Brüsseldə Rusiya ilə bağlı narahatlıq: Daha tez hərəkət etməliyik
Latviyanın xarici işlər naziri Bayba Braje Avropa İttifaqını Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsində daha sürətli hərəkət etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, “Euractiv” bu barədə məlumat yayıb.
Brajenin sözlərinə görə, Rusiyanın ballistik raketləri və kriptovalyutalarla bağlı sanksiya mexanizmləri hazır olduqda, Aİ qərarların qəbulunu gecikdirməməlidir. Nazir bildirib ki, Moskvaya qarşı təzyiq mərhələli şəkildə artırılmalıdır.
O, əvvəlki sanksiya paketinin qəbulunda yaranan gecikmənin paketlərə daha çox vaxt tələb edən məsələlərin daxil edilməsi ilə bağlı olduğunu qeyd edib.
Braje həmçinin Rusiyanın Leypsiqdə pilotsuz uçuş aparatı ilə bağlı insidentdə ittiham edilməsindən sonra Avropada Rusiya vətəndaşlarının fəaliyyətinin məhdudlaşdırılmasını, turist vizalarının verilməsinin azaldılmasını və Rusiya səfirliklərinin fəaliyyətinə nəzarətin gücləndirilməsini təklif edib.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas da sentyabrın 1-də Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasında Aİ ölkələrinin kifayət qədər fəal olmadığını bildirib. O, həmçinin Moskvaya qarşı “ən genişmiqyaslı sanksiyaların” tətbiqinin planlaşdırıldığını açıqlayıb.
“Politico”nun məlumatına görə, Aİ-nin yeni sanksiya paketinə təxminən 1600 fiziki və hüquqi şəxsin daxil edilməsi planlaşdırılır.
12:25 02.09.2026
Oxunuş sayı: 61