Məkkə yaxınlığında PUA həyəcanı: Hücumun arxasında kim dayanır?
Məkkə yaxınlığında PUA-nın vurulması Yəməndə husilərlə Səudiyyə Ərəbistanı arasında yenidən kəskinləşən qarşıdurmanın fonunda baş verib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya sentyabrın 15-də Məkkənin cənubunda bir PUA-nın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb. Koalisiyanın sözçüsü Türki əl-Maliki PUA-nın Məkkənin qadağan olunmuş hava məkanına daxil olmamışdan əvvəl vurulduğunu bildirib. Səudiyyə tərəfi PUA-nın husilər tərəfindən buraxıldığını və hadisəni Məkkəyə qarşı ikinci belə cəhd kimi qiymətləndirdiyini açıqlayıb. Husilər isə Səudiyyənin ittihamını rədd edərək Məkkəni və digər müqəddəs məkanları hədəfə almadıqlarını bildiriblər. Husi nümayəndələri hadisə ilə bağlı səsləndirilən ittihamları yanlış məlumat kimi qiymətləndirib. Beləliklə, hazırda hadisənin məsuliyyəti ilə bağlı tərəflərin açıqlamaları bir-birindən kəskin şəkildə fərqlənir. Hadisə regionda təhlükəsizlik vəziyyətinin gərginləşdiyi bir vaxtda baş verib. Son günlər Səudiyyə Ərəbistanının müxtəlif bölgələrinə PUA və raket hücumları barədə məlumatlar yayılıb. Paralel olaraq husilər Yəmənin Qırmızı dəniz sahillərində mövqelərini gücləndirib və regionun mühüm nəqliyyat arteriyalarından biri olan Bab əl-Məndəb boğazı ətrafında vəziyyət daha da həssaslaşıb. Məkkənin İslam dünyası üçün xüsusi dini əhəmiyyəti səbəbindən hadisə regional siyasi və dini müstəvidə də geniş rezonans doğurub. Səudiyyə Ərəbistanı Məkkə və iki müqəddəs məscidin təhlükəsizliyini “qırmızı xətt” kimi təqdim edib və mümkün yeni hücumlara qarşı tədbir görüləcəyini açıqlayıb. Hadisənin kim tərəfindən törədildiyi ilə bağlı mübahisə davam etdiyi halda, sosial və siyasi müstəvidə alternativ versiyalar da səsləndirilir. Bu versiyalardan biri hücumun başqa bir tərəf tərəfindən təşkil edilərək husilərin üzərinə atılması ehtimalıdır. Lakin hazırda bu versiyanı təsdiqləyən müstəqil sübut açıqlanmayıb. Buna görə məsələ ekspertlərin fərziyyələri və tərəflərin bir-birinə zidd açıqlamaları səviyyəsində qalır.
Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə Crossmedia.az-a açıqlamasında bildirib:
“Konkret tədqiqat aparılmayıb, məsələ müəyyən fərziyyələrdən ibarətdir. Mən də bu fərziyyələrdən çıxış edərək deyirəm ki, ümumi mənzərəni nəzərə alsaq — İsrailin bütün vasitələrlə müsəlmanları bir-birinə düşmən etməyə, bir-biri ilə vuruşdurmağa çalışdığını və bunun üçün ən alçaq üsullardan və təxribatlardan istifadə etdiyini nəzərə alsaq — müəyyən nəticəyə gəlmək mümkündür. Bundan əvvəl də İsrailin dəfələrlə belə hərəkətlər etdiyi iddia olunub: siyasi qətllər, müxtəlif təxribatlar və digər addımlar. Bu, İsrailin apardığı siyasətin üzvi tərkib hissəsidir. İsrail başqa cür siyasət aparmır; yalnız təxribat, fırıldaq və düşmənçilik yolu ilə hərəkət edir.

Belə nəticə çıxır ki, husilər — “Ənsarullah” — müsəlmandırlar və onlar üçün Məkkə müqəddəs şəhərdir. Buna görə də Məkkəyə heç vaxt raket atmaz, oranı hədəfə almazlar. Amma İsrail bunu məmnuniyyətlə edə bilər, çünki onun ümumiyyətlə müsəlmanlara nifrəti var, İslamı tanımır. Ona görə də mən bu fərziyyələrə baxanda hadisənin İsrail tərəfindən törədildiyi ehtimalına daha çox üstünlük verirəm”.
Zeynəb Həsən
20:43 17.09.2026
Oxunuş sayı: 53