Ölümü gözləyirdilər – iki balıqçı 5 gün sonra MÖCÜZƏVİ şəkildə xilas edildi
Meksikada iki balıqçı qayıqlarının batmasından sonra beş gün ərzində açıq dənizdə soyuducu balıq qutusunun içində qalıb və xilas edilib.
Crossmedia.az xəbər verir ki, “CNN” bu barədə məlumat yayıb.
Axtarış-xilasetmə əməliyyatı avqustun 14-də 53 və 32 yaşlı iki balıqçının itkin düşməsi barədə məlumat daxil olduqdan sonra başlayıb. Hərbi dəniz qüvvələri Sakit okeanın geniş ərazisini hava və dəniz vasitəsilə araşdırıb.
Balıqçıların olduğu soyuducu qutu Meksikanın cənubundakı Çiapas ştatının sahilindən təxminən 24 kilometr aralıda aşkarlanıb. Onların dənizə çıxdığı qayıq batıb və iki kişi yalnız soyuducu qutuya sığınaraq sağ qala bilib.
Balıqçılar beş gün ərzində nə yemək yeyib, nə də su içə bilib. Onlar xilasetmə gəmisinin göyərtəsinə qaldırılaraq limana çatdırılıb və tibbi yardım göstərildikdən sonra ailələrinə təhvil veriliblər.
Balıqçılardan biri həmin günlərdə sağ qalacaqlarına ümid etmədiklərini, yalnız dua edib kömək gözlədiklərini bildirib. Digəri isə yaşadıqlarının həyatında təsəvvür edə biləcəyi ən çətin vəziyyət olduğunu deyib.
14:08 24.08.2026
Oxunuş sayı: 48