İran işğal ediləcək, Amerika imperatorluğu qurulacaq - Şok proqnoz
ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar artıq regional qarşıdurmanı aşaraq böyük dövlətlərin maraqlarının toqquşduğu geniş geosiyasi prosesə çevrilib. Münaqişənin əsas istiqamətlərindən biri İranın nüvə və raket imkanları ilə yanaşı, enerji və dəniz marşrutları üzərində nəzarət uğrunda mübarizədir. Xüsusilə Hörmüz boğazında yaranmış vəziyyət qlobal enerji təchizatı baxımından ciddi əhəmiyyət daşıyır. ABŞ-İran qarşıdurmasının bu marşruta təsiri neft daşımaları və beynəlxalq bazarlarda qiymət risklərini də artırıb. Hazırda Vaşinqtonun bölgədə hərbi mövcudluğu davam edir, tərəflər arasında isə qarşılıqlı zərbələr və dəniz insidentləri qeydə alınır.
Münaqişənin digər mühüm tərəfi Çinin prosesə münasibətidir. Pekin Tehranla strateji və iqtisadi əlaqələrə malik olmaqla yanaşı, İran neftinin əsas alıcılarından biridir. Buna görə də müharibənin uzanması və Hörmüz boğazında gəmiçiliyin məhdudlaşması Çinin enerji təhlükəsizliyi və ticarət marşrutları üçün də əhəmiyyətli məsələdir. Sentyabrın 16-da Çinin xarici işlər naziri Vanq Yi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə ABŞ və İranı təmkin göstərməyə və danışıqlara qayıtmağa çağırıb, həmçinin Hörmüz boğazının mümkün qədər tez açılmasının vacibliyini vurğulayıb.
Bununla yanaşı, Britaniya İcmalar Palatasının kitabxanasının avqustun sonunda hazırladığı təhlildə ABŞ və İsrailin hərbi əməliyyatlara başlayarkən İran rəhbərliyində dəyişiklik və İranın nüvə-raket proqramlarının sıradan çıxarılması kimi məqsədləri açıqladıqları qeyd olunur. Eyni sənədə görə, tərəflər arasında iyunda Pakistanın vasitəçiliyi ilə danışıqlara şərait yaratmaq məqsədilə anlaşma əldə edilsə də, sonradan prosesin davamlılığı təmin olunmayıb.
Belə bir şəraitdə Çinin diplomatik təşəbbüsləri yalnız İran-ABŞ münasibətləri baxımından deyil, Pekinin Yaxın Şərqdəki mövqeyi və qlobal güclər arasındakı rəqabət baxımından da diqqət çəkir. Çin artıq münaqişənin dayandırılması və diplomatik mexanizmlərin bərpası çağırışlarını açıq şəkildə səsləndirir. Bəs Pekinin bu prosesdə rolu nə qədər genişlənə bilər və İran ətrafında yaranmış qarşıdurma Çin-ABŞ rəqabətinin daha böyük geosiyasi müstəviyə keçməsinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlamasında bildirib:

“İranda baş verən hadisələr Amerika Birləşmiş Ştatlarının strateji planının tərkib hissəsidir. ABŞ İranda hakimiyyəti dəyişib özünə münasib bir hakimiyyət qurmaq, daha doğrusu, İranı işğal etmək istəyir. Məqsəd Amerika imperatorluğuna təhlükə yaradan amilləri aradan qaldırmaq üçün İrandan bir vasitə kimi də istifadə etməkdir. Çünki Amerika imperatorluğu üçün üç təhlükə mənbəyi var: Rusiya — hərbi gücünə görə, Çin — iqtisadi gücünə görə, Avropa İttifaqı — maliyyə gücünə görə. Bu imperatorluğa təhlükə yaradan amilləri aradan qaldırmaq üçün hakimiyyətdə olan siyasi partiya zaman-zaman müxtəlif taktiki gedişlər həyata keçirib. İranla bağlı müxtəlif dövrlərdə müxtəlif bəhanələrlə tətbiq olunan sanksiyalar sosial vəziyyəti dəyişib inqilabi situasiya yaratmaq məqsədi daşıyırdı. Bu layihə özünü doğrultmadığına görə, uranın zənginləşdirilməsi bəhanə edilərək Amerika və İsrail tərəfindən hərbi əməliyyatların başladılması həyata keçirildi".
