Dönərdən qaynar çaya qədər: Xərçəng riskini artıran gündəlik vərdişlər AÇIQLANDI
Ümumdünya Səhiyyə Təşkilatı qeyri-sağlam qidalanmanı xərçəng də daxil olmaqla bir sıra xroniki xəstəliklər üçün risk faktorlarından biri hesab edir. Araşdırmalara görə, emal olunmuş ət məhsullarının, yüksək şəkər, duz və yağ tərkibli qidaların həddindən artıq istehlakı, meyvə-tərəvəz və liflə zəngin məhsulların isə az qəbul edilməsi sağlamlıq risklərini artıra bilər.
Ümumdünya Xərçəng Araşdırmaları Fondu gündəlik rasionda tam taxıllı məhsullar, tərəvəz, meyvə və paxlalıların üstünlük təşkil etməsini, qırmızı və xüsusilə emal olunmuş ətin, yüksək kalorili və şəkərli qidaların məhdudlaşdırılmasını tövsiyə edir. Bəs gündəlik qidalanmada hansı vərdişlər xərçəng riskini artıra bilər və düzgün qidalanma bu riski nə dərəcədə azaltmağa kömək edə bilər?
Crossmedia.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, dosent Fərid Museyibov qidalanma vərdişlərinin onkoloji xəstəliklərin yaranma riskinə təsir göstərə biləcəyini bildirib. Onun sözlərinə görə, fast-food, ultra emal olunmuş ət və ət məhsulları, tütün və alkoqoldan istifadə, artıq çəki kimi amillər həm ürək-damar, həm də onkoloji xəstəliklərin yaranmasında risk faktorları sırasında yer alır: “Ümumiyyətlə, aparılmış statistik məlumatlar onu deməyə imkan verir ki, onkoloji xəstəliklərin yaranmasında 50-60 faiz hallarda ilk sırada qidalanma faktoru dayanır. Təbii ki, buraya ilk növbədə fast-food qidalar, ikinci sırada isə ultra emal olunmuş ət və ət məhsulları aiddir. Bundan sonra zərərli vərdişlərdən tütündən geniş istifadə, alkoqoldan sui-istifadə və artıq çəkinin olması gəlir. Bütün bunlar həm ürək-damar xəstəliklərinin artmasına gətirib çıxaran əsas amillərdir, həm də onkoloji xəstəliklərin meydana gəlməsinə səbəb olan əsas faktorlardan biridir”.
Qidalanma ilə bağlı digər məsələyə diqqət çəkən Fərid Museyibov çox isti içkilərin qəbulunun da sağlamlıq baxımından arzuolunmaz olduğunu bildirib: “Bizim insanlar çay içməyi çox sevirlər. Qida borusu və mədə xərçənginin yaranma səbəblərindən biri də travmaların olmasıdır. Təbii ki, qaynar çay içdikdə bu, ilk növbədə ağız boşluğunun selikli qişasını, qida borusunun selikli qişasını, həm də mədənin selikli qişasını zədələyir. Ona görə də tövsiyə olunur ki, çayı ümumiyyətlə qaynar şəkildə içmək olmaz. Çünki selikli qişanı zədələdiyi üçün bu da travma meydana gətirir”.
Dönər, hamburger və energetik içkilərin həddindən artıq qəbuluna da toxunan dosent bunlardan sui-istifadənin də risk yarada biləcəyini qeyd edib: “Başqa bir misal dönərdir, hamburgerdir, ondan sonra energetik içkilərdir. Bunlardan sui-istifadə, təbii ki, bütün bunlar hamısı onkoloji xəstəliklərin əsas yaranma səbəblərindən biridir”.
Fiziki aktivlik və maye qəbulunun da vacib olduğunu bildirən Fərid Museyibov həftə ərzində müntəzəm idman etməyi və gün ərzində kifayət qədər maye qəbulunu tövsiyə edib: “Məsləhət görürük ki, həftədə ən azı 2-3 dəfə idman etmək tövsiyə olunur. Buraya aid olan idman dedikdə adətən həm yoqa idman növü, həm də yürüş nəzərdə tutulur. Yürüş dedikdə ən azı bir gündə 10-12 min addım yerimək tövsiyə olunur. Bir də bir şeyi məsləhət görərdim ki, mayedən də kifayət qədər istifadə olunsun. Ən azından gün ərzində 1,5-2 litr maye içmələri tövsiyə olunur. Çünki bu da həm həzm prosesinin yaxşılaşmasına gətirib çıxarır, həm də metabolizmə çox yaxşı təsir göstərdiyinə görə gün ərzində lazımi qədər maye qəbul etmək tövsiyə olunur”.
Dosent acılı və qızardılmış qidaların həddindən artıq qəbuluna qarşı da diqqətli olmağı tövsiyə edib: “Acılı şeylərdən çox istifadə qıcıqlanmaya gətirib çıxarır. Bu qidalardan uzaq durmaları məsləhət olunur. Təbii ki, qızardılmış yeməklərdən çox istifadə də arzuolunan deyil. Bunlar da qida borusu və mədə xərçənginin yaranmasına gətirib çıxaran əsas amillərdən biridir”.
Nigar Xəlilli
18:30 28.09.2026
Oxunuş sayı: 44