Mirziyoyev Azərbaycanı vahid sivilizasiya koduna malik etibarlı müttəfiq adlandırıb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı öz ölkəsinin vahid sivilizasiya koduna və ortaq tarixi köklərə malik etibarlı müttəfiqi adlandırıb.
Crossmedia.az xəbər verir ki, azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə mətbuata bəyanatlarla çıxış edən Özbəkistan lideri iki ölkə arasındakı münasibətlərin xarici konyunktur üçün toxunulmaz olduğunu bildirib.
"Azərbaycan bizim etibarlı müttəfiqimiz, strateji tərəfdaşımız və qardaş dövlətdir. Münasibətlərimizin təməlində vahid sivilizasiya kodu, ümumi tarixi köklər, çoxəsrlik dostluq, sarsılmaz mənəvi dəyərlər, oxşar mədəniyyət və ənənələr dayanır. Məhz bu dərin bağlılıq münasibətlərimizi monolit və xarici konyunkturun təsirinə qarşı dayanıqlı edir", - Şavkat Mirziyoyev vurğulayıb.
Özbəkistan Prezidenti qeyd edib ki, ikitərəfli müzakirələrin dərinliyi Özbəkistan-Azərbaycan praktiki əməkdaşlıq gündəliyinin nə dərəcədə güclü miqyas və misilsiz dinamika qazandığını nümayiş etdirir:
"Bu gün keçirilən məhsuldar danışıqların yekunlarına əsasən, qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələri üzrə əhəmiyyətli sazişlər paketini təsdiq etdik. Hörmətli İlham Heydər oğlu, bununla əlaqədar qətiyyətli mövqeyinizə və bütün təkliflərimizi dəstəklədiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm. Əminəm ki, tarixi səfərin nəticələri tərəfdaşlığımızı konkret məzmunla zənginləşdirəcək, birgə layihələr və iki qardaş ölkənin davamlı inkişafı üçün yeni üfüqlər açacaq".
01:21 24.08.2026
Oxunuş sayı: 45