Paltosundan vaz keçdi, ferma aldı: 20 il sonra isə onu təbiət qoruğuna çevirdi
ABŞ-nin Vermont ştatında yaşayan Kristin Hayrs 1944-cü ildə bahalı xəz palto almaq üçün topladığı pulları tamamilə fərqli məqsədə xərcləyib.
Crossmedia.az xəbər verir ki, “Times of India”nın məlumatına görə, Hayrs ilk dəfə istirahət üçün Vermont ştatına gəlib və buranın təbiət mənzərələrinə heyran olaraq burada mülk almağa qərar verib.
O, xəz palto üçün yığdığı pulla 61 hektarlıq südçülük ferması alıb.
Qadın təxminən 20 il ərzində fermadan yay evi kimi istifadə edib. Lakin zaman keçdikcə torpağın satılıb tikinti ərazisinə çevrilməsinin qarşısını almaq qərarına gəlib.
1964-cü ildə Hayrs mülkü Qrin-Mauntin Ornitoloji Cəmiyyətinə bağışlayıb. Təşkilat ərazini təbiətin qorunması, ekoloji maarifləndirmə və ictimai ziyarət üçün nəzərdə tutulan məkana çevirib.
Hazırda vaxtilə 61 hektar olan ərazi 103 hektara qədər genişlənib. Burada ziyarətçilər üçün 8 kilometr uzunluğunda piyada yolları salınıb. İnsanlar həmin ərazidə təbiəti müşahidə edə və yerli ekosistemləri öyrənə bilirlər.
Qoruğun ərazisində quşlar üçün əlverişli ağcaqayın meşəsi də yerləşir. Burada təsərrüfat fəaliyyəti ilə təbiətin qorunması arasında balans yaradılıb.
02:20 20.08.2026
Oxunuş sayı: 55