Mikayıl Cabbarov: Azərbaycanın iqtisadiyyatının mürəkkəbliyinin artırılması əsas hədəfdir
Azərbaycanın iqtisadiyyatının inkişafında əsas hədəf daha çox məhsul istehsal etmək deyil, əlavə dəyəri yüksək olan mal və xidmətlərin yaradılmasıdır.
Crossmedia.az xəbər verir ki, bunu“Baku İD 2026” innovasiya festivalında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir çıxışında tədbirin və layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib. O bildirib ki, bu məkan yalnız fiziki infrastruktur və bina deyil, həm də iqtisadi aktorların, təhsil ekosisteminin, innovatorların, maliyyə mənbələrinin və icma nümayəndələrinin bir araya gəldiyi platformadır.
M.Cabbarov qeyd edib ki, bu ekosistemin əsas hərəkətverici qüvvəsi təhsil sistemi vasitəsilə yetişən yeni istedadlar dalğasıdır.
O, Azərbaycanla Dünya İqtisadi Forumu (WEF) arasında əməkdaşlığa da toxunub. Nazir bildirib ki, bir neçə il əvvəl Azərbaycan Prezidenti ilə Dünya İqtisadi Forumunun idarəedici direktorunun imzaladığı memorandum Azərbaycanda ilk sənaye mərkəzi ofisinin yaradılması ilə nəticələnib. M.Cabbarov əlavə edib ki, şəxsən iş akseleratorunun fəaliyyətində iştirak etmək imkanı əldə edib.
Nazir çıxışında Mercer nümayəndələrinin təqdim etdiyi mövzunun yalnız Azərbaycan üçün deyil, demək olar ki, bütün iqtisadiyyatlar üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Bizim əsas hədəfimiz və ambisiyamız Azərbaycanın iqtisadiyyatının mürəkkəbliyinin artırılmasıdır. Sadə dillə desək, bu, sadəcə daha çox məhsul istehsal etmək deyil, əlavə dəyəri yüksək olan mal və xidmətlər yaratmaq deməkdir”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün əsas amillər istedad, texnologiya və ekosistemin birləşməsidir.
Ayhan
11:10 17.09.2026
Oxunuş sayı: 75