Azərbaycanda avtomobil idxalı 35 faiz azalıb: qiymətlər ucuzlaşır
Azərbaycanda avtomobil idxalının həcminin azalması ölkənin avtomobil bazarında son dövrdə baş verən dəyişiklikləri diqqət mərkəzinə gətirib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkəyə 48 398 ədəd avtomobil idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz azdır. İdxalın ümumi dəyəri isə 30,8 faiz azalaraq 955,4 milyon dollar təşkil edib. Xüsusilə minik avtomobillərinin idxalında 37,4 faizlik azalma qeydə alınıb. Bu göstəricilər fonunda avtomobil bazarında təklifin, qiymətlərin və istehlakçı tələbinin hansı istiqamətdə dəyişəcəyi, həmçinin idxal strukturunda hansı meyllərin formalaşdığı suallarını aktuallaşdırır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov qeyd edib ki, Azərbaycanda avtomobil bazarında qiymətlərin formalaşmasına idxal xərcləri, gömrük rüsumları və tətbiq olunan məhdudiyyətlərin təsir edir: “Azərbaycanda nəqliyyat sektorunda minik və yük avtomobillərinin əsas payı xaricdən gətirilən avtomobillərin üzərinə düşür. Müəyyən zaman kəsiyində yaş senzurasının və digər məhdudiyyətlərin tətbiq edilməsi avtomobil qiymətlərinə təsir göstərib. Texniki parametrlər və taksilərin fəaliyyəti üçün tətbiq olunan yaş məhdudiyyətləri də avtomobil bazarında müəyyən bahalaşmaya gətirib çıxarıb”.

Aslan Əsədov qeyd edib ki, əvvəlki dövrlərdə ölkədə 10 yaşdan yuxarı avtomobillərin sayı yüksək olub: “Artıq avtomobil parkında 10 yaşdan yuxarı olan avtomobillərin sayı təxminən 80 faizi keçmişdi. Bu o demək idi ki, ölkədə cəmi 20-25 faiz gənc avtomobillər var idi. Yerdə qalan avtomobillər isə demək olar ki, 10 yaşdan yuxarı və ikinci əl avtomobillər idi. Bu da ikinci əl maşın bazarının formalaşmasına gətirib çıxarmışdı”.
Ekspertin sözlərinə görə, son illərdə vətəndaşların avtomobilləri birbaşa xaricdən gətirməsi də bazara təsir edən amillərdən birinə çevrilib: “Elm və texnika inkişaf etdikcə vətəndaşlarımız müəyyən imkanlardan istifadə edərək özləri avtomobil gətirməyə başladılar. Hər kəs istədiyi avtomobili xaricdən gətirə bilər. Bu da xərclərin daha fərqli şəkildə formalaşmasına gətirib çıxardı. Çünki avtomobilin gətirildiyi ölkə və məsafədən asılı olaraq daşınma və digər xərclər dəyişir”.
Aslan Əsədov bildirib ki, gömrük güzəştləri, hibrid və elektromobillərlə bağlı tətbiqlər müəyyən dövrdə avtomobil bazarının yenilənməsinə təsir göstərib: “Son 3-5 il ərzində gömrük güzəştlərinin tətbiq olunması, hibrid və elektromobillərin gətirilməsi ilə vəziyyət müəyyən dərəcədə yenilənməyə başladı. Bir müddət sonra güzəştlər ləğv olunmağa başladı. Yenidən güzəştlərin tətbiq olunması ekoloji tarazlığın qorunması və vətəndaş məmnuniyyətinin artırılması baxımından avtomobillərin ölkəyə gətirilməsi xərclərinə təsir edə bilər. Çünki avtomobilin qiymətinə gömrük rüsumları, qeydiyyat, daşınma, beynəlxalq ödənişlər və digər xərclər də əlavə olunur”.
Nigar Xəlilli
18:20 17.09.2026
Oxunuş sayı: 45