Uşaq evində böyümək uşağın həyatında hansı izləri buraxır?
Uşağın ailədən ayrılması yalnız onun yaşayış şəraitinin dəyişməsi ilə yekunlaşan məsələ deyil. Valideynlə qurulan münasibət uşağın özünü necə qəbul etməsinə, insanlara nə dərəcədə güvənməsinə, emosiyalarını necə ifadə etməsinə və gələcəkdə münasibətlər qurmasına təsir edən əsas amillərdən biridir. Bu səbəbdən valideyn himayəsindən məhrum qalan uşağın ehtiyacını yalnız yemək, geyim, təhsil və yaşayış şəraiti ilə məhdudlaşdırmaq mümkün deyil. Uşağın emosional təhlükəsizlik hissi, fərdi diqqət və aidiyyət duyğusu da onun inkişafının vacib hissəsidir.
Məsələ xüsusilə uşaq kiçik yaşda ailə mühitindən uzaq düşdükdə daha mürəkkəb xarakter alır. Çünki məhz uşaqlıq dövründə insanın ailə, sevgi, güvən, məsuliyyət və sosial münasibətlər haqqında ilk təsəvvürləri formalaşır. Uşaq evində ona göstərilən qayğı və yaradılan imkanlar mühüm olsa da, ailədəki fərdi münasibətin, gündəlik emosional bağlılığın və “mən kiminsə övladıyam” hissinin yerini tam olaraq doldurmaq asan deyil. Bu fərq uşağın yalnız bu gününə deyil, yeniyetməlik və yetkinlik dövründəki davranışlarına da təsir göstərə bilər.
Digər tərəfdən, valideyn himayəsindən kənarda qalmağın səbəbləri də müxtəlifdir. Boşanma, ailədaxili problemlər, sosial-iqtisadi çətinliklər, valideynlərin uşağın tərbiyəsinə hazır olmaması və digər səbəblər nəticəsində bəzi uşaqlar ailə mühitindən uzaq düşür. Belə hallarda məsələ artıq yalnız bir ailənin problemi olmaqdan çıxaraq sosial məsələyə çevrilir. Uşağın təhsilindən və gündəlik qayğısından tutmuş, onun psixoloji dəstəyinə, sosiallaşmasına və gələcəkdə müstəqil həyata hazırlanmasına qədər bir sıra məsuliyyətlər dövlət və aidiyyəti qurumların üzərinə düşür.
Üstəlik, bu məsələ uşağın 18 yaşına çatması ilə başa çatmır. Uşaq müəssisəsindən ayrıldıqdan sonra qarşısında yeni həyat mərhələsi başlayır: təhsil, iş, yaşayış yeri, sosial münasibətlər və müstəqil qərarlar. Ailə dəstəyindən məhrum böyüyən bir insan üçün bu keçid daha mürəkkəb ola bilər. Buna görə də uşağın ailə mühitindən kənarda qalmasının nəticələrinə yalnız bugünkü sosial problem kimi deyil, onun gələcək həyatına təsir edən uzunmüddətli proses kimi yanaşmaq lazım gəlir.
Bəs valideyn himayəsindən məhrum böyüyən uşaqların sosiallaşmasında əsas çətinliklər nələrdir? Ailə mühitinin olmaması onların psixoloji vəziyyətinə necə təsir edir və uşaqların ailələrdə böyüməsini təmin edən mexanizmlər nə dərəcədə effektivdir?
Mövzu ilə bağlı sosioloq Hüseyn İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib ki, hər bir övlad ailə və valideyn qayğısı ilə əhatə olunduqda psixoloji olaraq daha sağlam və yetkin böyüyür. Xüsusilə də indiki müxtəlif sosial şəbəkələrin artdığı bir vaxtda valideyn institutunun övlad üzərindəki nəzarətinə xüsusi ehtiyac var:
"Nəzərə alsaq ki, övladlıqdan imtina etmək bütün dünyada mövcuddur. Sovet dövründə də, indi də Azərbaycanda bu tendensiya olub və var. Bəzən valideynlər iş arxasınca başqa yerə getməklə övladlarını uşaq evinə verirlər, bəzən isə boşanmanın özü buna təsir edir. Bəzi hallarda valideynin özünün uşaq böyütmək üçün hazırlıqlı olmaması da bu amillərə təsir göstərir. Valideynlər uşaqlardan imtina etdikdə, bu, aidiyyəti dövlət institutlarının da yükünü və qayğısını müəyyən qədər artırmış olur.

