Yeni qərar: Mürəbbə bişirmək üçün sertifikat almalısınız
Evdə hazırlanaraq satışa çıxarılan qida məhsullarının təhlükəsizliyi və istehsal şəraiti ilə bağlı tələblər gündəlik qida bazarında yeni müzakirə mövzusu yaradıb. Qida məhsullarının istehsalı və satışı ilə məşğul olan obyekt və subyektlərin AQTA-da qeydiyyatı və ya təsdiqi qanunvericiliklə nəzərdə tutulur. Məhsulların təhlükəsizliyi ilə yanaşı, istehsalçı, tərkib və etiketləmə barədə məlumatların istehlakçıya təqdim edilməsi də mühüm tələblər sırasındadır.
Bu qaydaların ev şəraitində tort, şirniyyat, mürəbbə, konserv və digər qida məhsulları hazırlayıb sosial şəbəkələr üzərindən satan şəxslərə necə tətbiq olunması isə xüsusilə diqqət çəkir. Burada əsas məsələ bir tərəfdən istehlakçıların təhlükəsiz qida ilə təmin edilməsi, digər tərəfdən isə evdən kiçik biznes quran şəxslər üçün tələblərin necə müəyyənləşdirilməsidir.
Crossmedia.az-a açıqlamasında qida eksperti Seymur Qafarov 2027-2032-ci illər üçün qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı çərçivəsində ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara çıxarılması ilə bağlı yeni tələblərin müəyyənləşdiriləcəyini bildirib:

“2027-2032-ci illər arasında qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramının təsdiq olunmasına əsasən, qida təhlükəsizliyi haqqında qanunvericilikdə bir sıra təkmilləşdirmələr həyata keçiriləcək. O cümlədən bu təkmilləşdirmələr, təsdiqlər, istifadə təlimatlarının hazırlanması, heyvanların identifikasiyasının daha da optimallaşdırılması, HACCP sisteminə keçidin sürətləndirilməsi, sözsüz ki, qida təhlükəsizliyi məsələləri ilə bağlı istehlakçıların daha təhlükəsiz qida ilə təmin olunmasına öz müsbət təsirini göstərəcək”, - deyə ekspert qeyd edib.
Seymur Qafarov bildirib ki, ev şəraitində hazırlanan qida məhsullarının satışa çıxarılması ilə bağlı da bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur: “Həm qablaşdırma materiallarına, həm hazır qida məhsullarının satışına, həm də ev şəraitində hazır qida məhsullarının hazırlanaraq satışa çıxarılmasına dair bir sıra yeniliklər mövcud olacaq. Evdə, məişətdə hazırlanan qidaların marketlərdə, bazarlarda və digər mümkün satış məkanlarında qida təhlükəsizliyi tələbləri çərçivəsində, həm müəyyənləşdirilərək, həm də yerində sertifikatlaşdırılaraq satışı ilə bağlı təkmilləşdirmələr olacaq. Bu da öz növbəsində 1959-60-cı illərdən tətbiq olunan Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri, yəni HACCP sistemi əsasında öz təsdiqini tapacaq”.
Ekspertin sözlərinə görə, ev şəraitində hazırlanan məhsulların bazara çıxarılması zamanı onların etiketlənməsi və saxlanma şərtləri ilə bağlı tələblərin müəyyən edilməsi də nəzərdə tutulur: “Qida məsələləri ilə bağlı, qida təhlükəsizliyi üzrə, sözsüz ki, məişətdə istehsal olunan məhsulların da bazarlarda müvafiq etiket məlumatları çərçivəsində satılması planlaşdırılıb. Burada Qida təhlükəsizliyi haqqında qanunvericiliyin 17.2-ci maddəsi tələb edir ki, məhsulların üzərində qida inqrediyentləri, istehsalçının ünvanı, 100 qramlıq məhsulun qida dəyərləri, saxlamaq üçün nəzərdə tutulmuş rütubət göstəriciləri və temperatur göstəriciləri qeyd olunsun. Donmuş qidaların, soyudulmuş qidaların və ya quru qidaların otaq temperaturunda saxlanması üçün müvafiq metodikalar işlənib hazırlanacaq”.
Seymur Qafarov qeyd edib ki, bu tələblər ev üsulu ilə hazırlanan məhsulların qanuni şəkildə bazara çıxarılmasına imkan yarada bilər: “Bu, ev üsulunda hazırlanan, yəni homemade kimi tanınan məhsulların satışı zamanı artıq həmin məhsulların bazara çıxarılıb əlçatan olmasına şərait yaradacaq. Öz təcrübəmdə bildirə bilərəm ki, Avropa ölkələrində, qardaş Türkiyədə və Uzaq Şərq ölkələrində bunun üçün xüsusi ərazilər, yerlər yaradılır və daimi olaraq qida təhlükəsizliyi üzrə müvafiq laborator analizləri götürüldükdən sonra məhsul haqqında verilən müsbət rəylər əsasında həmin məhsulların istehsalına və satışına şərait yaradılır. Bu da öz növbəsində həm qida təhlükəsizliyi nöqteyi-nəzərindən baş verə biləcək hər hansı riskləri aradan qaldırır, eyni zamanda daha təmiz, daha sağlam və ekoloji cəhətdən düzgün şəkildə qidanın satışa çıxarılmasına şərait yaradır”.
Nigar Xəlilli
19:30 22.09.2026
Oxunuş sayı: 42