Elektron poçt təhlükəsizliyi niyə vacibdir?
Son dövrlərdə kiberhücumların xarakteri dəyişir və hücumçular yalnız birbaşa sistemlərə müdaxilə etməklə kifayətlənmirlər. İstifadəçi hesablarının ələ keçirilməsi, elektron poçt sistemlərinə qanunsuz giriş və məxfi məlumatların əldə edilməsi qurumlar üçün ciddi kibertəhlükəsizlik riski yaradır. Azərbaycanda bir sıra qurum və təşkilatların istifadəçi hesablarına qarşı eyni vaxtda həyata keçirilən giriş cəhdlərinin aşkarlanması da bu təhlükənin aktuallığını bir daha gündəmə gətirir.
Milli Kibertəhlükəsizlik Agentliyinin məlumatına görə, hücumçular coğrafi məhdudiyyətlərdən yayınmaq və fəaliyyətlərini legitim bağlantı kimi göstərmək üçün xarici IP ünvanlarla yanaşı, Azərbaycan IP-ləri təqdim edən VPN və proksi infrastrukturlarından istifadə edirlər. Məqsəd əsasən “Microsoft 365” və digər e-poçt mühitlərinə icazəsiz daxil olaraq qurumlara məxsus məxfi yazışmaları və həssas məlumatları ələ keçirməkdir.
Mövzu ilə bağlı İKT mütəxəssisi Elvin Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, ilk növbədə bütün korporativ hesablar üzrə çoxamilli doğrulama aktivləşdirilməlidir:
“Koordinasiyalı kiberhücumlar zamanı təşkilatların hədəf alınması adətən bir neçə fərqli nöqtədən eyni anda həyata keçirildiyi üçün müdafiə də təcili və kompleks xarakter daşımalıdır. Hücumların böyük hissəsi sızdırılmış və ya fişinq yolu ilə ələ keçirilmiş istifadəçi məlumatları üzərindən edildiyi üçün ilk növbədə bütün korporativ hesablar üzrə çoxamilli doğrulama mütləq aktiv edilməlidir. Sadə SMS kodları əvəzinə, PUSH bildirişli doğrulama tətbiqləri və ya fiziki təhlükəsizlik açarlarından istifadəyə keçilməlidir”.
Mütəxəssisin sözlərinə görə, bulud sistemlərində girişlərin də ciddi şəkildə nəzarətdə saxlanılması və şübhəli bağlantıların avtomatik bloklanması təmin edilməlidir:
“Microsoft 365 və digər bulud sistemlərində coğrafi giriş məhdudiyyətləri tətbiq olunmalı, ölkə xaricindən və ya anonim şəbəkələrdən daxilolma cəhdləri avtomatik bloklanmalıdır”.
E.Abbasov elektron poçt təhlükəsizliyinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Elektron poçt hücumların əsas giriş qapısı olduğu üçün e-poçt təhlükəsizlik protokolları tam və xətasız sazlanmalıdır. Zərərli keçidləri və fayl əlavələrini istifadəçinin qutusuna çatmadan aşkarlayan süni intellekt dəstəkli filtrləmə alətləri aktivləşdirilməlidir. Sistemə daxil olan şübhəli keçidlərin istifadəçi tərəfindən klikləndiyi anda belə real vaxt rejimində yoxlanılmasını təmin edən təhlükəsizlik mexanizmləri qurulmalıdır”.
İKT mütəxəssisi hesab edir ki, koordinasiyalı hücumların vaxtında aşkarlanması üçün sistem fəaliyyətlərinin mərkəzləşdirilmiş şəkildə monitorinqi də vacibdir:
“Koordinasiyalı hücumları anında müəyyən etmək üçün bütün sistem fəaliyyətləri mərkəzləşdirilmiş monitorinq sistemlərinə inteqrasiya olunmalı, qeyri-adi saatlarda hesabların aktivləşməsi və ya kütləvi daxilolma cəhdləri kimi anomaliyalar qeydə alındıqda, sistem həmin hesabları avtomatik dondurmalıdır”.
O, həmçinin təşkilatlarda sıfır etibar prinsipinin tətbiqinin və şəbəkənin seqmentlərə bölünməsinin vacibliyini qeyd edib:
“Qurumlar şəbəkə daxilindəki hər bir istifadəçiyə və cihaza sıfır etibar prinsipi ilə yanaşmalıdır. Bir hesab ələ keçirilsə belə, hücum edənin digər daxili sistemlərə və məxfi sənədlərə rahat keçid edə bilməməsi üçün istifadəçi hüquqları minimuma endirilməli və şəbəkə ciddi şəkildə seqmentlərə bölünməlidir”.
E.Abbasov sonda əməkdaşların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsinin də texniki tədbirlər qədər əhəmiyyətli olduğunu bildirib:
“Əməkdaşların ayıq-sayıqlığını artırmaq üçün təcili kibergigiyena xəbərdarlıqları edilməli, daxili sınaqlar keçirilməli və hər bir əməkdaş şübhəli bir doğrulama sorğusu gördükdə bunu hansı kanalla İT komandasına bildirməli olduğunu dəqiq bilməlidir. Yalnız texniki sədlər, avtomatlaşdırılmış monitorinq və insan diqqətinin eyni anda birləşməsi koordinasiyalı hücumların qarşısını ala bilər”.
Nigar Xəlilli
20:30 20.08.2026
Oxunuş sayı: 51