Evləri su basacaq, yollar bağlanacaq - Ekoloq
Bakıda yağıntıların aylıq normanı beş dəfədən çox üstələməsi paytaxtda hava şəraitində baş verən dəyişikliklərə diqqəti artırıb. Bu cür kəskin yağıntıların formalaşmasına təsir edən meteoroloji amillər və iqlim dəyişikliklərinin rolu məsələnin aktuallığını artırır.
Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Crossmedia.az-a açıqlamasında bildirib ki, iqlim dəyişikliyi bu gün özünü yağıntılarla göstərir:
“3-5 il sonra hansı formada özünü göstərəcəyini isə bilmirik. Əgər bu, iqlim dəyişikliyidirsə, Bakı Şəhər İcra Hakimiyyəti buna da hazır olmalıdır. Son bir neçə ildə Bakıda yağıntıların, xüsusilə aylıq yağıntıların mövsümlər üzrə bölgüsünün dəyişdiyi müşahidə olunur. Məsələn, yazda yağmalı olan yağışlar yayda yağa bilir. Bu baxımdan, şəhər rəhbərliyi belə dəyişikliklərə hazır olmalıdır. İqlim dəyişikliyi heç kimə əvvəlcədən xəbərdarlıq etmir ki, bu il yağış yağacaq, ya yox. Ona görə də şəhərin infrastrukturu müxtəlif hava şəraitlərinə uyğun qurulmalıdır. Aylıq yağıntı normasının kim tərəfindən müəyyənləşdirilməsindən asılı olmayaraq, norma cüzi şəkildə aşılan kimi şəhərin bir çox ərazisində gölməçələr yaranır, nəqliyyatın hərəkəti çətinləşir, yollar keçilməz vəziyyətə düşür. Şəhər kənarındakı gecəqondularda və qeyri-qanuni tikililərdə isə insanların evlərinə qədər su dolur. İnsanları həmin ərazilərdə məskunlaşdıran mən deyiləm. Təəssüf ki, bu məsələyə lazımi diqqət göstərilmir. İqlim dəyişiklikləri var. İqlim dəyişikliklərinin hazırkı mərhələsində insan fəaliyyətinin böyük rolu olduğu danılmazdır. Əslində, Yer kürəsində milyon illərdir iqlim dəyişiklikləri baş verir. Lakin indi təbiət bunu daha ağır formada bizə göstərir və sanki sarı kart çıxarır. Biz də bu xəbərdarlığı nəzərə almalı və nəticələrinə uyğun yaşamalıyıq”.
Ekoloq qeyd edib ki, normadan artıq yağıntılardan danışarkən bu cür halların müxtəlif fəsillərdə fərqli formalarda özünü göstərə biləcəyini nəzərə almaq lazımdır: “Azərbaycan yalnız Bakıdan ibarət deyil. Ölkənin digər şəhər və rayonlarında da yağıntılar baş verir. Məsələn, Lənkəranda güclü yağıntılara qarşı təsərrüfat və infrastruktur daha hazırlıqlıdır. Gəncədə də selin küçələri bu qədər ciddi şəkildə basmasının qarşısını alan əsas amillərdən biri şəhərin düzgün planlaşdırılması və infrastrukturun vəziyyətidir.
Bakı şəhəri isə həddindən artıq yüklənib. Daxili miqrasiyanın düzgün tənzimlənməməsi və şəhər infrastrukturunun artan yükə uyğunlaşdırılmaması nəticədə bu cür problemlərə gətirib çıxarır”.
Nuray Mehtiyeva
16:30 01.09.2026
Oxunuş sayı: 47