İsidilən yemək orqanizmdə hansı xəstəliklər yaradır?
Mikrodalğalı sobanın qidaları qızdırmaq üçün istifadə etdiyi mikrodalğalar ionlaşdırıcı şüalanma deyil və soba standartlara uyğun, zədəsiz vəziyyətdə istifadə edildikdə sağlamlıq üçün təhlükəli hesab olunmur. ABŞ Qida və Dərman Administrasiyası bildirir ki, mikrodalğalı sobada qızdırılan yemək radioaktiv olmur və mikrodalğalı bişirmə qidanın qida dəyərini adi bişirmədən daha çox azaltmır. Bununla belə, sobanın zədələnmiş qapısı və ya möhürləri mikrodalğa sızması baxımından risk yarada bilər, qidanın qızdırılması zamanı isə qab seçimi və temperatur kimi məsələlərə diqqət etmək vacibdir. Bəs mikrodalğalı sobadan mütəmadi istifadə zamanı hansı təhlükəsizlik qaydalarına əməl edilməlidir?
Crossmedia.az-a açıqlamasında terapevt Zakir Quliyev mikrodalğalı sobada qızdırılan və ya bişirilən yeməklərin mütəmadi qəbulunun orqanizmə xüsusi zərər verdiyinə dair etibarlı dəlilin olmadığını bildirib.

Onun sözlərinə görə, mikrodalğalı sobada istifadə olunan şüalanma qidanı radioaktiv etmir və yeməkdə “şüalanma” saxlamır: “Qidanın tərkibindəki dəyişikliklər isə digər bişirmə üsullarında olduğu kimi əsasən istilikdən asılıdır”.
Zakir Quliyev əsas diqqətin yeməyin düzgün qızdırılmasına yönəldilməli olduğunu vurğulayıb: “Yeməyin bir hissəsi isti, başqa hissəsi soyuq qala bilər. Buna görə onu qarışdırmaq, hər tərəfinin yaxşı qızdığını yoxlamaq və yalnız mikrodalğalı sobaya uyğun qabdan istifadə etmək lazımdır”.
Terapevt qapısı zədələnmiş mikrodalğalı sobadan istifadə edilməməsinin vacib olduğunu da qeyd edib: “Bu qaydalara əməl olunduqda, mikrodalğalı sobada hazırlanmış yeməyi tez-tez qəbul etməyin ayrıca sağlamlıq riski olduğuna dair etibarlı dəlil yoxdur”.
Nigar Xəlilli
11:30 26.09.2026
Oxunuş sayı: 48