Bu şəxslərə pulsuz hüquqi yardım göstəriləcək
Azərbaycanda bir sıra sosial həssas qruplara və hüquqi yardıma ehtiyacı olan şəxslərə dövlət büdcəsi hesabına pulsuz hüquqi yardım göstərilməsi nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Pulsuz hüquqi yardım haqqında” Qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, pulsuz hüquqi yardım almaq hüququ olanlar arasında maddi imkanı kifayət etməyən aztəminatlı şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, işləməyən əlilliyi olan şəxslər və işsiz kimi qeydiyyatda olan şəxslər yer alır.
Bundan başqa, şəhid ailələrinin üzvləri, müharibə veteranları, insan alveri və məişət zorakılığının qurbanları, yetkinlik yaşına çatmayanlar, qaçqın statusu alan və Azərbaycanda siyasi sığınacaq verilən şəxslər də bu hüquqdan yararlana biləcəklər.
Valideyn himayəsindən məhrum olmuş şəxslər, cəzaçəkmə müəssisələrindən azad edildikdən sonra bir il ərzində olan şəxslər və probasiya nəzarətində olan şəxslər də siyahıya daxildir.
Qanun layihəsində cinayət, mülki və inzibati işlər üzrə müəyyən kateqoriyalara aid şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilməsi də nəzərdə tutulur.
Belə yardım, həmçinin hüquq və azadlıqlarının pozulması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edən şəxslərin təmsil olunması üçün də göstərilə bilər.
12:57 05.10.2026
Oxunuş sayı: 55