TDT daha da güclənir, Azərbaycan leytmotivə çevrilir
Türkdilli dövlətlər arasında əlaqələrin möhkəmlənməsində Azərbaycan mühüm və öncül rol oynayır. Xüsusilə mədəniyyət, tarix və dil amilləri Türk dünyasının ortaq dəyərlər ətrafında birləşməsində əsas vasitələrdən biri hesab olunur. Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra Türk dövlətləri ilə münasibətlərin inkişafı istiqamətində atdığı addımlar bu prosesin daha da sürətlənməsinə şərait yaradıb.
Son illərdə bu əməkdaşlıq siyasi və iqtisadi əlaqələrlə yanaşı, hərbi və digər strateji istiqamətləri də əhatə etməyə başlayıb. Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsi və beynəlxalq nüfuzunun artırılması prosesində fəal iştirak edən ölkələrdən biridir. Ekspertlər hesab edirlər ki, ortaq tarix, dil və mədəniyyət Türk dövlətləri arasında inteqrasiyanın əsas dayaqlarındandır. Azərbaycanın bu prosesdəki fəallığı isə Türk dünyasının daha sıx əməkdaşlıq edən güc mərkəzinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Crossmedia.az-a açıqlama verən türkoloq Faiq Ələkbərli bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türk dövlətləri arasında münasibətlərin qurulmasında və Türk birliyinin güclənməsində mühüm rol oynayıb. Onun sözlərinə görə, Azərbaycan bəzi hallarda Türkiyədən sonra, hətta Türkiyəni qabaqlayaraq Türk dövlətlərinin birliyində və təşkilatlanmasında mühüm addımlar atıb: “Məlumdur ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türk dövlətləri arasında qurulan münasibətlərdə, eyni zamanda Türk birliyinin güclənməsində, bununla bağlı yaranan təşkilatlarda, xüsusilə Türk İşbirliyi daxilində və indiki Türk Dövlətləri Təşkilatında çox mühüm rol oynayıb. Azərbaycan bəlkə Türkiyədən sonra, bəzi hallarda hətta Türkiyəni də qabaqlayaraq Türk dövlətlərinin birliyində, təşkilatlanmasında və güclü bir hala gəlməsində çox mühüm addımlar atıb”.
Tarixi ənənələrin də bu prosesdə mühüm rol oynadığını deyən ekspert Azərbaycan türklərinin Türk xalqlarının birliyi məsələsində tarixən önəmli mövqedə olduğunu vurğulayıb: “Bu ənənə, ümumiyyətlə, Azərbaycan türklərinin belə mərkəzi rol oynaması və liderliyi üzərinə götürməsi tarixdən gəlir. Tariximizə baxdıqda görürük ki, həmişə Azərbaycan xalqı, Azərbaycan türkləri Türk xalqlarının birləşməsi, güclənməsi və güclü təşkilatların yaranmasında mühüm rol oynayıb. Biz bu ənənəni indi də davam etdiririk”.
Hazırkı mərhələdə Türk dövlətləri arasında əlaqələrin daha geniş sahələri əhatə etdiyini qeyd edən Faiq Ələkbərli Azərbaycanın bu istiqamətdə fəallığını davam etdirdiyini bildirib: “Yenə də nəinki bölgədə, dünyada Türk xalqlarının, Türk dövlətlərinin birliyinin olması üçün ən çox cəhd göstəririk. Bu, siyasi, iqtisadi, mədəni və digər sahələrdə özünü büruzə verir. Artıq son illərdə müəyyən dərəcədə hərbi sahədə də çox ciddi addımlar atılmaqdadır”.

Ekspertin fikrincə, bu gün Türk dövlətləri birliyi əvvəlki dövrlərlə müqayisədə daha güclü və inkişaf etmiş mərhələdədir. O, Azərbaycanın həmin prosesdə öncül mövqeyini xüsusi qeyd edib: “Ümumiyyətlə, indiki mərhələ Türk dövlətləri birliyinin ən güclü və ən inkişaf etmiş mərhələlərindən biridir. Burada da yenə Azərbaycan öncül rolunu oynayır”.
F.Ələkbərli bildirib ki, Türk dünyasının birliyi yalnız keçmişin ortaq dəyərləri üzərində qurulmamalı, gələcəyə hesablanan siyasi və strateji əməkdaşlıqla da tamamlanmalıdır. Onun sözlərinə görə, tarix, mədəniyyət və dil məsələləri mühüm əhəmiyyət daşısa da, Türk Dövlətləri Təşkilatının beynəlxalq gücünün artırılması da əsas hədəflərdən biridir: “Biz təkcə tarixdə və keçmişdə ilişib qalmırıq. Tarix, mədəniyyət və dil məsələləri, əlbəttə, çox önəmlidir. Ən əsası isə Türk Dövlətləri Təşkilatının təkcə regional deyil, dünyada güclü bir hərbi gücə çevrilməsində də Azərbaycan öz imkanlarını ciddi şəkildə ortaya qoymaqdadır”.
Türk dövlətlərinin güclənməsinin məqsədinin digər dövlətlərə qarşı təhdid yaratmaq olmadığını vurğulayan ekspert əsas hədəfin sülh və təhlükəsizliyin qorunması olduğunu bildirib: “Məqsədimiz bütün hallarda – istər iqtisadi, istər siyasi, hətta hərbi güc olaraq – başqalarına, yəni qeyri-Türk dövlətlərinə güc göstərmək deyil. Sadəcə, bölgədə və dünyada sülhün, əmin-amanlığın qorunması üçün çalışmaqdır. Bu anlamda Azərbaycan və digər Türk dövlətlərinin birliyi özünü müsbət mənada büruzə verir”.
Türk Dövlətləri Təşkilatının gələcək perspektivlərindən danışan Faiq Ələkbərli Azərbaycanın bu istiqamətdə fəaliyyətini davam etdirəcəyinə əmin olduğunu bildirib. O, təşkilatın yalnız regional deyil, beynəlxalq səviyyədə daha güclü mövqeyə sahib olmasının vacibliyini qeyd edib və Azərbaycan Prezidentinin Türk dünyası ilə bağlı mövqeyinə diqqət çəkib: “Artıq bizə bəllidir ki, cənab Prezidentin ifadə etdiyi kimi, bizim dünyada ailəmiz Türk dünyasıdır, Türk aləmidir və biz də bütün gücümüzü məhz bu nöqtədə ortaya qoyuruq. İnşallah, doğrudan da, daha Türk dünyasını, Türk Dövlətləri Təşkilatını güclü bir hala gətirə biləcəyik”.
Nigar Xəlilli
20:50 20.08.2026
Oxunuş sayı: 57