Cahangir Səlimxanov: Xan Şuşinski hər bir muğam ifaçısı üçün müəllim və örnəkdir
Bu gün Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, dahi musiqiçi Xan Şuşinskinin anadan olmasının 125-ci ildönümüdür. Bu əlamətdar tarix münasibətilə mədəniyyət xadimləri və musiqiçilər sənətkarın məzarını ziyarət edərək onun əziz xatirəsini yad ediblər.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov Crossmedia.az-a açıqlamasında Xan Şuşinskinin Azərbaycan muğam sənətindəki əvəzsiz rolundan danışıb:
“Bu gün dahi musiqiçi, Azərbaycan muğamının ən parlaq simalarından biri olan Xan Şuşinskinin 125 illiyidir. Bu vəsilə ilə bu gün onun məzarında toplaşan mədəniyyət xadimləri, musiqiçilər, Azərbaycan xalqının kiçik bir hissəsi olaraq, bütün xalq adından öz dərin hörmətimizi, sevgimizi, sayğımızı bildirir dahi musiqiçiyə rəhmət diləyirik”.
Cahangir Səlimxanov qeyd edib ki, Xan Şuşinskinin sənət irsi yalnız onun yaşadığı dövrlə məhdudlaşmır, gənc nəsil üçün də mühüm örnək olaraq qalır:
“Onun konsertləri, televiziyadakı çıxışları mənim yadımdadır. İndi hətta gənc nəsil də Xan Şuşinskini özü üçün Azərbaycan muğamının bir rəmzi kimi qəbul edib. Çünki doğrudan da bu sənətkar muğamın həm olduğu kimi qorunub saxlanılmasında, həm də inkişafında böyük xidmət göstərib”.
Nazir müşaviri vurğulayıb ki, Xan Şuşinski muğam ifaçıları üçün sənət məktəbi və örnəkdir:
“Onu hər bir Azərbaycan muğam ifaçısı özü üçün bir müəllim, örnək bilir”.
Nigar Xəlilli
11:04 20.08.2026
Oxunuş sayı: 62