TRT World sənədli filmləri beynəlxalq festivallarda mükafatlandırılıb
TRT World-un beynəlxalq “Emmy” mükafatına layiq görülmüş araşdırma sənədli film seriyası “Off The Grid” çərçivəsində hazırlanan “Myanmar Scam Factory” filmi İtaliyada keçirilən 12-ci DIG Festivalında mükafat qazanıb.
Cross edia.az xəbər verir ki, TRT-nin yaydığı məlumata görə, film “Ən yaxşı orta metrajlı araşdırma jurnalistikası” kateqoriyasında birinci seçilib. Xorvatiyalı rejissor İqor Bezinoviçin rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti 300-dən çox müraciət arasından qalibi müəyyənləşdirib.
“Myanmar Scam Factory” sənədli filmində Myanmardakı vətəndaş müharibəsi və xaos şəraitindən istifadə edən cinayətkar qrupların yaratdığı kiberdələduzluq mərkəzləri və burada formalaşan müasir köləlik sistemi araşdırılır.
Eyni həftə Fransada keçirilən Cannes Corporate Media & TV Awards festivalında da TRT World-un layihələri mükafatlandırılıb. “Myanmar Scam Factory” filminin tanıtım videosu “Sənədli filmlər və xəbər proqramları üçün treyler və tanıtımlar” kateqoriyasında “Gümüş Yunus” mükafatına layiq görülüb.
Festivalda TRT World-un daha iki sənədli filmi də “Gümüş Yunus” qazanıb. Rusiya-Ukrayna müharibəsinin dördüncü ilində cəbhə xəttində mülki insanların mübarizəsini əks etdirən “Ukraine: The Citizen Front” filmi “İnsan hüquqları və aktivizm” kateqoriyasında mükafatlandırılıb.
Qəzzadakı hadisələri iki fələstinli fotoqrafın obyektivindən əks etdirən “Gaza Remains in Frame” sənədli filmi isə “Cari hadisələr” kateqoriyasında “Gümüş Yunus” mükafatına layiq görülüb.
Çəkilişlərdən sonra İsrailin hücumu nəticəsində həyatını itirən fotojurnalist Yahia Barzaqın xatirəsinə həsr olunan film daha əvvəl New York Festivals və Telly Awards mükafatlarına da layiq görülüb.
TRT-nin baş direktoru Mehmet Zahid Sobacı sosial media hesabında kanalın beynəlxalq uğurunu təbrik edib. O bildirib ki, TRT World DIG Awards-da “Ən yaxşı araşdırma” mükafatını, Cannes Corporate Media & TV Awards-da isə üç “Gümüş Yunus” mükafatını qazanıb.
Sobacı bu uğurun ərsəyə gəlməsində əməyi olan əməkdaşları təbrik edərək, TRT-nin beynəlxalq yayım sahəsində təsir dairəsini genişləndirməyə davam edəcəyini qeyd edib.
05:10 30.09.2026
Oxunuş sayı: 52