İsrail Qəzzada soyqırımı, Fələstin ərazilərində isə müharibə cinayətləri törədib - BMT Komissiyası
BMT-nin İşğal Altındakı Fələstin Əraziləri üzrə Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası İsrailin Qəzzada soyqırımı davam etdirməklə yanaşı, işğal altındakı Fələstin torpaqlarında müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi BMT Komissiyasının dərc etdiyi son hesabata istinadən məlumat yayıb.
Hesabatda İsrailin Qəzzada fələstinli mülki şəxsləri qəsdən hədəf aldığı, atəşkəs razılaşmasından sonra da soyqırımı xarakterli əməllərin davam etdiyi qeyd olunub. Sənəddə həmçinin qətl, işgəncə, təqib, zorlama və digər cinsi zorakılıq formalarının insanlıq əleyhinə cinayətlər təşkil etdiyi bildirilib.
Komissiyanın məlumatına görə, 2023-cü il oktyabrın 7-dən 2026-cı il sentyabrın 30-dək İordan çayının qərb sahilində İsrailin hava hücumları nəticəsində 254 fələstinli öldürülüb. Halbuki 2008-ci ildən 2023-cü il oktyabrın 6-dək bu cür hücumlarda 6 nəfər həyatını itirmişdi.
Hesabatda uşaqların da qəsdən öldürüldüyü, onların fiziki və psixoloji sağlamlığına ciddi zərər vurulduğu vurğulanıb. 2025-ci ilin yanvarından etibarən İsrailin hücumları nəticəsində İordan çayının qərb sahilində 34 176 fələstinlinin məcburi köçkünə çevrildiyi bildirilib.
Komissiyanın sədri Şrinivasan Muralidhar fələstinli mülki şəxslərin öldürülməsi, evlərin dağıdılması və əhalinin köçürülməsinin fələstinlilərin həyatını mümkünsüz edən daha geniş strategiyanın tərkib hissəsi olduğunu bildirib.
Hesabatda İsrail hakimiyyətinin fələstinlilərin öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsinə mane olduğu da qeyd edilib.
01:40 27.10.2026
Oxunuş sayı: 58