Sahili olmayan dəniz: Atlantikin ortasındakı sirli Sargasso
Dünyada elə bir dəniz mövcuddur ki, heç bir quru sahəsi ilə həmsərhəd deyil. Söhbət Atlantik okeanının mərkəzində yerləşən unikal Sargasso dənizindən gedir.
Crossmedia.az xəbər verir ki, bu nadir su hövzəsi tamamilə okeanın daxilində formalaşıb və onu nə materik, nə də hər hansı ada əhatə etmir. Florida ştatının sahillərindən təxminən 950 kilometr şərqdə yerləşən Sargasso dənizinə ən yaxın quru ərazi Bermuda adalarıdır. Sahil xəttinin olmaması səbəbindən burada klassik çimərlik və ya ənənəvi dəniz kənarı mənzərə mövcud deyil. Əvəzində isə sonsuz mavi sular və səthdə üzən sıx yosun təbəqələri diqqəti cəlb edir. Sargasso dənizinin sərhədlərini quru ərazilər yox, Atlantik okeanının dörd güclü cərəyanı müəyyən edir. Qərbdən Körfəz cərəyanı, şimaldan Şimali Atlantika cərəyanı, şərqdən Kanar cərəyanı, cənubdan isə Şimali Ekvatorial cərəyanı bu geniş akvatoriyanı əhatə edir. Təxminən 3 milyon kvadratkilometr sahəyə malik olan dənizin uzunluğu 3200 kilometr, eni isə 1100 kilometrə çatır. Orta dərinliyi təxminən 5000 metr təşkil edir. Bu cərəyan sistemi dənizin sularını digər okean hissələrindən fərqləndirərək daha yüksək duzluluq və şəffaflıq göstəricilərinə səbəb olur.
Tarix boyu dənizçilər üçün ən böyük çətinlik məhz bu dənizin sakitliyi olub. Küləksiz və dalğasız sular gəmiləri uzun müddət hərəkətsiz saxlaya bilirdi. 1492-ci ildə Kristof Kolumb da ekspedisiyası zamanı bu ərazidən keçərkən küləyin kəsilməsi səbəbindən ciddi narahatlıq keçirmişdi. Müasir dövrdə isə eyni sakit şərait iri sərnişin və yük gəmilərinin hərəkəti üçün əlverişli şərait yaradır. Eyni zamanda Sargasso dənizi özünəməxsus ekosistemi ilə elmi cəhətdən böyük maraq doğurur. Burada yosunlar arasında formalaşan unikal mühit bir sıra balıq növləri, dəniz tısbağaları və digər dəniz canlıları üçün vacib yaşayış və çoxalma zonası hesab olunur.
00:30 02.09.2026
Oxunuş sayı: 37