KİV: ABŞ-nin Avropadakı raket ehtiyatları kritik həddə düşüb
İrana qarşı müharibə fonunda ABŞ-nin Yaxın Şərqə böyük həcmdə silah və sursat göndərməsi Avropadakı Amerika hərbi ehtiyatlarının ciddi şəkildə azalmasına səbəb olub.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-nin Avropadakı PAC-3 Patriot və ATACMS raketlərinin ehtiyatları “kritik həddən də aşağı” səviyyəyə düşüb. Bu silahların yenidən tədarükünün isə illər çəkə biləcəyi bildirilir.
İyulun ortalarına qədər ABŞ-nin İranın raket və pilotsuz uçuş aparatlarına qarşı əməliyyatlar zamanı təxminən 1 700 Patriot tutucusundan, 200-dən çox THAAD raketindən və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərindən buraxılan təxminən 150 “Standard Missile” tutucusundan istifadə etdiyi bildirilir.
ABŞ-nin Avropadakı hərbi komandanlığı ehtiyatların azalması səbəbindən bəzi əməliyyat planlarına yenidən baxmalı olub. Xüsusilə Patriot sistemlərinin çatışmazlığı NATO-nun mümkün Rusiya raket hücumlarına qarşı müdafiə imkanları ilə bağlı narahatlıqları artırıb.
Silah ehtiyatlarının bərpası da asan görünmür. Yeni raketlərin istehsalının artırılması planlaşdırılsa da, istehsal gücünün genişləndirilməsi və yeni silahların hərbi hissələrə çatdırılması müəyyən vaxt tələb edir.
Bununla yanaşı, Pentaqon silah ehtiyatlarının konkret səviyyəsi ilə bağlı məlumatların açıqlanmasını təhlükəsizlik səbəbilə məhdudlaşdırır. NATO isə Avropanın müdafiəsi üçün kifayət qədər imkanların mövcud olduğunu bildirir.
19:31 30.08.2026
Oxunuş sayı: 57