Trampın siyasi gələcəyi təhlükədə
Yaxın Şərqdə davam edən gərginlik yalnız İran və ABŞ arasındakı qarşıdurma ilə məhdudlaşmır, prosesin regional və qlobal siyasi nəticələri də diqqət çəkir. Hörmüz boğazında yaranan vəziyyət, enerji bazarlarına təsirlər və Vaşinqtonun Tehranla bağlı siyasəti ABŞ daxilində də siyasi müzakirələri kəskinləşdirir. Qarşıdan gələn Konqresə aralıq seçkilərinin fonunda İranla bağlı atılan addımların Donald Trampın siyasi mövqeyinə necə təsir göstərəcəyi də əsas müzakirə mövzularından biridir.
Politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlamasında bildirib:
“Yaxın Şərqdə baş verən hadisələr Amerika Birləşmiş Ştatlarının himayəsi altında baş verir. Yaxın Şərqdə baş verən siyasi-hərbi gərginlik İsrailin əli ilə həyata keçirilir və İsrailə də birmənalı şəkildə Amerika Birləşmiş Ştatlarının hərbi və siyasi dəstəyi, himayəsi altında həyata keçirilməkdədir. Hazırda İran və İran ətrafında baş verən hadisələr Amerika Birləşmiş Ştatlarının strateji planının bir tərkib hissəsidir. Amerika Birləşmiş Ştatlarının ali məqsədi İranda hakimiyyəti dəyişərək özlərinə münasib bir İran dövləti yaratmaqdır. Amma ABŞ və İsrailin birgə apardığı hərbi əməliyyat siyasi baxımdan fiaskoya uğradı. Nəticə olaraq Hürmüz boğazının bağlanması, 100 milyard dollar civarında vəsaitin xərclənməsi Amerika ictimaiyyətində ciddi narazılığa gətirib çıxarıb. Trampa qarşı böyük bir təpki var. Demokratlar Partiyası qarşıdan gələn Konqresə aralıq seçkilərində Trampın bu uğursuz siyasətindən istifadə edərək Amerika ictimaiyyətində Tramp administrasiyasına təzyiq edir və respublikaçılar üzərində seçkidə qələbə qazanmaq niyyətindədir. Bundan da maksimum istifadə edirlər. Trampın da məqsədi İranla hər hansı bir razılığa gəlib bunu Amerika ictimaiyyətinə qələbə kimi təqdim etməkdir. Bu məsələ, yəni hər hansı bir razılığın əldə edilməsi sadəcə taym-autdur. Açıq şəkildə İsrail dövləti Tramp administrasiyasına təzyiq edir ki, İranda hərbi əməliyyatı dayandırmaq olmaz. İsrailin Amerikadakı siyasi ekspertləri də açıq şəkildə bəyan edirlər ki, Amerikanın İranla hərbi münaqişəyə girməsi İsrailin təzyiqi altında olub. Belə çıxır ki, hətta Amerika dövlətinin İsrail tərəfindən idarə olunduğu və İsrailin təsiri altında siyasi qərarlar verildiyi barədə fikirlər səsləndirilir. Bu cür fikirlər Amerika ictimaiyyətində birmənalı şəkildə səslənir və bu da Trampın siyasi imicinə böyük zərər verir".

Politoloq qeyd edib ki, Amerika Birləşmiş Ştatları təkcə İrana deyil, İran körfəzinə, deməli, Hörmüz boğazına da nəzarət etmək niyyətində idi: "Ona görə ki, dünya enerjisinin, neftinin 20 faizi bu boğazdan keçir. Birləşmiş Ştatlar Hörmüz boğazına nəzarəti ələ keçirsəydi, onda demək olar ki, dünyanın iqtisadi sisteminə təsir etmək rıçağını ələ keçirərdi. Əgər Hörmüz boğazı Amerikanın nəzarətində olsa, Amerikanın sözünə baxmayan dövlətlərin tankerlərinin həmin boğazdan keçirilməsinə bu və ya digər formada maneçilik törədə bilər. Yəni dediyim budur ki, Amerika Birləşmiş Ştatlarının strateji məqsədi İranda hakimiyyəti dəyişərək özlərinə münasib bir hakimiyyət qurmaq idi. Təbii ki, əldə edilən hər hansı bir razılıq, insanlıq baxımından desək, beynəlxalq dünya iqtisadi sistemində yaranan xaosun qarşısını ala bilər. Yəni atəşkəs əldə edilərsə, Hörmüz boğazından tankerlərin keçməsinə maneçilik və dünya neft sənayesində, o cümlədən iqtisadi sistemdə yaranmış xaos aradan qalxa bilər. Hürmüz boğazının fəaliyyətinin bərpa edilməsi dünya iqtisadi sistemində sabitliyin yaranmasına gətirib çıxara bilər. Biz buna bir neçə prizmadan yanaşmalıyıq. Birincisi, beynəlxalq nöqteyi-nəzərdən, dünyanın iqtisadi sistemində sabitliyin yaranması