Nəqliyyat məsələlərinə dair müşavirə: perspektivlər ürəkaçandır

Bütün dövrlərdə nəqliyyat iqtisadi tərəqqinin lokomotivi olub. Ona görə ki, nəqliyyat resursların bölüşdürülməsinin, mövcud xammal potensialının dövriyyəyə cəlb edilməsinin, hazır məhsulların istehlakçılara çatdırılmasının başlıca vasitəsi kimi çıxış edir. Ona görə də gündəlik həyatımızı nəqliyyatsız təsəvvür etmək qeyri-mümkündür. Dövlət başçısının rəhbərliyi ilə “Nəqliyyat məsələlərinə dair müşavirə”nin keçirilməsi də bunu bir daha təsdiq edir.
Qeyd etmək lazımdır ki, “Əsrin müqaviləsi”ndən bünövrə alan ümumi iqtisadi tərəqqi 1998-ci ildə ““Böyük İpək yolu”nun bərpasına dair Bakı konfransı” ilə nəqliyyat sektorunun inkişafını daha da sürətləndirdi. Azərbaycan Respublikasında nəqliyyat infrastrukturlarının yenidən qurulması, nəqliyyat parkının müasirləşdirilməsi istiqamətində ardıcıl proqram və layihələrin həyata keçirilməsinə paralel olaraq, beynəlxalq layihələrdə aktiv iştirak da diqqət mərkəzində saxlanılıb. TRACEKA proqramı çərçivəsində həyata keçirilən işlər, 2003-cü ildən etibarən daha sistemli və konkret istiqamətləri əhatə etməklə davam etdirildi.
2003-cü ildə İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda da proqram təminatlı inkişafın əsasını qoydu. Bütün ölkə ərazisini əhatə edən sahəvi və regional proqramlar qəbul edilərək uğurla icra olundu. İnfrastruktur təminat təkmilləşir, yeni yollar çəkilir, müvafiq beynəlxalq əməkdaşlıq güclənir, şaxələnir. “Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik” deyən dövlət başçısının rəhbərliyi ilə “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”, “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramı (2006-2015-ci illər)”, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” və s. müxtəlif istiqamətləri əhatə edən çoxsaylı proqramlar uğurla həyata keçirilib.
Azərbaycan beynəlxalq
nəqliyyat dəhlizlərinin kəsişməsində
Müasir dövrdə beynəlxalq nəqliyyat dəhlizləri, artıq bir dəyər zəncirinə çevrilib. Daşınma xərclərinin hazır məhsulların üzərində təsiri, yeni bir dəyər formalaşdırır. Hansı ki, bu dəyərin formalaşmasında dəhlizlər boyunca bütün ölkələrin bu və ya digər payı vardır, eyni zamanda da bu dəyər insanların layiqli həyat səviyyəsinə ciddi şəkildə təsir imkanına malikdir. Aydındır ki, daşınma məsafəsi və zamanı xərclər ilə düz mütənasibdir. Dəhlizlərin daha əlverişli və qısa ərazilərdən keçməsi arzu ediləndir. Eyni zamanda, məsafələrin azaldılması mümkün olmadıqda belə, üzv dövlətlərin daşınma zamanını azaltmaq imkanları mövcuddur ki, bu da daşınma xərclərinin azaldımasına təsir edər.
Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən, tədbirlər həyata keçirən Azərbaycan Respublikası, nəhayət 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşuldu. Beləliklə də, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat tranzit qovşağına çevrilmək imkanları daha da artdı. Onu da qeyd edək ki, Azərbaycan yeganə ölkədir ki, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir.
Regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəl-xalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına da böyük əhəmiyyət verir. Bunun bariz nümunəsi olan və dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və kristal iradəsi ilə həyata keçirilib. Artıq 7 ildən çoxdur istifadəyə verilən BTQ qitələrarası daşınmalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələri, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edib. BTQ dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və rahat yol olub yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın da Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. BTQ dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır.
Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən və 4 hektara yaxın ərazidə tikilməkdə olan Ələt terminalı isə Azərbaycanın nəqliyyat-tranzit və logistika imkanlarını daha da artıracaqdır. Ölkəmizin regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi (Ələt) ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Bura, eyni zamanda Azərbaycanın əsas dəmiryolu və magistral şəbəkələrinin birləşdiyi mərkəz kimi terminalın məqsədlərinin yerinə yetirilməsinə kömək edərək regional və qlobal təchizat zəncirlərində mühüm rol oynayır.
