Psixoloq “zombi rejimi”nin əsas əlamətlərini açıqlayıb
İnsanların gündəlik həyatda davamlı yorğunluq, narahatlıq və emosional boşluq hiss etməsi psixoloji vəziyyətə mənfi təsir göstərən “zombi rejimi”nin əlamətləri ola bilər.
Crossmedia.az xəbər verir ki, psixoloq Virciniya Frutos bu barədə “Men’s Health” nəşrinə müsahibəsində danışıb.
Mütəxəssis bildirib ki, bu vəziyyətin ilk əlamətlərindən biri narahatlıqdır. O, bəzən birbaşa hiss olunur, bəzən isə sağlamlıqla bağlı problemlər şəklində özünü göstərə bilər.
Frutosun sözlərinə görə, ikinci əlamət artan əsəbilikdir. Üçüncü əlamət isə insan yatağa uzandıqda yaranan kədər və tənhalıq hissidir. İnsanlar bu daxili boşluğu çox vaxt sosial şəbəkələrdən istifadə etməklə və ya yemək yeməklə doldurmağa çalışırlar.
Psixoloq davamlı yorğunluğu və ya insanın gördüyü işlərə həddindən artıq qapılmasını da bu vəziyyətin göstəriciləri sırasında qeyd edib. Onun fikrincə, insanın daim məşğul olması, hətta məzuniyyət zamanı belə özünə istirahət imkanı verməməsi problemin əlaməti ola bilər. Belə insanlar heç nə etmədən vaxt keçirməkdən və darıxmaqdan narahat olur, hətta buna görə özlərini günahkar hiss edirlər.
Frutos bu vəziyyətdən çıxmaq üçün şəxsi sərhədləri müəyyənləşdirməyi tövsiyə edib. O vurğulayıb ki, insan özünü aqressiyaya yol vermədən, sağlam şəkildə qorumağı öyrənməli, şəxsi məkanına və ehtiyaclarına diqqət yetirməlidir.
Xatırladaq ki, daha əvvəl psixoloq Yuliya Kuzyayeva tənhalığın gizli təhlükələri barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, sosial əlaqələrin olmaması orqanizmə fizioloji səviyyədə mənfi təsir göstərə bilər.
04:45 16.10.2026
Oxunuş sayı: 97