Müəllimin çantasından çıxanlar polisi şoka salıb
Türkiyənin İzmir şəhərində Alsancak dəmiryolu vağzalında sahibsiz qalan çantadan imtahanlarda köçürmə məqsədilə istifadə edildiyi iddia olunan gizli kameralar, səs cihazları və müxtəlif texniki avadanlıqlar aşkarlanıb.
Crossmedia.az ˝Haber Global˝a istinadən xəbər verir.
Hadisə Konak rayonundakı Alsancak vağzalında şübhəli çanta ilə bağlı polisə daxil olan məlumatdan sonra baş verib. Əraziyə gələn polis əməkdaşları çantanı mühafizəyə götürüb.
Bir müddət sonra çantanın sahibi olduğunu bildirən şəxs vağzala gəlib. Polis tərəfindən saxlanılan 41 yaşlı Mehmet A.-nın çantasında aparılan yoxlama zamanı xüsusi hazırlanmış avadanlıqlar aşkar edilib.
Çantadan 3 fərqli gizli kamera, noutbuk, 2 smartfon, 2 internet paylaşdırıcı cihaz, simsiz qulaqcıqlar, USB çoxaldıcı və çoxsaylı texniki vasitələr tapılıb. Kameraların isə qara rəngli nişanların üzərindəki düymələrin içərisində gizlədildiyi bildirilib.
Araşdırma zamanı Mehmet A.-nın Türkiyənin Milli Təhsil Nazirliyində çalışan müəllim olduğu müəyyən edilib. O, ÖSYM qanununa zidd hərəkət etməkdə şübhəli bilinərək saxlanılıb.
İlkin ifadəsində müəllimin həmin avadanlıqlardan imtahan suallarını əldə etmək və cavabları digər şəxslərə ötürmək məqsədilə istifadə etdiyini dediyi bildirilib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
22:46 22.08.2026
Oxunuş sayı: 59