Azərbaycan və Özbəkistanın nəhəng iqtisadi layihəsi - 500 milyon dollar investisiya qoyulacaq
Azərbaycan və Özbəkistan arasında son illərdə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın genişlənməsi iki ölkə arasındakı strateji tərəfdaşlığın möhkəmləndiyini göstərir. Ticarət dövriyyəsinin artması, İnvestisiya Fondunun yaradılması və müxtəlif layihələrin maliyyələşdirilməsi iqtisadi əlaqələrin yeni mərhələyə keçdiyini göstərməklə yanaşı, Azərbaycan-Özbəkistan münasibətlərinin Türk dünyasının inteqrasiyasında da xüsusi əhəmiyyət daşıdığını ortaya qoyur. Prezident İlham Əliyevin Özbəkistana səfəri, səfər çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan böyük iqtisadi layihələr iki dövlət arasındakı münasibətlərin hətta müttəfiqlik səviyyəsində olduğunu təsdiq edir.
Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlamasında iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən danışıb.
“Azərbaycan və Özbəkistan arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq həyata keçirilir. Ölkələr arasında ticarət dövriyyəsinin 2023-cü ildə 3,2 dəfə artması, xüsusilə Özbəkistandan Azərbaycana ixracın həcminin yüksəlməsi iqtisadi əlaqələrin genişləndiyini göstərir. İki ölkə arasında iqtisadi əməkdaşlıq yalnız ticarət göstəriciləri ilə məhdudlaşmır. İlkin kapitalı 500 milyon dollar olan İnvestisiya Fondunun yaradılması və müxtəlif layihələrin maliyyələşdirilməsi isə əməkdaşlığın yalnız ticarət və iqtisadi münasibətlərlə məhdudlaşmadığını, yeni investisiya istiqamətlərini də əhatə etdiyini göstərir”.

Vüqar Bayramov Azərbaycan-Özbəkistan münasibətlərinin Türk dövlətləri arasında inteqrasiya baxımından da mühüm əhəmiyyət daşıdığını bildirib: “Azərbaycan-Özbəkistan əməkdaşlığı və qardaşlıq münasibətləri Türk dövlətlərinin inteqrasiyası baxımından da mühüm modeldir. Son illərdə ölkələr arasında əlaqələrin inkişafında hər iki dövlətin prezidentləri arasındakı qardaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər mühüm rol oynayıb. Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı Mərkəzi Asiya və Türk dövlətləri arasında iqtisadi və siyasi əməkdaşlığın gücləndirilməsi baxımından nümunə təşkil edir. Bu gün Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı Mərkəzi Asiya və Türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi baxımından nümunə təşkil edir. Özbəkistanın Azərbaycanın Mərkəzi Asiyada ən böyük, Türk dövlətləri arasında isə ikinci ən böyük ticarət tərəfdaşı olması da bu əlaqələrin iqtisadi əhəmiyyətini göstərir”.
Vüqar Bayramov sonda Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin Türk dünyasında daha sıx əməkdaşlığın formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb: "Bütün bunlar Azərbaycan-Özbəkistan münasibətlərinin Türk dünyasının inteqrasiyasına və dövlətlər arasında daha sıx əməkdaşlığın formalaşmasına mühüm töhfə verdiyini göstərir”.
Nigar Xəlilli
12:30 24.08.2026
Oxunuş sayı: 53