Azərbaycanın yeni iqtisadi xətti: Bakı Qərb və Şərq arasında necə balans qurur?
Azərbaycanın xarici siyasətində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi və beynəlxalq iqtisadi platformalarda iştirak son dövrdə diqqət çəkən məsələlərdəndir. BMT-nin 81-ci Baş Assambleyası çərçivəsində keçirilən görüşlərdə də ölkələrin qlobal iqtisadi və siyasi gündəmlə bağlı mövqelərini müzakirə etməsi üçün müxtəlif formatlar təşkil olunur. Azərbaycan nümayəndələrinin belə tədbirlərdə iştirakı ölkənin beynəlxalq əməkdaşlıq gündəliyinin iqtisadi istiqamətlərinin təqdim olunması baxımından əhəmiyyət daşıyır.
Bu çərçivədə Azərbaycanın Xarici İşlər Nazirliyi Dünya İqtisadi Forumu tərəfindən “Əməkdaşlığın olmadığı zamanda əməkdaşlıq gündəliyi” mövzusunda təşkil olunan dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib. Tədbirin BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilməsi qlobal iqtisadi əməkdaşlıq, tərəfdaşlıq və müxtəlif ölkələr arasında əlaqələrin inkişafı məsələlərinin beynəlxalq gündəmdəki yerini də göstərir. Azərbaycanın paralel olaraq həm Qərb, həm də Asiya ölkələri ilə siyasi və iqtisadi münasibətlərini inkişaf etdirməsi isə bu siyasətin çoxistiqamətli xarakterini önə çıxarır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlamasında bildirib:
“Azərbaycan çoxvektorlu siyasət həyata keçirir. Təbii ki, həm Qərb, həm də Şərq ölkələri ilə əməkdaşlığın gücləndirilməsi Azərbaycan üçün prioritet məsələlərdəndir. Bu istiqamətdə biz həm Amerika Birləşmiş Ştatları ilə strateji münasibətlərin qurulmasını və inkişafını müşahidə edirik, həm də eyni zamanda Asiya ölkələri ilə Azərbaycanın strateji əməkdaşlığı güclənir. Xüsusilə Çin daxil olmaqla, Asiyanın inkişaf etmiş ölkələri ilə yeni iqtisadi və siyasi münasibətlərin dərinləşməsi müşahidə olunur.
Bu, təbii ki, Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsinə təsir göstərən faktorlardandır. Nəticə etibarilə, biz Azərbaycanın regional orta güc dövlətinə çevrilməsini də müşahidə edirik. Xüsusən nəzərə alsaq ki, artıq yeni formalaşmış düzən praktiki olaraq Azərbaycanın mövqeyini daha da gücləndirir. Bu baxımdan Azərbaycanın BMT Baş Assambleyasında iştirak etməsi, bu istiqamətdə keçirilən görüşlər və müzakirələr ölkəmizin regional mövqeyinə birbaşa təsir göstərən faktorlardandır. Şübhəsiz ki, bu ondan xəbər verir ki, Azərbaycanın regionda formalaşdırdığı yeni düzən, bütövlükdə bölgənin sülh və təhlükəsizliyinin formalaşmasına xüsusi töhfədir”.
Zeynəb Həsən
19:15 22.09.2026
Oxunuş sayı: 40