8 saniyəlik qərar: HR mütəxəssisi CV-ni niyə oxumağa davam edir?
İşə qəbul prosesinin ilkin mərhələsində HR mütəxəssisi qarşısında çoxsaylı CV-lər olur. Bu zaman sənədin ilk baxışdan aydın, konkret və vakansiyanın tələblərinə uyğun olması xüsusi əhəmiyyət daşıyır. Başqa sözlə, namizədin ilk mərhələdə özünü necə təqdim etməsi onun növbəti mərhələyə keçməsində mühüm rol oynayır.
Bəs CV-lərin diqqətdən kənarda qalmasının əsas səbəbləri nələrdir?
Vakansiya tələbləri ilə CV arasındakı uyğunsuzluq
Ən geniş yayılmış problemlərdən biri namizədin CV-sinin müraciət etdiyi vəzifənin tələblərini əks etdirməməsidir.
Məsələn, vakansiyada işə qəbul sahəsində təcrübə, ƏMAS platformasında işləmə bacarığı və MS Excel bilikləri tələb olunursa, namizəd CV-də yalnız əvvəlki iş yerlərinin adlarını qeyd etməklə kifayətlənirsə, onun müvafiq bacarıqlara sahib olub-olmadığını müəyyən etmək çətinləşir.
Bu baxımdan hər vakansiyaya eyni CV-ni göndərməkdənsə, sənədi konkret vəzifənin tələblərinə uyğunlaşdırmaq daha məqsədəuyğundur.
Qarışıq və səliqəsiz CV strukturu
CV-nin məzmunu qədər onun təqdimat forması da əhəmiyyətlidir. Uzun mətn blokları, məlumatların qarışıq yerləşdirilməsi və əsas məqamların seçilməməsi sənədin oxunmasını çətinləşdirir.
Məlumatların “İş təcrübəsi”, “Təhsil”, “Peşəkar bacarıqlar”, “Dil bilikləri” və digər müvafiq bölmələr üzrə təqdim edilməsi daha aydın struktur yaradır.
Məsələn:
İş təcrübəsi
ABC MMC — Satış üzrə mütəxəssis | 2023–2025
Təhsil
Bakı Dövlət Universiteti — Dövlət və ictimai münasibətlər
Peşəkar bacarıqlar
MS Excel, MS Word, 1C
Belə təqdimat namizəd haqqında əsas məlumatların daha qısa müddətdə müəyyənləşdirilməsinə imkan verir.
Lazımsız şəxsi məlumatların çoxluğu
CV-nin məqsədi namizədin şəxsi həyatını ətraflı təqdim etmək deyil, onun peşəkar profilini göstərməkdir.
Buna baxmayaraq, bəzi CV-lərdə vakansiya ilə əlaqəsi olmayan çoxsaylı şəxsi məlumatlara rast gəlinir. Boy, çəki, ailə vəziyyəti, qan qrupu və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi kimi məlumatlar vakansiyanın spesifik tələbi olmadığı halda CV-də yer almamalıdır.
Əsas diqqət namizədin təhsilinə, iş təcrübəsinə, peşəkar bacarıqlarına, nailiyyətlərinə və konkret vəzifəyə uyğunluğuna yönəldilməlidir.
Orfoqrafik və qrammatik səhvlər
CV işəgötürənlə ilk yazılı ünsiyyət vasitələrindən biridir. Buna görə də sənəddə yol verilən dil və yazı səhvləri kiçik detal kimi görünməməlidir.
“Komandada işdəməyi bacarıram”, “Microsoft Exel proqramını bilirəm” və ya “ünsiyyət bacarığım yuksəkdir” kimi ifadələr namizədin diqqətlilik səviyyəsi haqqında mənfi təsəvvür yarada bilər.
CV göndərilməzdən əvvəl onun orfoqrafik və qrammatik baxımdan yoxlanılması sadə, lakin vacib addımdır.
Bacarıqların qrafiklərlə deyil, konkret göstərilməsi
CV-lərdə tez-tez rast gəlinən başqa bir yanaşma dil və proqram biliklərinin müxtəlif qrafiklər, sütunlar və faizlərlə təqdim edilməsidir.
Məsələn:
İngilis dili — 90%
Excel — 80%
Bu cür göstəricilər ilk baxışda vizual olaraq diqqət çəkə bilər. Lakin namizədin real bilik səviyyəsi haqqında dəqiq təsəvvür yaratmır. “90 faiz ingilis dili” ifadəsinin hansı səviyyəyə uyğun olduğu aydın deyil.
Daha konkret təqdimat isə belə ola bilər:
İngilis dili — B1
Rus dili — A2
Microsoft Excel — Yaxşı
Microsoft Word — Peşəkar
1C — Peşəkar
Bu üsul həm namizədin bacarıqlarını daha aydın göstərir, həm də HR mütəxəssisinə məlumatı daha rahat qiymətləndirmək imkanı verir.
CV-ni fərqləndirən əsas məqam nədir?
Yaxşı CV ən çox məlumatın yerləşdirildiyi CV deyil. Əksinə, tələb olunan məlumatın düzgün seçildiyi və mümkün qədər aydın təqdim edildiyi CV-dir.
Namizədin onlarla digər müraciət arasından seçilməsi yalnız onun neçə il təcrübəyə malik olması ilə müəyyənləşmir. Təcrübənin necə təqdim edilməsi, vakansiyanın tələbləri ilə nə dərəcədə uyğunlaşdırılması və sənədin oxunaqlılığı da bu prosesin mühüm hissəsidir.
Nəticə etibarilə, CV namizədin işəgötürənlə ilk görüşüdür. Bu görüş hələ üz-üzə baş verməsə də, namizəd haqqında ilkin təsəvvür məhz həmin sənəd üzərindən formalaşır.
Bəzən müsahibəyə gedən yol uzun olmur — sadəcə ilk 8 saniyəni keçmək lazımdır.
Asiman Bayramlı
16:15 26.08.2026
Oxunuş sayı: 63