Evinizdəki gizli təhlükə sizi ölümə apara bilər - nə etməli?
Payızın gəlişi ilə havaların soyuması evlərdə soba, kombi, kamin və digər isitmə qurğularından istifadənin yenidən artmasına səbəb olur. Bu isə dəm qazı təhlükəsini hər il olduğu kimi yenidən gündəmə gətirir. Oktyabrın 5-də Quba şəhərinin SUM-12 yaşayış massivində 60 yaşlı İman Allahverdiyev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. İsitmə mövsümündə təhlükəsizliyin təmin olunmasında yalnız qaz cihazlarının texniki vəziyyəti deyil, tüstü bacalarının və havalandırma sistemlərinin işlək vəziyyətdə saxlanılması da mühüm əhəmiyyət daşıyır. Bacaların tutulması, vaxtında təmizlənməməsi, texniki nasazlıqlar və düzgün havalandırmanın olmaması yanğınla yanaşı, qoxusuz və rəngsiz olan dəm qazının yaşayış sahəsinə yayılmasına və ağır nəticələrə səbəb ola bilər. Bu səbəbdən soyuq mövsüm başlamazdan əvvəl isitmə sistemləri ilə yanaşı, tüstü bacalarının da yoxlanılması vacib təhlükəsizlik tədbirlərindən biridir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, dəm qazı ilə bağlı faciələrin qarşısının alınmasında tüstü bacalarının vəziyyəti xüsusi əhəmiyyət daşıyır.

Ekspert qeyd edib ki, isitmə sistemlərindən istifadənin artdığı dövrdə tüstü bacalarının texniki vəziyyətinə diqqət yetirilməməsi ciddi təhlükələr yarada bilər:
“Yay fəslinin başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində isitmə sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Lakin çox vaxt diqqətdən yayınan və insan həyatı üçün birbaşa təhlükə mənbəyinə çevrilən bir məsələ var. Bu da tüstü bacalarının vəziyyətidir. Tüstü bacası evin tüstüsünü xaric edən sadə bir detal kimi görünsə də, düzgün işləməyəndə insan həyatı üçün böyük təhlükə yaradır. Çünki dəm qazı zəhərlənməsi, yanğın və digər faciələr məhz buradan başlaya bilər. Təəssüf ki, ölkəmizdə hər il qış mövsümündə dəm qazından zəhərlənmə halları baş verir. Bu hadisələrin bir qismi ölümlə nəticələnir. Baş verən hadisələrin böyük əksəriyyəti bacaların vaxtında təmizlənməməsi və texniki nasazlıq ucbatından baş verir. Bir çox fərdi evlərdə tüstü bacaları illərlə təmizlənmir. Çoxmənzilli binalarda isə tüstü bacalarının və ventilyasiya sistemlərinin təmizlənməsi Mənzil-Kommunal Təsərrüfatı İdarələrinin və ya MTK-ların öhdəliyinə düşsə də, çox vaxt bu işlər lazımi qaydada icra olunmur. Problemlərin əsas səbəblərindən biri bacaların köhnəlməsidir. Sovet dövründə tikilmiş binalarda və köhnə fərdi evlərdə illərlə təmizlənməyən tüstü bacaları artıq tamamilə yararsız vəziyyətə düşüb. Çatlar, qopmuş kərpiclər, tutulmuş kanallar — bütün bunlar dəm qazının evə dolmasına səbəb ola bilər”.
Ekspert qeyd edib ki, bacaların təmizlənməsi ilə bağlı vətəndaşların kimə müraciət etməli olduğu məsələsində də daha aydın və vahid mexanizmə ehtiyac var:
“Digər səbəb isə insanların qeyri-peşəkar müdaxiləsidir. Çox vaxt ev sahibləri bacaları özləri açmağa, təmizləməyə çalışırlar. Lakin bu, təhlükəni aradan qaldırmır, əksinə, daha da artırır. Çünki düzgün təmizlənməyən baca zədələnə bilər və qaz evə sızar. Bu işlərin icrası mütləq ixtisaslaşmış təşkilatlar tərəfindən həyata keçirilməlidir. Tüstü bacalarını kim təmizləməlidir? İnsanlar kütləvi şəkildə haraya müraciət etməlidirlər? Bu da çox mühüm sualdır. Qanunvericiliyə görə, fərdi evlərdə bacaların işlək vəziyyətdə saxlanılması ev sahibinin məsuliyyətidir. Çoxmənzilli binalarda isə bu öhdəlik Mənzil-Kommunal Təsərrüfatı İdarələrinin və MTK-ların üzərinə düşür. Lakin real vəziyyətdə insanlar çaşqınlıq içindədirlər, çünki kimə müraciət edəcəklərini dəqiq bilmirlər. Bu sahədə dövlət səviyyəsində vahid qayda və vahid xidmət sistemi yaradılmalıdır. Bacaların təmizlənməsi yalnız ixtisaslaşmış xidmətlər tərəfindən icra olunmalıdır. Yəni vətəndaş, istər fərdi ev sahibi olsun, istərsə də çoxmənzilli binada yaşasın, sadəcə bir xidmətə — dövlətin tanıdığı rəsmi quruma müraciət etməlidir. Belə olduqda həm məsuliyyət dağınıqlığı aradan qalxar, həm də xidmətin keyfiyyətinə zəmanət verilər. Beynəlxalq təcrübədə geniş istifadə olunan dəm qazı detektorlarının rolu barədə də qeyd etmək lazımdır. Dəm qazı detektoru kiçik, sadə və batareya ilə işləyən bir cihazdır. Baha olmasa da, həyati əhəmiyyət kəsb edir. Qaz evdə toplanmağa başlayanda cihaz dərhal səs siqnalı verir. İnsan təhlükənin olduğunu anlayır və müvafiq tədbirlər görür. Avropa ölkələrində bu cihazların istifadəsi məcburi xarakter daşıyır. Məsələn, Böyük Britaniyada, Almaniyada və Skandinaviya ölkələrində qaz cihazı quraşdırılan hər bir evdə detektorun olması qanuni tələbdir. Bu qaydalar illərin acı təcrübəsindən sonra qəbul edilib və minlərlə insanın həyatını xilas edib. Təəssüf ki, bizdə bu təcrübə hələ geniş yayılmayıb. Halbuki hər evdə qaz detektoru olsa, dəm qazı faciələrinin böyük hissəsinin qarşısı alınar. Bir daha qeyd edim ki, bacaların təmizliyi və təhlükəsizliyi sadəcə texniki məsələ deyil, bu, həyat və ölüm məsələsidir. Hər il ölkəmizdə baş verən dəm qazı faciələrinin qarşısını almaq mümkündür. Bunun üçün sadəcə hər birimiz məsuliyyətli olmalı, bacaların təmizlənməsinə və müvafiq təhlükəsizlik tədbirlərinin vaxtında, fasiləsiz yerinə yetirilməsinə diqqət yetirməliyik”.
Zeynəb Həsən
17:00 06.10.2026
Oxunuş sayı: 51