İsrail hollandiyalı nümayəndələri mərkəzdən çıxarır
İsrail Xarici İşlər naziri Gideon Saar Hollandiyanın hökumətinin İsrailə qarşı atdığı addımlara cavab olaraq Qəzzaya Beynəlxalq Dəstək Mərkəzində çalışan hollandiyalı nümayəndələrin mərkəzdən çıxarılacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, qərar Baş nazir Benyamin Netanyahunun razılığı ilə qəbul edilib.
Saar bildirib ki, qərara Hollandiyanın İsrailə qarşı bir sıra tədbirləri, o cümlədən İordan çayının qərb sahili, Şərqi Qüds və Colan təpələrindən İsrail məhsullarının ticarətini qadağan edən qanunun qəbul edilməsi səbəb olub. Sözügedən qanunun gələn ay qüvvəyə minməsi gözlənilir.
Hollandiyalı nümayəndələrə İsraili bir həftə ərzində tərk etmək tapşırılıb. Qərar barədə Hollandiyanın İsraildəki səfirliyi və ABŞ tərəfi məlumatlandırılıb.
Kiryat Gat şəhərində yerləşən mərkəz ABŞ-ın rəhbərliyi ilə Qəzzada atəşkəsin icrasını izləmək, humanitar yardımların koordinasiyasına və müharibədən sonrakı proseslərin planlaşdırılmasına dəstək vermək məqsədilə fəaliyyət göstərir.
16:52 26.08.2026
Oxunuş sayı: 49