Azərbaycan Respublikası regionun aparıcı dövlətidir və regionda Azərbaycanın qatqısı, xeyir-duası olmadan hər hansı beynəlxalq layihənin uğurla reallaşdırılması qeyri-mümkündür. Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səslənən “Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil” fikirləri də qed edilənləri bir daha təsdiqləyir. Bütün bunlar isə ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsindən və ən azı onun qədər əhəmiyyət kəsb edən, həyata keçirilən düzgün siyasətdən qaynaqlanır. Hələ uzun illər öncədən Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində qəbul edilmiş davamlı və sistemli qərarlar nəticəsində bu gün ölkəmiz istənilən növ daşınmanı həyata keçirməyə, qəbul etməyə, saxlamağa və yola salmağa qadirdir.
Dövlət başçısının Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi “..... 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt bizim yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Biz yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il biz bu məqsədlər üçün vəsait ayırırıq” fikirləri də nəqliyyat sektorunda hələ illər öncədən davamlı işlərin aparıldığını bir daha təsdiq edir.
Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan Orta dəhliz bu gün bir dəyər zəncirinə çevrilməklə yanaşı, Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndiricisi kimi çıxış edir. Dəhlizin trayektoriyası da onun 1,0 trilyondan çox ÜDM-i olan Türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Şimal dəhlizinə əsas alternativ olan Orta dəhlizlə Çindən Avropaya 12 gün ərzində 10 min deyil, 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Çin-Qazaxıstan sərhədindən başlayan Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən marşrutdur. Regionda yaranmış münbit geosiyasi şəraitdə, Avropa və Asiya arasında ən qısa və rahat marşrut olan Orta dəhlizə maraq daha da artıb. 29 yanvar 2025-ci il tarixində imzalanmış “Ankara bəyannaməsi” də qeyd eidlənləri bir daha təsdiq edir. “Ankara Bəyannaməsi”ndə iqtisadiyyat, ticarət, investisiya, logistika, infrastruktur, rəqəmsallaşdırma, ətraf mühit və iqlim dəyişikliyi daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulmaqla yanaşı, Orta Dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına çağırış Bəyannamənin əsas bəndlərindən biridir.
İstər dövlət başçısının rəhbərliyi ilə “Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə”nin keçirilməsi, istər “Ankara bəyannaməsi”, istərsə də “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının” fəaliyyəti, Azərbaycanın Dövlət Gömrük Xidməti tərəfindən Orta Dəhliz boyunca, tranzit daşınmaların rəqəmsallaşdırılması, ümumi tranzit portalın yaradılması, Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan arasında birgə “Avrasiya Dəmiryol Alyansı”nın yaradılması, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” Publik hüquqi şəxsin yaradılması və s. nəqliyyat sektorunun daimi diqqət mərkəzində olduğunu və yaxın gələcəkdə nəqliyyat tranzit xidmətlərinin büdcənin əsas gəlir mənbələrindən birinə çevriləcəyinə əsas yaradır.
Son dövrlərdə Azərbaycanda nəqliyyat və logistika
sahəsində rəqəmsal texnologiyaların tətbiqi artır. Müşahidə və təcrübə sübut
edir ki, Smart texnologiyalar, avtomatlaşdırılmış sistemlər və IQ sistemi vasitəsilə
nəqliyyat xidmətlərinin çevik təşkili, optimallaşdırılması, yük və sərnişin
daşımalarında sürət və səmərəliliyi artıra bilər. Həmçinin, müxtəlif rəqəmsal
platformalar və mobil tətbiqlər vasitəsilə nəqliyyat xidmətlərinin əlçatanlığı
da təmin edilər.
Azərbaycanın nəqliyyat sektoru həm iqtisadi artımın, həm də ölkəni regional və beynəlxalq əməkdaşlığının lokomotivinə çevrilməkdədir. Mövcud vəziyyətin və dinamikanın təhlili belə deməyə əsas verir ki, NƏQLİYYAT SEKTORUNUN İNKİŞAFI, ÖLKƏNİN STRATEJİ MÖVQEYİNDƏN, BEYNƏLXALQ TİCARƏT VƏ TRANZİTDƏKİ ROLUNDAN İSTİFADƏ EDƏRƏK GƏLƏCƏKDƏ AZƏRBAYCAN İQTİSADİYYATINI DAHA DA GÜCLƏNDİRƏCƏKDİR.
Adı çəkilən müşavirədə səslənən “Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir” fikirləri yaxın gələcəkdə Zəngəzur dəhlizinin də reallığa çevriləcəyini bir daha bəyan edir. Bu dəhlizin istifadəyə verilməsi isə nəinki ölkəmizin nəqliyyat-tranzit imkanlarını daha da genişləndirəcəkdir, eyni zamanda Çindən Avropaya və əksinə daşınmaların daha səmərəli icrası üçün münbit şərait yaradacaqdır.
Cross Media Təhlil Mərkəzi
13:00 30.01.2025
Oxunuş sayı: 37516