Hələ bir neçə il əvvəl ölkəmizdə uşaqlara qayğı ilə bağlı deinstitusionalizasiya prosesi başlamışdı. Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bu böyük proqramın əsas məqsədlərindən biri uşaq evlərində olan, valideyn himayəsindən məhrum uşaqların ailələrə verilməsi məsələsini təşkil etmək idi. Dünya təcrübəsində də belə bir yanaşma var. Bu, təbii ki, uşağı himayəyə götürən ailənin könüllü istəyi ilə həyata keçirilən bir məsələ idi.
Məsələ və təcrübə ondan ibarətdir ki, bu zaman uşaqlar daha adekvat sosiallaşırlar. Həmin uşaqları himayəyə götürən ailələrə əlavə olaraq müavinətlər verilir, xərcləri qarşılanır və onlar uşaqları öz ailələrində övladları kimi böyüdürlər. Bu, övladlığa götürmə deyil, sadəcə olaraq valideyn himayəsindən məhrum uşağın ailə institutu tərəfindən verilən razılıq əsasında başqa bir ailədə böyüməsidir.
Bu təcrübə pilot layihə kimi davam etsə də, sonradan geniş şəkildə artmadı. Nəzərə alsaq ki, bu gün Bakıda, eləcə də Azərbaycanın böyük şəhər və regionlarında uşaq evləri var. Hətta monitorinqlər zamanı rast gəlmişik ki, elə uşaq evi var, orada bir ailədən bir neçə uşaq saxlanılır. Ata və ana boşandıqdan sonra ana uşaqların beşini də uşaq evinə verib. Məsələn, biz Yevlaxda və ya Gəncədə belə hallarla rastlaşmışdıq".
Ekspert vurğulayıb ki , bütün bunlar dövlətin də yükünü artırır. Övladlıqdan imtina etməyin uşağın psixologiyasına və gələcək sosial davranışına mənfi təsirləri olur:
"Düzdür, həmin evlərdə dövlət proqramları ilə əhatə olunan uşaqlar kifayət qədər müxtəlif mədəni və sosial tədbirlərlə, qayğı ilə əhatə olunurlar, ancaq ailə institutu tərbiyəsi tamamilə başqadır. Üstəlik, onların 18 yaşı tamam olduqdan sonra digər sosial məsələləri yaranır. Düzdür, bu istiqamətdə də dövlət proqramı var; valideyn himayəsindən kənarda qalmış uşaqların, oğlanların hərbi xidmətdən sonra evlə təmin olunması, qızların mənzillə təmin edilməsi ilə bağlı layihələr mövcuddur. Ancaq bütün hallarda razılaşmalıyıq ki, valideyn himayəsindən kənarda qalan uşaqların psixoloji vəziyyəti həmişə yaxşı olmur.
Xüsusilə də indiki informasiya asılılığının artdığı və sosial şəbəkələrin geniş yayıldığı bir dövrdə ailə institutundan kənarda qalan uşaqların təlim-tərbiyəsindəki çətinliklər rəsmi institutların işlərini artırır, eyni zamanda uşaqların psixoloji əhval-ruhiyyəsində mənfi izlər buraxır.
Ümumiyyətlə, valideynlər və övlad dünyaya gətirən insanlar bunun hüquqi, psixoloji və mənəvi tərəflərini yaxşı götür-qoy etməlidirlər ki, belə tendensiyalar baş verməsin. Valideynlər özləri yaşlaşanda unutmamalıdırlar ki, bu kimi mənəvi problemlərin əziyyətini daha çox çəkəcəklər”.
Zeynəb Həsən
20:50 19.09.2026
Oxunuş sayı: 44