Politoloq qeyd edib ki, hərbi əməliyyatların ilkin vaxtlarında ABŞ prezidenti və İsrailin baş naziri açıq şəkildə bəyan etdilər ki, İranda hakimiyyəti dəyişmək niyyətindədirlər. Məqsəd İranı işğal edib Çin əleyhinə istifadə etməkdir:
"Uzun müddətdir ki, Çinin artan iqtisadi gücü Amerika üçün təhlükə hesab olunur. Bu səbəbdən Çinin iqtisadiyyatını zəiflətmək üçün onun enerji qaynaqlarını kəsmək niyyətindədirlər. Bu baxımdan Venesuela da işğal olundu və Venesuela neftinin Çinə satılmasına məhdudiyyət qoyuldu. İran öz neftinin 70-80 faizini Çinə satırdı. İran işğal olunacağı təqdirdə bu neftin də Çinə satılmasına məhdudiyyət qoyulacaqdı. İranda aparılan hərbi əməliyyatlar Çinin də maraq dairəsindədir. Çin İrana hər vəchlə siyasi və mənəvi dəstək verir. Bu həm iqtisadi maraqlardan, həm də beynəlxalq hüquqdan irəli gəlir. Çünki Çinlə İran arasında geniş strateji-iqtisadi əməkdaşlıq mövcuddur. Eyni zamanda, Amerikanın işğalçılıq siyasəti BMT Nizamnaməsinin birbaşa pozulması deməkdir. Hərbi əməliyyatların nəticəsində Hörmüz boğazının bağlanması dolayısı ilə Çin iqtisadiyyatına zərər vurur. Çünki İran neftinin, o cümlədən Hörmüz boğazından keçən ərəb nefti yüklü tankerlərin Çinə getməsinə ABŞ maneə törədə bilər. ABŞ-nin məqsədi İranı işğal etməklə yanaşı, Hörmüz boğazını da nəzarətə keçirməkdir. Dünya neftinin 20 faizinin bu boğazdan keçməsi ABŞ-nin nəzarətində olarsa, bu, Amerikanı iqtisadi baxımdan söz sahibinə çevirəcək. Necə ki, Amerika beynəlxalq ödəniş sistemi vasitəsilə müxtəlif dövlətlərə sanksiya tətbiq edir, Hörmüz boğazını nəzarətə götürərsə, öz istəyinə uyğun davranmayan dövlətlərin tankerlərinə də maneə yarada bilər. Çin dövləti İrandakı hərbi əməliyyatların dayandırılmasını həm regional, həm də geostrateji baxımdan vacib sayır. Çin bu məsələdə vasitəçilik edərək problemi köklü şəkildə həll etməyə çalışır. Bu, onun beynəlxalq imicinə və iqtisadi maraqlarına xidmət edir. İran Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS çərçivəsində də fəal iştirak edir. Buna baxmayaraq, Çinin vasitəçiliyinin məsələyə köklü təsir etmək imkanları məhduddur. Məsələnin həlli daha çox ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən asılıdır. Konqresdə Trampa qarşı İran əməliyyatının dayandırılması ilə bağlı çağırışlar edilir. Əgər seçkilərdə demokratlar qələbə qazanarsa, Trampın impiçment məsələsi gündəmə gələ bilər. Tramp hakimiyyətdən uzaqlaşdırılarsa, İran ətrafında yeni siyasi situasiya yaranacaq. İranın bu gün müqavimət göstərməsi və Trampın şərtlərini qəbul etməməsi dolayısı ilə demokratların xeyrinə işləyir. Çinin sülhə yönəlmiş hər bir vasitəçilik təşəbbüsü isə təqdirəlayiqdir”.
Zeynəb Həsən
20:20 17.09.2026
Oxunuş sayı: 57