Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə dərslər keçirilir
Yeni tədris ilində Polis Akademiyasında kursantların peşə hazırlığının təkmilləşdirilməsi məqsədilə müxtəlif sahələr üzrə ixtisaslaşmış təcrübəli mütəxəssislərin iştirakı ilə dərslər keçirilir.
Crossmedia.az xəbər verir ki, dərslərin keçirilməsində əsas məqsəd kursantların əldə etdikləri nəzəri bilikləri real peşə fəaliyyəti ilə əlaqələndirməsinə, müxtəlif hüquqi və praktiki məsələlərə daha dərindən bələd olmalarına şərait yaratmaqdır.
Müxtəlif fənlər üzrə təşkil olunan interaktiv dərslərdə qonaq qismində Azərbaycan Respublikası Baş Prokurorluğunun prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Mahir Abbasov “Cinayət işi üzrə icraatın dayandırılması və ona xitam verilməsi”, ADU-nun magistratura şöbəsinin müdiri, t.ü.f.d., dos. Namiq Əsədov “Azərbaycan XIII-XV əsrlərdə”, Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Anar Mirkişiyev “İttiham aktının tərtib edilməsi və cinayət işinin məhkəməyə göndərilməsi”, BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, h.ü.f.d. Həbib Cəfərov “Cinayətin obyektiv cəhəti” mövzularında mühazirələrlə çıxış ediblər.
Mühazirələr zamanı mütəxəssislər mövzular üzrə nəzəri məlumatlarla yanaşı, peşə fəaliyyətində qarşılaşdıqları praktiki halları da kursantların diqqətinə çatdırıblar. Real nümunələr əsasında aparılan izahlar mövzuların daha ətraflı mənimsənilməsinə və onların praktiki baxımdan dərk edilməsinə imkan yaradıb.
18:06 12.10.2026
Oxunuş sayı: 50