baxımından təhlil etsək, bəli, atəşkəsin əldə edilməsi vacib məsələdir. İkincisi, İranın da özünəməxsus şərtləri var və İran münaqişədən yayınmaq, yaranmış gərginliyi aradan qaldırmaq üçün beynəlxalq hüquq çərçivəsində problemlərin həllində maraqlıdır. İranın da öz dövlət və milli maraqlarına uyğun şərtləri var və bu şərtlər Birləşmiş Ştatlar tərəfindən birmənalı qəbul edilmir. Əlbəttə, İran dövləti də atəşkəsin olmasını və əvvəlki sistemə qayıdılmasını istəyər. Amma bu gün dediyim kimi, atəşkəsin əldə edilməsi, müvəqqəti olsa da, Trampın maraq dairəsindədir ki, əldə edilən razılaşmanı Amerika ictimaiyyətinə qələbə kimi təqdim etsin. Hər hansı bir razılıq olsa da belə, bir müddətdən sonra, yəni payızda aralıq seçkilərindən sonra Birləşmiş Ştatlar bu və ya digər bəhanələr gətirməklə həmin sövdələşmədən imtina edəcək, öz sövdələşməsini pozacaq. Çünki Amerika Birləşmiş Ştatları üçün hər hansı bir sövdələşmə müvəqqəti xarakter daşıyır. İstənilən dövrdə, istənilən bəhanəni bəyan edərək İrana qarşı təzyiq edə bilər. Çünki indiyə qədər İrana sanksiyalar hansı müstəvidən, hansı siyasi arqumentlərlə tətbiq edilirdi? “İran terrorçuları dəstəkləyir”, “İran İsraili yer üzündən siləcək” – bu kimi bəhanələrlə İrana uzun müddətdir sanksiyalar tətbiq edildi. İndi isə “İran uranı zənginləşdirir, nüvə silahı əldə edəcək” kimi bəhanələri ortaya ataraq İrana qarşı hərbi əməliyyatlar və hərbi təzyiqləri, sanksiyaları gündəmə gətirdilər. Yəni Birləşmiş Ştatlar istənilən vaxt istənilən bir bəhanəni dövriyyəyə buraxa bilər və öz siyasi məqsədləri üçün həyata keçirə bilər. Bu baxımdan atəşkəsin əldə edilməsi bütün tərəflərin maraqlarına uyğun gəlir, əgər əldə edilərsə. Hesab edirəm ki, İran öz dövlət və milli maraqlarına uyğun olmayan heç bir sənədə imza atmayacaq. İran dövləti Birləşmiş Ştatların diktə etdiyi və öz dövlət və milli maraqlarına uyğun olmayan hər hansı bir sənədə imza atmayacaq. İranın bu gün müqavimət göstərməsi və Tramp administrasiyasının razılığa gəlməməsi dolayısı ilə Demokratlar Partiyasının xeyrinədir. Xatırlatmaq da yerinə düşər ki, 2015-ci ildə Demokratlar Partiyası hakimiyyətdə olduğu dövrdə İranla bir razılaşma var idi. Bu razılaşmaya görə İrana tətbiq olunan sanksiyalar yumşaldılmalı idi, İran da nüvə uranının zənginləşdirilməsi proqramında Amerikanın şərtlərini qəbul etməli və həmin şərtləri həyata keçirməli idi. 2018-ci ildə, səhv etmirəmsə, Trampın hakimiyyətə gəlməsi ilə bu razılaşma aradan qaldırıldı və Amerika Birləşmiş Ştatları İrana qarşı sərt siyasətini tətbiq etdi. Bu gün Birləşmiş Ştatlarda qarşıdan seçkilər gəlir. İranın müqavimət göstərməsi, əgər Trampla hər hansı bir razılığa gəlməzsə, Trampın imicinə böyük zərbə vura bilər və bu, dolayısı ilə Demokratlar Partiyasının mənafeyinə uyğundur. Yəni belə çıxır ki, İranın müqavimət göstərməsi, eyni zamanda, Demokratlar Partiyasının siyasi maraqlarına uyğundur. İran dövləti də dəfələrlə bəyan edir ki, qisas almaq niyyətindədir. Qisasın da Trampa qarşı, yəni onun hakimiyyətdən getməsi üçün müqavimət göstərəcəyi bildirilir.
Əgər Konqresə seçkilərdə demokratlar mütləq qələbə qazanarsa, onda Trampın siyasi imicinə və siyasi hakimiyyətinə böyük zərbə dəyəcək. Hesab edirəm ki, Trampın impiçment məsələsi yenidən gündəmə gələcək. Bu baxımdan Birləşmiş Ştatlarda demokratların mütləq qələbə əldə etməsi üçün İranın Tramp administrasiyasına qarşı müqavimət göstərməsi vacibdir. Belə çıxır ki, mövqelərin və maraqların üst-üstə düşməsidir. Yəni İrandakı siyasi gedişlərlə Demokratlar Partiyasının Trampa qarşı müxalif mövqeyi eyni maraq kəsb edir. Hesab edirəm ki, burada da gizli razılaşma ola bilər”.
Zeynəb Həsən
16:00 26.08.2026
Oxunuş sayı: 48