Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ: strateji müttəfiqlik daha da möhkəmlənir
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərdə yeni səhifə açıb. Səfər çərçivəsində siyasi, diplomatik, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişafına dair mühüm məsələlər müzakirə olunub. Tərəflər arasında imzalanan sənədlər iki ölkənin qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradıb. Eyni zamanda, Azərbaycan və Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Özbəkistanın Azərbaycanın Qarabağın bərpası prosesinə verdiyi dəstək iki ölkə arasındakı münasibətlərin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir. Daşkənddə iki ölkənin Dövlətlərarası Ali Şurasının toplantısının keçirilməsi də əlaqələrin yüksək səviyyəsinin göstəricisi hesab olunur. Prezident İlham Əliyevin Özbəkistanın ən yüksək dövlət mükafatına, Şavkat Mirziyoyevin isə Azərbaycanın ali dövlət mükafatına layiq görülməsi iki ölkə arasında münasibətlərin xüsusi xarakter daşıdığını nümayiş etdirir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Arzuman Abdulkərimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərdə yeni səhifə açıb:
"Bu səfər dostluq və əməkdaşlıq münasibətlərini qardaşlıq və strateji müttəfiqlik səviyyəsinə yüksəldib və bu istiqamətdə əlaqələr daha da güclənməkdə, inkişaf etməkdədir. İstər bu səfər zamanı, istər siyasi, istər diplomatik, istər iqtisadi, mədəni, mənəvi və digər bütün istiqamətlərdə əlaqələrin inkişafı müşahidə olunmaqdadır. Tərəflər arasında imzalanan sənədlərdə qeyd olunan istiqamətlər üzrə çox mühüm işlər görülür, layihələr həyata keçirilir. Yəni bu münasibətlər təkcə qardaşlıq münasibətləri deyil, həm də işgüzar və qarşılıqlı faydalı nəticələrin əldə olunmasına yönəlmiş əməkdaşlıqdır. Özbəkistanın Azərbaycana istər Qarabağın bərpası istiqamətində, istərsə də digər sahələrdə göstərdiyi yardımlar əvəzsizdir. Azərbaycan artıq Prezident İlham Əliyevin də dediyi kimi, Mərkəzi Asiya ilə eyni məkandır və biz Mərkəzi Asiyanın ən güclü dövlətlərindən, Türk dövlətlərindən biri olan Özbəkistanla bu istiqamətdə çox sıx münasibətlər və əlaqələr qururuq. Daşkənddə iki ölkənin Dövlətlərarası Ali Şurasının toplantısının keçirilməsi, Prezident İlham Əliyevin Özbəkistanın ən yüksək mükafatına layiq görülməsi, həmçinin Şavkat Mirziyoyevin Azərbaycanın ali mükafatına layiq görülməsi həm prezidentlər arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olmasının, həm də sözügedən dövlətlər arasındakı əlaqələrin göstəricisidir. Bu əlaqələr inkişaf edəcək və Azərbaycan Prezidentinin sonuncu səfəri əlaqələrin daha da inkişafında yeni mərhələnin, yeni inkişaf prosesinin təməlini qoyacaqdır".
Zeynəb Həsən
16:13 24.08.2026
Oxunuş sayı: 54