Milyonçu modelin dəhşətli qətli: Keçmiş ərinin ailəsi mənzilə görə...
Honq-Konqda məşhur model və milyonçu Ebi Çoyun qətli ilə bağlı məhkəmədə yeni detallar açıqlanıb.
Crossmedia.az xəbər verir ki, “The Standard” bu barədə məlumat yayıb.
28 yaşlı Ebi Çoy 2023-cü il fevralın 21-də itkin düşüb. İki gün sonra onun meyitinin hissələri Tay Po rayonunun Lun Mey kəndində yerləşən evdə aşkarlanıb.
Hadisə ilə bağlı modelin keçmiş həyat yoldaşı Aleks Kvong saxlanılıb. Daha sonra onun atası Kvong Kau və qardaşı Entoni Kvong da həbs edilib.
Çoy və Aleks Kvongun nikahından iki övladı olub. Cütlük 2015-ci ildə boşanıb, lakin uşaqlara əsasən Kvongun valideynləri nəzarət edib.
Məhkəmədə bildirilib ki, Çoy 2019-cu ildə uşaqlarının və keçmiş həyat yoldaşının ailə üzvlərinin yaşaması üçün Honq-Konqun mərkəzində 60 milyon Honq-Konq dolları dəyərində lüks mənzil alıb. Mənzil Kvong Kaunun adına rəsmiləşdirilib.
2022-ci ildə Çoy mənzili sataraq uşaqlarının təhsil alacağı məktəbin yerləşdiyi ərazidə yeni ev almaq qərarına gəlib. O, Kvong Kaut və onun həyat yoldaşına da köçməyi təklif edib. Lakin onların əvvəlki evdən ayrılmaq istəmədiyi bildirilib.
İstintaqın versiyasına görə, Kvong Kau və Aleks Kvong lüks mənzildə qalmaq üçün Çoyu öldürmək qərarına gəliblər. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmirlər.
Məhkəmə prosesi davam edir.
Çoy imkanlı ailədən olub və şəxsi sərvətinin təxminən 100 milyon Honq-Konq dolları olduğu bildirilirdi. O, Honq-Konqda dəb ikonlarından biri kimi tanınır, “L'Officiel”, “Elle”, “Harper's Bazaar” və “Vogue” kimi jurnalların üz qabığında yer alırdı.
Model dünyanın müxtəlif ölkələrində keçirilən moda nümayişlərini izləyir və təəssüratlarını bloqunda paylaşırdı.
10:23 05.10.2026
Oxunuş sayı: 46