Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 12 %-ə yaxın azalıb
Qarabağ Dirçəliş Fondu 2025-ci ili 121,26 milyon manat xalis mənfəətlə başa vurub.
Crossmedia.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 11,8 % azdır.
Ötən il Qarabağ Dirçəliş Fondunun ianə gəlirləri 53,868 milyon manat (əvvəlki ilə nisbətən 32,9 % az), maliyyə gəlirləri 96,911 milyon manat (29,95 % çox), ümumi, inzibati və sair əməliyyat xərcləri 14,667 milyon manat (4 dəfə çox), dəyərsizləşmə zərəri 166 min manat (əvvəlki il gəlir olub), investisiya mülkiyyəti üzrə ədalətli dəyər gəlirləri 3,865 milyon manat (əvvəlki il zərər olub), xarici valyuta mövqeyinin qiymətləndirilməsi üzrə gəlirləri 629 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 19,18 milyon manat (31,4% çox) təşkil edib.
Bu il yanvarın 1-nə Qarabağ Dirçəliş Fondunun aktivləri 1 milyard 739,869 milyon manat olub ki, bu da illik müqayisədə 7,55 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 7,95 % artaraq 8,371 milyon manata, balans kapitalı isə 7,5 % artaraq 1 milyard 731,498 milyon manata çatıb.
Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Fond işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
15:32 25.08.2026
Oxunuş sayı: 46