Yayın quraqlığı payızda özünü göstərəcək: İntensiv yağışlar gəlir
Yay fəslinin başa çatması ilə Azərbaycanda payız mövsümünün hava şəraiti diqqət mərkəzindədir. Son illərdə iqlim dəyişikliklərinin təsiri hava şəraitinin daha dəyişkən keçməsinə səbəb olur. Uzunmüddətli isti və quraq dövrlərdən sonra yağıntıların intensivləşməsi ehtimalı da müzakirə olunan məsələlər sırasındadır. Mütəxəssislər dəqiq və uzunmüddətli hava proqnozlarının iqlim dəyişiklikləri fonunda çətinləşdiyini bildirirlər. Bununla belə, payız aylarında havaların tədricən soyuması və yağıntıların artması gözlənilir.
Ekoloq Sadiq Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, iqlim dəyişiklikləri səbəbindən dəqiq proqnoz vermək getdikcə çətinləşir:

“İndi proqnoz vermək çox çətinləşib. Çünki iqlim dəyişib. Elmi olaraq təsdiqlənmiş nəticələrə görə, orta temperatur 1,5°C artıb və 2°C-yə qədər artmaqda davam edir. Bu da kontinental və regional iqlimlərdə kifayət qədər dəyişikliklərə səbəb olub. Ona görə də dəqiq proqnoz vermək olmur. Ancaq düşünürəm ki, yayda təxminən 2-2,5 ay ərzində yağışın yağmaması və havaların isti keçməsi səbəbindən həddindən artıq buxarlanma baş verib. Bu da payızda intensiv yağışların yağması ilə müşahidə oluna bilər. Payız yayla qış arasında keçid dövrüdür və hava fəslə uyğun olaraq tədricən soyumağa doğru dəyişəcək. Payıza doğru həm yağışlar müşahidə olunacaq, həm də havalar soyuyacaq. Lakin kəskin dəyişikliklər gözlənilmir. Çünki kontinental iqlimin dəyişməsi, əsasən, Avropa qitəsində daha qabarıq şəkildə müşahidə olunur. Orada uzunmüddətli istilər nəticəsində hava şəraitində kəskin dəyişikliklər baş verib. Alp dağlarında da müəyyən dəyişikliklər müşahidə edilir. Havaların soyuması Azərbaycan da daxil olmaqla, ümumilikdə Cənubi Qafqazda və regionda Arktik siklonlarla bağlıdır. Qışa doğru Arktik siklonların aktivləşməsi baş verəcək. Eyni zamanda, Sakit okeanda El-Ninyo prosesləri gedir ki, bu da müəyyən dərəcədə təsir göstərərək qışa doğru havanın soyumasına səbəb ola bilər. Bizim coğrafiya üçün kəskin dəyişikliklər gözlənilmir”.
Zeynəb Həsən
13:30 02.09.2026
Oxunuş sayı: 49