Alla Bayramova: Niyazi bizim ürəyimizdədir
Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci il avqustun 20-də anadan olub, 1984-cü il avqustun 2-də vəfat edib. Görkəmli dirijor və bəstəkarın vəfatından 40 ildən artıq vaxt keçməsinə baxmayaraq, onun zəngin yaradıcılıq irsi Azərbaycan musiqi mədəniyyətinin tarixində özünəməxsus və mühüm yer tutur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Crossmedia.az-a açıqlamasında Niyazinin Azərbaycan musiqi mədəniyyətindəki rolundan danışıb:
“Niyazinin böyük dirijor və misilsiz, bəstəkar kimi böyük xidmətləri olub. O, ən yüksək mükafatlara layiq görülüb. Həm SSRİ Xalq artisti, həm Sosialist Əməyi Qəhrəmanı, həm Cəvahirləl Nehru adına mükafatın laureatı, həm də bir sıra böyük dövlət mükafatlarının laureatı olub”.
Alla Bayramova qeyd edib ki, Niyazinin Azərbaycan musiqisinin inkişafındakı xidmətləri yalnız öz yaradıcılığı ilə məhdudlaşmayıb. Onun mühüm xüsusiyyətlərindən biri də gənc istedadları vaxtında görməsi və onların gələcək potensialını düzgün qiymətləndirməsi olub:
“Onun Azərbaycan musiqisinin inkişafında rolu böyükdür. Çünki onun belə bir xüsusiyyəti var idi ki, o, cavan istedadları tapmağı, onların gələcəkdə böyük musiqiçilərə, tanınmış sənətkarlara çevriləcəyini hiss edirdi. Məsələn, Fidan və Xuraman Qasımova bacıları, Frəngiz Əlizadə, Lütfiyar İmanov və başqaları”.
Muzey direktoru bildirib ki, 1994-cü ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı kimi Niyazinin mənzil-muzeyi fəaliyyətə başlayıb. Onun sözlərinə görə, həmin mərasimdə Ümummilli Lider Heydər Əliyev də iştirak edib və Niyazi ilə bağlı xatirələrini bölüşüb:
“1994-cü ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı kimi Niyazinin mənzil-muzeyi açılmışdı. Ümummilli Lider Heydər Əliyev özü də tədbirdə iştirak edib və xatirələrini bölüşüb. Biz fəxr edirik və çox şadıq ki, bizə Niyazinin irsi ilə işləmək, onun evini mədəniyyət ocağına çevirmək qismət olub”.
Alla Bayramova vurğulayıb ki, mənzil-muzeyində Niyazinin dövründən qalan ənənələri davam etdirməyə çalışırlar. O qeyd edib ki, bu ev yalnız Azərbaycan ziyalılarının deyil, keçmiş Sovet İttifaqının müxtəlif respublikalarından və xarici ölkələrdən gələn musiqiçilərin də görüş yeri olub:
“Çünki orada təkcə Azərbaycan ziyalıları, intellektual insanlar yox, bütün Sovet İttifaqından və xarici ölkələrdən musiqiçilər, mədəniyyət işçiləri qonaq olublar. İndiyə qədər də bura gəlirlər. Məsələn, hər il Fransadan, Türkiyədən və digər ölkələrdən musiqiçilər, dirijorlar gəlirlər. Çünki onların Niyazi haqqında çox gözəl xatirələri var və Niyaziyə böyük hörmət bəsləyirlər”.
Nigar Xəlilli
12:35 20.08.2026
Oxunuş sayı: 54