Bir ağ xalatın arxasında neçə həyat var?
İnsan bədəninin ağrısını azaltmaq, xəstəliyə ad qoymaq, bəzən isə bir insanı ölümün astanasından geri qaytarmaq... Həkimlik bütün bunların bir peşənin adına sığdırılmış formasıdır. Oktyabrın ilk bazar ertəsi Beynəlxalq Həkimlər Günü kimi qeyd olunur. Bu gün dünyanın müxtəlif ölkələrində insan həyatının qorunması üçün çalışan həkimlərin əməyinə, fədakarlığına və məsuliyyətinə diqqət çəkilir.
Tibb tarixinin inkişafına nəzər salanda bu gün adi qəbul etdiyimiz bir çox müalicə üsulunun əslində böyük mübarizələrin nəticəsi olduğunu görürük. Bir vaxtlar dünyanın ən qorxulu xəstəliklərindən biri hesab olunan çiçək xəstəliyi buna ən parlaq nümunələrdəndir.
1796-cı ildə ingilis həkim Edvard Cenner südçülərin əvvəllər keçirdikləri inək çiçəyindən sonra çiçək xəstəliyinə tutulmadıqlarını müşahidə etdi. O, bu müşahidəni tibbi təcrübəyə çevirdi və 8 yaşlı Ceyms Fipps üzərində ilk uğurlu vaksinasiyanı həyata keçirdi. Bu hadisə vaksinologiyanın tarixində dönüş nöqtələrindən biri oldu.
Lakin çiçək xəstəliyinin tarixdən silinməsi bir həkimin kəşfi ilə bitmədi. Onilliklər boyu dünyanın müxtəlif ölkələrində həkimlər, epidemioloqlar, tibb işçiləri və alimlər birlikdə çalışdılar. Ümumdünya Səhiyyə Təşkilatının 1967-ci ildə intensiv çiçək xəstəliyinin məhv edilməsi proqramını gücləndirməsindən sonra kütləvi vaksinasiya və xəstələrin izlənməsi həyata keçirildi. Son təbii yoluxma 1977-ci ildə Somalidə qeydə alındı, 1980-ci ildə isə ÜST xəstəliyin tamamilə məhv edildiyini elan etdi.
Bu fakt əslində həkimliyin mahiyyətini çox yaxşı göstərir: böyük tibbi nailiyyətlərin arxasında bir nəfərin deyil, illərlə çalışan minlərlə insanın əməyi dayanır.
Bu gün də həmin mübarizə davam edir. Sadəcə xəstəliklərin adı və müalicə üsulları dəyişib. COVID-19 pandemiyası zamanı dünyanın müxtəlif ölkələrində həkimlər və tibb işçiləri xəstəxanalarda gecə-gündüz çalışdılar. Vaksinlərin hazırlanması isə müasir tibbin imkanlarını bütün dünyaya göstərdi.
Həkimlik yalnız xəstəxananın dörd divarı arasında da deyil. Dünyanın ən təhlükəli bölgələrində belə ağ xalatlı insanlar öz işlərini davam etdirirlər. “Sərhədsiz həkimlər” təşkilatının komandaları müharibələr, təbii fəlakətlər, epidemiyalar və tibbi yardıma çıxışın məhdud olduğu ərazilərdə insanlara yardım göstərirlər.
Bu rəqəmlərin hər birinin arxasında isə bir insan dayanır. Hər tibbi konsultasiya bir xəstənin qorxusu, bir ailənin gözləntisi, bəzən isə bir insanın həyata yenidən bağlanması deməkdir.
Həkimlikdə bəzən ən böyük nəticə rəqəmlərlə ölçülmür. Bir ananın uşağının sağlam olduğunu eşitməsi, bir xəstənin əməliyyatdan sonra gözlərini açması, illərlə müalicə gözləyən insanın nəhayət ümid tapması da tibbin nəticəsidir.
Ona görə ağ xalat sadəcə geyim deyil. Onun üzərində gecələrin yuxusuzluğu, illərin təhsili, saysız-hesabsız imtahanlar, məsuliyyətli qərarlar və ən əsası insan həyatına verilən söz var.
Oktyabrın ilk bazar ertəsi bizə bir daha xatırladır ki, insan həyatı üçün çalışan hər həkimin arxasında böyük bir elm, böyük bir məsuliyyət və böyük bir insanlıq dayanır.
Çünki bəzən bir həkim bir xəstəni müalicə etmir, bir ailənin ümidini sağaldır.
Zeynəb Həsən
13:15 05.10.2026
Oxunuş sayı: 54