Qazaxıstanda Əlişir Nəvainin nadir əlyazması qorunur
Qazaxıstanın zəngin əlyazma fondlarında türk dünyasının ortaq ədəbi və mədəni irsinə işıq salan qiymətli mənbələr qorunur. Belə nadir nümunələrdən biri də böyük türk şairi və mütəfəkkiri Əlişir Nəvainin “Xəzāin əl-məani” – “Mənalar xəzinəsi” əsərinin 1831-ci ilə aid əlyazma nüsxəsidir.
Crossmedia.az xəbər verir ki, Qazaxıstan Respublikası Milli Akademik Kitabxanasının elmi əməkdaşı, L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin doktorantı Möldir Tölepbayqızı Baymaxanbetovanın verdiyi məlumata görə, kitabxananın nadir fondunda qorunan bu nüsxə indiyədək geniş elmi dövriyyəyə daxil edilməyib. Əlyazma kodikoloji və paleoqrafik xüsusiyyətlərinə görə xüsusi əhəmiyyət daşıyır.
Əlyazma çağatay türkcəsində, nəstəliq-şikəstə xətti ilə iki sütunda yazılıb. Onun katibi Müqimcan ibn Usta Babacan Səmərqəndidir. Əlyazmanın kağızı, cildi, xətt üslubu və hazırlanma texnikası XIX əsr Orta Asiyası, xüsusilə Səmərqəndin kitab və xəttatlıq mədəniyyəti haqqında mühüm məlumat verir.
Baymaxanbetovanın sözlərinə görə, əlyazmanın mühüm xüsusiyyətlərindən biri Əlişir Nəvainin dörd divanını özündə birləşdirməsidir. Burada “Nəvadir əş-Şəbab”, “Qəraib əs-Siğar”, “Fəvaid əl-Kibar” və “Bədaye əl-Vəsət” divanları yer alır. Qəzəl, rübai, müxəmməs və digər klassik janrlarla yanaşı, türk şeir ənənəsinə məxsus tuyuğ nümunələrinin qorunması da əlyazmanın elmi və mədəni əhəmiyyətini artırır.
Əlyazmanın üzərindəki 1918-ci ilə aid mülkiyyət qeydi onun Səmərqənd–Kulca–Qazaxıstan istiqamətində keçdiyini göstərir. Bu isə nüsxənin yalnız ədəbi deyil, eyni zamanda Mərkəzi Asiyanın tarixi-mədəni əlaqələrinin öyrənilməsi baxımından da mühüm mənbə olduğunu göstərir.
Möldir Baymaxanbetovanın sözlərinə görə, bu cür əlyazmaların elmi dövriyyəyə daha geniş şəkildə daxil edilməsi yalnız Nəvai irsinin öyrənilməsi baxımından deyil, bütövlükdə türk dillərinin zəngin elmi və intellektual ənənəsinin üzə çıxarılması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu irsin sistemli şəkildə araşdırılması, nəşri və beynəlxalq elmi mühitdə tanıdılması türk dillərinin elmi dil kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verə bilər.
Tədqiqatçının fikrincə, bu nadir nüsxənin gələcəkdə tam rəqəmsallaşdırılması, çağatayca mətninin transkripsiyasının hazırlanması və ayrıca elmi nəşr şəklində çap olunması türkoloji araşdırmalar üçün əhəmiyyətli töhfə ola bilər.
14:35 26.09.2026
Oxunuş sayı: 49