənliklər keçirir, əmək nəğmələri oxuyurlar. Bu çərşənbənin axşam şənlikləri daha gur olur: küsülülər barışır, evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur”,-deyən ekspert fikrini yekunlaşdırıb".
Nəzrin Salmanova
18:29 17.03.2025
Oxunuş sayı: 1217