Azərbaycanda bu dəhşətli virusa ilk yoluxma var - KARANTİN OLACAQ?
Azərbaycanda ilk dəfə meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınıb. 22 yaşlı Azərbaycan vətəndaşında xarici ölkəyə turistik səfərdən qayıtdıqdan sonra halsızlıq, yüksək hərarət, genital nahiyədə səpgilər və digər simptomlar müşahidə olunub. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, xəstənin laborator müayinəsi nəticəsində meymunçiçəyi virusu təsdiqlənib. Hazırda xəstə hospitalizasiya olunaraq müalicə alır.
Meymunçiçəyi virusu dünyada sürətlə yayılan yeni infeksion xəstəliklərdən biridir. Xəstəlik əsasən dəri səpgiləri, limfa düyünlərinin böyüməsi, əzələ ağrıları və yüksək hərarətlə özünü göstərir. Virusun yayıldığı ölkələr arasında ABŞ, Böyük Britaniya, Kanada, İspaniya, Fransa və bir sıra Afrika ölkələri ön sırada yer alır.
Azərbaycanın səhiyyə qurumları ilk yoluxma faktı ilə əlaqədar geniş miqyaslı tədbirlər görür. Mütəxəssislər qeyd edir ki, virus əsasən yoluxmuş şəxslə birbaşa təmas, səpgilər və bədən mayeləri vasitəsilə yayılır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan infeksionist Mərdan Əliyev bu virusun xüsusiyyətləri və yayılma yolları haqqında mühüm məlumatlar verib.
Mərdan Əliyev bildirib ki, meymunçiçəyi virusu koronavirus kimi hava-damcı yolu ilə asanlıqla yayılmır və buna görə də epidemiya və ya pandemiya törətmək potensialına malik deyil. O qeyd edib:
"Virus əsasən sıx təmas yolu ilə yoluxur. Bizdə aşkar olunan şəxsdə də eyni qayda ilə səpgili şəxslə sıx təmasda olub və xaricdə bu virusla yoluxub".
İnfeksionist vurğulayıb ki, meymunçiçəyi xəstəliyi daha çox dəridəki səpgilərin sağlam şəxsin dərisinə təması ilə ötürülür. Hava-damcı yolu ilə yoluxma mümkün olsa da, bu, yalnız uzunmüddətli və yaxın təmas zamanı baş verir:
"Qısa müddətli söhbətlə bu virusla yoluxmaq mümkün deyil. Hava-damcı yolu ilə yoluxma üçün daha uzun müddətli və yaxın təmasda olmaq lazımdır. Yəni bu virusun əsas yoluxma yolu hava-damcı deyil, sıx təmasdır".
Həmçinin, Mərdan Əliyev bu xəstəliyin vizual olaraq asanlıqla tanına biləcəyini də əlavə edib:
"Qarşınızdakı şəxsin əllərinə və üzünə baxaraq onun xəstə olduğunu görə bilərsiniz. Buna görə də sadəcə həmin şəxslə təmasdan uzaq durmaq bu xəstəliyin yayılmasının qarşısını alır".
Hal-hazırda Azərbaycanda aşkar olunan yoluxma ilə bağlı bütün karantin tədbirləri həyata keçirilib. Xəstənin ailə üzvləri də nəzarət altındadır:
"Hazırda bizdə aşkar olunmuş xəstə ilə bağlı bütün karantin tədbirləri görülüb. Onun ailə üzvləri də nəzarət altına alınıb və karantindədirlər. Güman edirəm ki, bu xəstəlik Azərbaycanda məhdudlaşacaq və yeni yoluxma halları baş verməyəcək".
Mütəxəssis bu xəstəliyin nəzarət altında olduğunu və əlavə yoluxma risklərinin azaldığını vurğulayıb.
Nihat Tahirov
13:04 18.01.2025
Oxunuş sayı: 10573