Bu səhv qan azlığına apara bilər
Azərbaycanda çay süfrəsinin ayrılmaz hissəsinə çevrilən limonun istifadəsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Limonun tərkibində C vitamini olsa da, bəzi mədə-bağırsaq problemləri olan şəxslər üçün onun qəbulu arzuolunmaz nəticələr yarada bilər.
Terapevt Şahvələd Məmmədov Crossmedia.az-a açıqlamasında çaya limon əlavə edilməsinin fayda və mümkün risklərindən danışıb: “Azərbaycan çayın çox içildiyi ölkələrdən biridir, çay süfrəsi yanında limonun olması artıq ənənə halını alıb. Təbii ki, bəzi insanlar üçün limonun qəbulu əks göstəriş hesab olunur. Məsələn, hiperasid qastriti, mədə turşuluğu yüksək olan, reflüksdən əziyyət çəkən, eləcə də limona və sitrus meyvələrinə qarşı allergiyası olan şəxslər limondan istifadə edərkən diqqətli olmalıdırlar”.

Həkim limonun tərkibindəki C vitamininin faydalı olduğunu, lakin onun çox qaynar çayla qəbul edilməsinin bu xüsusiyyəti müəyyən qədər azaltdığını bildirib: “Limonun tərkibində C vitamini var və bu baxımdan faydalı məhsuldur. Lakin limonu çox qaynar çaya əlavə edib qəbul etmək C vitamininin parçalanmasına səbəb ola bilər. Buna görə limonun çox qaynar çaya əlavə edilməsi onun faydalı xüsusiyyətlərini müəyyən qədər azalda bilər”.
Ş.Məmmədov limonun qan təzyiqinə təsiri ilə bağlı yayılan fikirlərin də düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayıb: “Limonun qan durulducu təsiri də var. Bəzi insanlar limon qəbul etdikdə təzyiqlərinin dərhal normallaşacağını düşünürlər. Bu yanaşma tam doğru deyil. Limon müəyyən təsirləri hesabına qan təzyiqinin nisbətən aşağı düşməsinə səbəb ola bilər, lakin onu təzyiqi dərhal aşağı salan vasitə kimi qəbul etmək düzgün deyil. İnsanların limonu çeynəyərək təzyiqlərinin düşəcəyini düşünməsi isə daha çox psixoloji amillə bağlı ola bilər”.
Nigar Xəlilli
16:30 26.08.2026
Oxunuş sayı: 46