20 Sentyabr – Dövlət Suverenliyimizin Zəfər Salnaməsi
20 sentyabr Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycanın Qarabağ bölgəsində konstitusiya quruluşu bərpa edilib və sentyabrın 20-də ölkənin dövlət suverenliyinin tam bərpa olunduğu elan edilib. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını ifadə etməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq və Böyük Qayıdış prosesinin də yeni mərhələsini simvolizə edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Məzahir Əfəndiyev qeyd edib ki, tarixin müxtəlif mərhələlərində üzləşdiyimiz çətinliklərə, işğala və məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik və dövlətçilik əzmini sarsıda bilməyib: "Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir. Ərazi bütövlüyümüz və suverenliyimiz xalqımızın milli sərvətidir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə formalaşan dövlətçilik ənənələri 1991-ci ildə Azərbaycan xalqının dövlət müstəqilliyini yenidən bərpa etməsi ilə davam etdirildi. 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv olan Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və dövlətçilik varisliyini qoruyaraq müstəqil dövlətçiliyin möhkəm əsaslarını formalaşdırdı. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi və Milli Məclisə ilk deputatların seçilməsi müasir dövlət quruculuğu tariximizin mühüm mərhələsini təşkil etdi”.
Məzahir Əfəndiyev 2020-ci il Vətən müharibəsinə toxunaraq qeyd edib: “2020-ci il sentyabrın 27-də Azərbaycan öz suveren ərazilərində hərbi əməliyyatlar həyata keçirdi. 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi. 2023-cü il sentyabrın 19-da isə bir günlük lokal xarakterli antiterror əməliyyatının həyata keçirilməsi ilə ölkəmizin suverenliyi tam təmin edildi”.
Deputat 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsinin əhəmiyyətini də vurğulayıb: “2020-ci ildə yazılmağa başlanan Zəfər tariximiz Azərbaycan Bayrağının Xankəndidə ucalması ilə taclandı. Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən hər il sentyabrın 20-də Dövlət Suverenliyi Günü qeyd olunur. Bu tarix 2020-ci ildə qazanılan Zəfərin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini özündə ehtiva edir”.
Məzahir Əfəndiyev hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən də danışıb: “Bu gün Azərbaycan bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Tam suverenlik şəraitində müsbət dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifədir”.
Nigar Xəlilli
16:00 17.09.2026
Oxunuş sayı: 44