Aydın Hüseynov: Təhsil sistemi siyasi və dini qarşıdurma platforması deyil
Azərbaycanda dövlət məktəblərində geyim qaydalarına dair yeni qərarlar təhsil mühitində vahid standartların tətbiqini və dünyəvilik prinsipinə uyğunluğu yenidən gündəmə gətirib. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarına əsasən, şagirdlərin müəyyən edilmiş geyim formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəsinə yol verilmir. Oktyabrın 6-da isə müəllimlərin geyiminə dair ayrıca tələblər təsdiqlənib. Qərarların tətbiqi fonunda məktəb qaydaları ilə dini etiqad azadlığı və təhsilalanların hüquqları arasındakı münasibət müzakirə mövzusuna çevrilib. Və bu etirazlar əsasən iranmeyilli qüvvələr tərəfindən aparılır. Dövlətin verdiyi qərarı siyasiləşdirərək çaxnaşma yaratmaq nə dərəcədə düzgündür?
Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlamasında bildirib ki, məktəbli geyimi ilə bağlı tələblər dövlətin təhsil sistemində hüquqi və dünyəvi prinsiplərin qorunması baxımından qiymətləndirilməlidir.
“Burada söhbət yalnız məktəbli formasından və yaxud ayrıca dini atributdan getmir. Söhbət dövlətin öz təhsil sistemində hansı hüquqi, dünyəvi və institusional prinsiplərin qüvvədə olacağını müəyyən etmək kimi suveren hüququndan gedir”, - deyə deputat qeyd edib.
Aydın Hüseynovun sözlərinə görə, Azərbaycan qanunvericiliyində ümumi təhsil sahəsində millilik və dünyəvilik əsas prinsiplərdən biri kimi təsbit olunub.
“2026-cı ildə qanunvericiliyə edilmiş dəyişikliklə bu prinsip daha konkret şəkildə müəyyənləşdirilib və dövlət ümumi təhsil müəssisələrində geyim tələblərinə riayət olunması hüquqi norma kimi təsbit edilib. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı da məhz bu qanunvericilik çərçivəsinin tətbiqinə xidmət edir”, - deyə o bildirib.
Deputat vurğulayıb ki, qərarın dinə qarşı addım kimi təqdim edilməsi məsələnin hüquqi mahiyyətini təhrif edir.
“Bu baxımdan qərarı dinə qarşı addım kimi təqdim etmək hüquqi mahiyyəti təhrif edir. Azərbaycanda vicdan və dini etiqad azadlığı dövlət tərəfindən təmin olunur. Eyni zamanda dövlət məktəbinin dünyəvi xarakteri də qorunur. Bunlar bir-birini inkar edən deyil, hüquqi dövlət modelində bir-birini tamamlayan prinsiplərdir”, - deyə Aydın Hüseynov qeyd edib.
Onun sözlərinə görə, atılan addımların əsas məqsədi məktəblərdə bütün uşaqlar üçün vahid, neytral və bərabər təhsil mühiti yaratmaqdır.
“Məsələnin siyasi tərəfi məhz burada başlayır. Hər hansı həssas dini mövzunun məktəbdən çıxarılaraq küçə qarşıdurmasına, siyasi səfərbərliyə və ya dövlət institutlarına qarşı kampaniyaya çevrilməsi artıq təhsil siyasəti müstəvisini aşır. Xüsusilə də hicab mövzusunun manipulyasiya olunaraq ictimai-siyasi gərginlik yaratmaq üçün istifadəsi yolverilməzdir və məktəblər, universitetlər siyasi intriqaların, xarici təsirlərin və radikal çağırışların meydanına çevrilməməlidir”, - deyə deputat bildirib.
Aydın Hüseynov hesab edir ki, uşaqların təhsil hüququ siyasi mübarizənin predmetinə çevrilməməlidir.
“Təhsil sistemi siyasi və dini qarşıdurma platforması olmamalıdır. Məktəb dövlətin gələcək vətəndaşını formalaşdıran strateji institutdur. Ona görə də uşaqların dini-siyasi kampaniyaların iştirakçısına çevrilməsi, onların üzərindən ictimai gərginlik yaradılması və təhsil məkanına kənar ideoloji təsirlərin daşınması yolverilməzdir. Zorakılığa, qarşıdurmaya və qanunsuz hərəkətlərə çağırış qəbul olunmayan hərəkətlərdir. Uşaqların təhsil hüququnu siyasi mübarizənin predmetinə çevirmək olmaz”, - deyə o vurğulayıb.
Deputat əlavə edib ki, Azərbaycanın dövlətçilik modeli dünyəvi idarəçiliklə milli-mənəvi dəyərlərin qarşıdurmasına deyil, onların hüquqi tarazlığına əsaslanır.
“Bu tarazlığı qorumaq isə həm dövlət institutlarının, həm də cəmiyyətin ortaq məsuliyyətidir”, - deyə Aydın Hüseynov fikirlərini yekunlaşdırıb.
Nigar Xəlilli
15:00 12.10.2026
Oxunuş sayı: 59